Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. I fəsil

MUSA QAMIŞLIQDA 

Əgər siz "Tom Soyyerin macəraları" adlı kitabı oxumayıbsınızsa, onda mənim haqqımda heç bir şey bilmirsiniz, amma bu elə bir bəla deyildir. Həmin kitabı mister Mark Tven yazmışdır və ümumiyyətlə desək, o qədər də yalan söyləməmişdir. O bir para şeyləri özündən toqquşdurmuş, amma hər şeyi olduğu kimi nağıl etmişdir. Bunun zərəri yoxdur. Mən Polli xaladan, dul qadından, bir də ki, Meridən başqa elə bir adam görməmişəm ki, heç yalan danışmasın. Bu kitabda Tom Soyyerin xalası Polli xaladan, Meri və dul qadın Duqlasdan nağıl edilir, bunların hamısı, demək olar ki, həqiqətdir, yalnız bəzi para yerlərdə yalan söylənilir ki, bu haqda da mən artıq demişəm. 

 

Kitab isə belə qurtarır: Tom ilə birlikdə qarətçilərin mağarada basdırdıqları pulları tapdıq və varlanıb dövlətli olduq. Bizim hərəmizə altı min dollar, hamısı da qızıl çatdı. O qədər çox pul idi ki, adam baxmağa da qorxurdu. Məhkamə hakimi Tetçer bütün bu pulu götürüb banka qoydu, biz də hər gün hərəmiz bir dollar almağa başladıq, beləcə də il boyu - amma bilmirəm ki, bu qədər pulu kim xərcləyib qurtara bilər? Dul qadın Duqlas məni oğulluğa götürdü və mənə tərbiyə verəcəyini vəd etdi, amma onun evində mənim üçün o qədər də yaxşı keçmirdi: o hər cür qayda və ədəb-nəzakət sözlərilə zəhləmi tökmüşdü ki, buna dözmək belə olmurdu. Axırda mən baş götürüb qaçdım. Yenə öz köhnə paltarlarımı geydim, boş qənd çəlləyinin içinə girib sərbəst həyata qovuşduğum üçün sevinməyə başladım. Ancaq Tom Soyyer axtarıb məni tapdı və dedi ki, quldur dəstəsi toplayır. Əgər dul qadının yanına qayıtsam və özümü yaxşı aparsam, o, məni də bu dəstəyə qəbul edəcəkdir. Mən də qayıtdım. 

 

Dul qadın məni görüb ağladı, mənə yazıq, azmış quzu və hər cür başqa sözlər dedi; amma, aydındır ki, fikrində hec bir pis niyyəti yox idi. O mənə yenə başdan-ayağa təzə paltarlar geydirdi və mən yenə də tərləməyə, bütün günü əlqolu bağlı adam kimi gəzməyə başladım. Beləliklə, hər şey köhnə qayda ilə getməyə başladı. Axşam yetməyinin vaxtı çatanda dul qadın zəng çalırdı, bu zaman heç vəchlə gecikə bilməzsən, mütləq vaxtında gəlməlisən. Stol arxasında oturduqdan sonra isə birdən-birə yeməyə başlaya bilməzsən, gərək durub dul qadının başını əyməsini və nahar üstündə bir qədər donquldamasını gözləyəsən, nahar isə onsuz da pis olmurdu; bir şey pis idi ki, hər şey öz-özünə bişirdi. Zibil vedrəsində hər cür gəmirilmiş, qabaqdan qalan şeylər tez- tez olurdu. Bəzən onların bir-birinə yaxşıca qarışdırırsan, onlar xörəyin suyunda islanır və boğazdan rahat keçirdi...

 

Elə həmin gün axşam yeməyindən sonra dul qadın qalın bir kitab götürüb qamışlıqdakı Musa haqqında mənim üçün oxumağa başladı, mən maraqdan az qala partlayırdım, işin necə qurtaracağını çox səbirsizliklə gözləyirdim; dul qadın birdən dedi ki, bu Musa çox-çox bundan əvvəllər ölmüşdür, mənim də o saat marağım qaçdı, eh, mənim ölülərlə nə işim var! 

 

Tezliklə mən tütün çəkmək həvəsinə düşdüm və bunun üçün dul qadından icazə istədim. Lakin o icazə vermədi, dedi ki, bu axmaq adətdir və olduqca pis şeydir, mən gərək onu tərgidəm. Belə adamlar var da! Heç təsəvvürləri belə olmadıqları bir şeyin üstünə möhkəmcə düşürlər. İndi bu dul qadın da heç qohumu deyil, bir də ki, özünüz bilirsiniz, çoxdan ölüb gedən və heç kimə lazım olmayan Musadan yapışıb əl çəkmək bilmir, məni isə, tütün çəkmək xoşuma gəldiyi üçün danlayıb söyür. Özü isə, tütünü iyləyir, bunun eybi yoxdur, ona olar. 

