Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. IV fəsil

Bax, beləcə, üç, ya dörd ay keçdi, qış artıq çoxdan başlamışdı. Mən, demək olar ki, hər gün məktəbə gedirdim, sözləri bir-birinə qoşmaq, oxumaq və bir qədər də yazmaq öyrənmişdim, vurma cədvəlini - altı dəfə yeddi edər otuz beş, - bura qədər əzbərdən bilirdim, gerisini isə, elə bilirəm ki, lap yüz il də oxusam, heç vaxt öhdəsindən gəlməyəcəyəm. Mənim ümumiyyətlə, riyaziyyata həvəsim yoxdur.


Mənim əvvəllər bu məktəbdən zəhləm gedirdi. Sonra isə pis olmadı, yavaş-yavaş alışmağa başladım. Lap zəhləmi tökən vaxtlarda dərslərdən qaçırdım, o birisi gün isə müəllim məni çubuqla döyürdü; bu mənim xeyrimə idi, məni yaman qıvraqlaşdırırdı. Məktəbə nə qədər çox gedirdimsə, mənim üçün bir o qədər də asan olurdu. Dul qadının yanında da bütün qayda-qanunlara yavaşyavaş alışdım, bir növ öyrəşdim. Hər şeydən çətini evdə yaşamağa və çarpayıda yatmağa alışmaq idi; ancaq soyuqlar düşənədək mən yenə də bəzən evdən qaçır və gedib meşədə yatırdım, bu da istirahət kimi bir şey idi. Köhnə həyat daha çox xoşuma gəlirdi, ancaq təzə həyata da alışırdım, bu hətta mənim xoşuma da gəlməyə başlamışdı. Dul qadın deyirdi ki, mən tədricən düzəlirəm və özümü bir
o qədər pis aparmıram. Deyirdi ki, məndən ötrü daha utanıb qızarmalı olmur.


Bir dəfə necə oldusa, səhər yeməyindən sonra bilməyərəkdən toxunub nəməkdanı dağıtdım. Cəld duzdan bir çimdik götürdüm ki, sol çiynimin üstündən atıb bəlanı özümdən uzaq edim, ancaq bu vaxt miss Uotson tərs kimi gəlib çıxdı və məni dayandırıb dedi: "Heklberri, əllərini yanına sal! Sən həmişə hər yanı zibilləyirsən!" Dul qadın mənə tərəfkeş çıxdı, ancaq gec idi, bəlanı onsuz da uzaqlaşdırmaq mümkün deyildi, bunu çox gözəl bilirdim. Mən evdən çıxanda özümü çox pis hiss edirdim, hey fikirləşib başımı sındırırdım ki, görəsən bu bəla harda başıma gələcək və necə bəla olacaq. Bəzi hallarda bəlanı uzaqlaşdırmaq olur, ancaq bu elə hall deyildi - mən bir şey etməyə çalışmırdım, eləcə çox məyus bir halda şəhəri dolaşıb bəlanı gözləyirdim.


Mən bağçaya çıxdım, daş pilləkənlərlə yuxarı qalxaraq taxta hasarın o tayına düşdüm. Yerdə bir düyümdən  çox, yenicə yağmış qar var idi, birdən mən qarın üstündə ləpir gördüm: kim isə daş karxanasından gəlib basardakı çıxış yolunun yanında bir qədər ayaq döymüş, sonra yoluna davam edib getmişdi. Hasarın yanında bu qədər dayanıb bağçaya dönməməsi çox qəribə idi. Nə isə, çox qəribədir... Ləpirin izinə düşüb getmək istədim, amma əvvəlcə əyildim ki, onu yaxşıca nəzərdən keçirim. Qabaqca gözümə elə bir şey dəymədi, sonra isə gördüm ki, cin-şeytanı uzaqlaşdırmaq üçün sol dabana böyük mıxlardan bir xaç vurulmuşdur. Mən bir anın içərisində dağdan endim. Arabir boylanıb ardımca baxırdım, amma heç kim görünmürdü. Mən qaçaraq özümü məhkəmə hakimi Telçerin yanına yetirdim.
- Əzizim, sənin lap nəfəsin kəsilib, - deyə o dilləndi. - Sən faizlər üçünmü gəlmisən?
- Yox, ser, - dedim. - Məgər mənə çatacaq bir şey var?
- Bəli, mən dünən axşam yarım il üçün yüz əlli dollardan artıq almışan. Sənin üçün xeyli puldur. Yaxşısı budur mən bunları da qalan altı minin yanına qoyum, yoxsa alsan, xərcləyib qurtararsan.


- Yox, ser, - dedim, - mən onları xərcləmək istəmirəm. Mənə heç nə lazım deyil, nə altı min, nə başqası. Mən istəyirəm ki, onları siz özünüz üçün götürəsiniz, altı mini də, qalanlarını da.