 

Onun bacısı, eynəkli cılız adam olan miss Uotson elə bu vaxt onun yanına köçdü və o saat əlifba kitabı ilə zəhləmi tökdü. O bir saata qədər məni danladı, axırda dul qadın ona dedi ki, məni dinc buraxsın. Mən onsuz da daha dözə bilməzdim. Sonrakı bir saat çox darıxdırıcı idi. Odur ki, mən stulun üstündə oturub hey qurdalanırdım. Miss Uotson isə məndən əl çəkmirdi. Gah "Heklberri, ayaqlarını stulun üstünə qoyma"; gah: "Heklberri, stulu belə cırıldatma, dinc otur"; gah da "Heklberri, əsnəyib gərnəşmə, özünü əməlli-başlı apar", deyirdi. Sonra o, cəhənnəm haqqında danışmağa başladı, mən isə durub dedim ki, oraya getmək çox yaxşı olardı. O, hirslənib özündən çıxdı, mən isə heç pis fikirdə deyildim, yalnız qaçıb bir yana getmək istəyirdim, onların yanında qalmaq lap zəhləmi tökmüşdü, haraya qaçmağın isə mənim üçün fərqi yox idi. Miss Uotson dedi ki, mən çox axmaq bir iş etmişəm, onun özü heç vəchlə belə bir söz deməzmiş və o cənnətə düşmək üçün günah işlətməməyə çalışır, Amma mən onun düşmək istədiyi yerə düşməkdə heç bir yaxşı şey görmürdüm, odur ki, buna çalışmamağı da qət etmişdim. Amma onlara hec nə demədim, çünki bunun baş ağrısından başqa onsuz da heç bir mənası olmayacaqdı. 

 

Bu vaxt o, cənnət haqqında danışmağa başladı, indi gözlə ki, qurtaracaq. Guya orada heç bir iş görmək lazım deyil, ömrünün axırınacan bütün  günü əlində arfa gəzib oxuyacaqsan. Nə isə mənim o qədər də xoşuma gəlmədi. Amma bunu da demədim. Ancaq bunu soruşdum ki, onun fikri necədir. Tom Soyyer oraya düşərmi? O isə belə dedi: "Yox, heç cür düşə bilməz". Mən çox sevindim, çünki onunla birlikdə olmaq istəyirdim. 

 

Miss Uotson yenə də mənə irad tuturdu, axırda məni lap bezikdirdi və darıxmağa başladım. Bir az sonra zənciləri otaqlara çağırıb ibadətə başladılar, ondan sonra isə yıxılıb yatdılar. Mən yanan şamı götürüb yuxarıya, öz otağıma qalxdım; pəncərənin qabağında oturub şən bir şey haqqında düşünməyə başladım, ancaq heç nə çıxmadı; məni elə qüssə bürüdü ki, az qala bağrım çatlayacaqdı. Ulduzlar parıldaşır, ağacların yarpaqları qəmgin-qəmgin xışıldayırdı; haradasa, çox uzaqlarda yapalaq ulayırdı, yəqin ki, kimsə ölmüşdü; çoban aldadanın çığırtısı, itlərin səsi eşidilirdi, deməli, tezliklə kim isə öləcəkdi. Külək də hey pıçıldayırdı, mən onun nə pıçıldadığını heç cür başa düşə bilmirdim, qorxudan bədənimə vicvicə düşmüşdü. Sonra meşədə, kimsə ürəyindəkini deməyə can atan və bunu başa sala bilmədiyi üçün qəbirdə sakit yata bilməyib gecələr gəzişən və qüssələnən bir ruh kimi inildədi. Mən bərk qorxur və darıxırdım, yanımda bir adamın olmasmı istəyirdim... Bu vaxt hörümçək də çiynimə düşdü. Mən çırtma ilə onu vurub düz şamın üstünə saldım və bir göz qırpımında onun bütünlüklə necə mur-mucul olduğunu gördüm. Mən özüm də bildim ki, bu yaxşı əlamət deyil, bundan pisi olmur, buna görə də bərk qorxdum, ürəyim yerindən qopdu. Tez ayağa qalxdım, üç dəfə dabanım üstə fırlanıb, hər dəfə də xaç çəkdim, sonra sap gotürüb cinləri yadımdan çıxarmaq üçün saçımın bir topasını ayırıb ona sarıdım. Ancaq bu da məni sakit eləmədi. Bu, nal tapıb onu qapının başına vurmaq əvəzinə itirdikda çox kömək edir; ancaq hörümçəyi öldürdüyün vaxt bu yolla bəladan qurtarmağı eşitməmişdim. 

 

Bədənimə titrətmə düşdü. Mən yenə əyləşib trubkanı əlimə götürdüm; ev indi lap sakit idi, deməli, dul qadın heç nədən xəbər tutmayacaqdı. Xeyli vaxt gəlib keçdi; mən şəhərdə, uzaq biryerdə saatın on ikini vurduğunu eşitdim. Bundan sonra yenə sakitlik çökdü, indi əvvəlkindən də sakit idi. Bir az sonra qaranlıqda ağac budaqlarından birinin xışıldadığını eşitdim, orada nə isə tərpənirdi. Mən qımıldanmadan oturub qulaq asmağa başladım. Elə o saat kim isə lap yavaşcadan miyoldadı: "Miyo, Miyo". Çox qəribə iş idi. Mən də mümkün qədər yavaşca miyoldadım: Miyo, miyo", sonra isə şamı söndürüb pəncərədən anbarın damına qalxdım. Oradan sürüşərək yerə düşüb ağacların altında gizləndim. Zənnim məni aldatmamışdı. Tom Soyyer məni gözləyirdi.