O məəttəl qaldı, görünür, məsələnin nə yerdə olduğunu anlamadığı üçündür ki, soruşdu:
- Necə yəni? Sən bununla nə demək istəyirsən?
- Xahiş edirəm məndən heç nə soruşmayasınız. Yaxşısı budur, mənim pullarımı özünüz üçün götürün... Götürərsinizmi?
O dedi:
 - Doğrusu, bilmirəm ki, sənə nə deyim... Bəs, bir de görüm, axı nə olub?
- Xahiş edirəm, onları özünüz üçün götürün, - deyə mən cavab verdim, -məndən heç bir şey soruşmayın, onda mən yalan danışmalı olmaram.


Məhkəmə hakimi fikrə getdi, sonra isə dedi:
- Hə, hə! Deyəsən başa düşürəm. Sən öz pulunu mənə bağışlamaq yox, güzəşt etmək istəyirsən. Bax, bu doğru işdir.
Sonra o, kağızda nə isə yazdı, ürəyində oxuyub dedi:
- Bax, görürsənmi, burda belə deyilir: "Əvəzi verildiyi üçün". Bu o deməkdir ki, mən sənin pullarını alıb əvəzini də sənə vermişəm. Al bu dollar da sənin. İndi qol çək.


Mən qol çəkib getdim.


Miss Uotsonun zəncisi Cimin tükdən qayrılmış yumruq boyda bir şarı var idi; o bu şan buğanın qursağından çıxarmışdı, indi onunla fala baxırdı. Cim deyirdi ki, guya şarın içində bir cin əyləşib, bu cin hər şeyi bilir. Buna görə də mən axşam Cimin yanına gedib ona nağıl etdim ki, atam yenə buradadır, mən onun ləpirini qarın üstündə görmüşəm. Mən onun nə etmək fikrində olduğunu və burada qalıb-qalmayacağını bilməli idim. Cim şarı gətirdi, ona nə isə pıçıldadı, sonra onu yuxarıya atdı. Şar daş parçası kimi yerə düşdü və bir düyüm diyirləndi.


Cim bir neçə dəfə belə elədi; yenə də elə əvvəlkinin eyni oldu. Cim dizləri üstə çöküb qulağını şara dayayaraq qulaq asmağa başladi. Amma heç bir faydası olmadı. Cim dedi ki, şar danışmaq istəmir. Bəzən olur ki, şar, pulsuz heç vəchlə danışmır. Mənim yanımda dörddə bir dollarlıq köhnə və heç bir şeyə yaramayan qəlp pul var idi, onun gümüşü yeyildiyindən misi üzə çıxmışdı; ancaq bunsuz da onu işə vermək olmazdı — olduqca kirlənmişdi; o dəqiqə işin nə yerdə olduğunu başa düşmək olurdu. (Belə qət etdim ki, məhkəmə hakiminin mənə verdiyi bir dollar haqqında heç nə deməyim). Mən dedim ki, pul pis puldur, amma, bəlkə şar onu götürdü, axı onun üçün nə fərqi var. Cim onu iylədi, dişlədi, silib söz verdi, elə elsin ki, şar onu əsl pul kimi qəbul etsin. Çiy kartofu yarıya bölüb, pulu onun içinə qoyaraq bütün gecəni saxlamaq lazımdır; səhər mis artıq görünməyəyək və pul kirli olmayacaq, belə ki, onu nəinki tükdən qayrılmış şar, lap şəhərin özündə belə hər bir kəs məmnuniyyətlə götürər. Mən əvvəllər də bilirdim kı, kartof belə hallarda kömək edir, ancaq bunu yadımdan çıxartmışdım.


Cim pulu şarın altına qoyub yerə yataraq, yenə qulaq asmağa başladı. Bu dəfə hər şey öz qaydasında idi. O dedi ki, indi əgər istəsəm, şar bütün talemi mənə əvvəlcədən söyləyə bilər. "Di başla" – dedim - Şar Cimə pıçıldamağa, o da mənə nağıl etməyə başladı:
- Sizin atanızın özü belə bilmir ki, nə etsin. Gah fikirləşir qalsın, gah da fikirləşir getsin. Ən yaxşısı budur, heç nə barədə narahat olmayasan, qoy qoca özü qət etsin ki, nə etməlidir. Onun yanında iki mələk vardır.


Biri tamam ağdır, işıq saçır, o birisi isə qapqaradır. Ağ mələk ona xeyirxahlıq öyrədir, öyrədır, sonra isə qara mələk uçub gələrək bütün işləri korlayır. Hələlik demək olmaz ki, ən axırda hansı üstün gələcəkdir. Həyatda sizin başınız çox bəlalar çəkəcək, xoş günləriniz də çox olacaqdır. Bəzən məğlub da olacaqsınız, xəstə də olacaqsınız, amma axırda hamısı keçib gedəcəkdir. Həyatınızda iki qadın qarşınıza çıxacaqdır. Biri sarıyanız, o biri qarayanız. Biri varlı, o birisi isə yoxsul. Siz əvvəlcə yoxsulla evlənin, sonra isə varlıyla. Başınıza bir iş gəlməsin deyə, sudan mümkün qədər uzaqda olun, çünki sizin alnınıza yazılıb ki, ömrünüzü dar ağacında başa vuracaqsınız.


Mən axşam gəlib öz otağıma girərək işığı yandırdıqda gördüm ki, atam orada oturmuşdur!