Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. V fəsil

Mən qapını ardımca örtdüm. Sonra dönüb baxdım, o - atam burada idi. Mən həmişə ondan qorxurdum, o məni yaman bərk döyürdü. Mənə elə gəldi ki, indi də qorxdum, sonra isə gördüm ki, səhv etmişəm, daha doğrusu əvvəlcə, əlbəttə, əməlli-başlı sarsılmışdım, onun gözlənilməz gəlişindən hətta nəfəsim belə təng olmuşdu, ancaq mən birdən-birə özümü ələ aldım və gördüm ki, qətiyyən qorxmuram, hətta bu haqda heç danışmaq da lazım deyil. 

 

Atamın əlliyə yaxın yaşı vardı, görkəmcə də bundan az yaşlıya oxşamırdı. Onun daranmamış uzun, çirkli saçları pırtlaşıq halda üzünə tökülmüşdü, yalnız gözləri bunların arasından parıldayır, elə bil ki, kolların arasında işıq saçırdı. Saçları qara idi, bir dənə də ağ saçı yox idi; səliqəsiz bakenbardları da qara idi. Saçlarından demək olar ki, görünməyən üzündə bir damcı belə qan yox idi, tamam solğun idi, amma başqa adamlarınkı kimi solğun deyildi, elə idi ki, adam baxanda həm qorxur, həm də ürəyi bulanırdı, balıq, yaxud qurbağanın qarnına oxşayırdı. Üst-başı isə tamam cırcındırdı, sağ yeri yoxdu. O, bir ayağını, o birinin üstünə aşırmışdı; həmin ayağındakı uzunboğaz çəkmə cırıqdı, oradan iki barmağı görsənirdi, o, arabir bu barmaqlarını tərpədirdi. Şlyapası elə buradaca döşəmənin üstündə idi, qıraqları enli, ortası çökək bu köhnə, qara şlyapa lap qapaqlı qazana oxşayırdı.


 
Mən dayanıb ona baxırdım, o da stulda yavaşca yırğalana-yırğalana mənə baxırdı. Mən şamı döşəmənin üstünə qoydum. Baxıb gördüm ki, pəncərə açıqdır, deməli, o əvvəlcə anbara, oradan isə otağa girmişdi. O məni başdan-ayağadək süzüb dedi: 
- Buna bax, gör nə geyinib-keçinib! Yoxsa elə bilirsən ki, çox matah bir şeysən, eləmi? 
- Bəlkə də bilirəm, bəlkə də yox, - deyə cavab verdim. 
- Bura bax, başından böyük danışma, - deyə o dilləndi. 
- Mən burda olmayanı çox sarsaqlamısan! Mən səninlə yaxşı bacararam, lovğalıq nə olduğunu sənə göstərərəm! Mənimçün oxumuş olub, deyirlər yazmaq, oxumaq bilirsən. Elə fikirləşirsən ki, atan bisavad olduğu üçün indi sənin ayağının altı da deyil? Mən bunları sənin beynindən vurub çıxararam. De görüm, sarsaq alicənablığı sənə kim öyrədib? De görüm sənə bunu kim öyrədib? 


- Dul qadın öyrədib. 
- Dul qadınmı? Hə, belə de. Bəs o dul qadına kim icazə verib ki, burnunu özgə işinə soxsun? 
- Heç kim icazə verməyib. 
- Yaxşı, mən ona göstərərəm, lazım olmayan işə burnunu soxmaq nə deməkdir! Sən isə məktəbi burax getsin, eşidirsənmi? Bax, mən onlara göstərərəm. Uşağı doğma atasının qabağında burnunu dik tutmağa öyrədiblər, gör bir nə lovğa olub? Əgər mən səni bir də o məktəbin həndəvərində dolaşan görsəm, onda özün bil. Sənin anan nə oxumaq, nə də yazmaq bilirdi, eləcə də bisavad öldü. Sənin bütün qohumların da eləcə bisavad ölübgediblər. Mən nə oxumaq, nə də yazmaq bilirəm, amma sən, bir buna bax, gör bir nə moda ilə geyinib-keçinib. Mən elə adam deyiləm ki, buna dözə biləm, eşidirsənmi? Di oxu görüm, mən qulaq asacağam. 

 

Mən kitabı götürüb general Vaşinqton və müharibə haqqında nə isə bir şey oxumağa başladım. Heç yarımca dəqiqə belə keçməmiş o kitaba bir yumruq vurdu, kitab otağın o biri başına düşdü. 
- Doğrudur. Sən oxuya bilirsən. Mən isə bir qədər inanmırdım. Bura bax, bu lovğalanmaqdan əl çəkməlisən, mən buna dözə bilmərəm. Modabazın biri modabaz, bax, güdəcəyəm, əgər səni o məktəbin yanında tutsam, dərini soyacağam. Səni elə əzişdirəcəyəm ki, ayılıb özünə gələ bilməyəcəksən! Yaxşı oğulsan, söz ola bilməz!

 

O, bir oğlan uşağının inəklərlə birlikdə çəkilmiş şəklini götürdü. Şəkil sarı və göy rənglə işlənmişdi. O soruşdu: 
- Bəs bu nədir? 
- Bunu mənə yaxşı oxuduğum üçün veriblər. O, şəkli iki yerə bölüb dedi: 
- Mən də sənə bəzi şeylər verəcəyəm: yaxşıca qayış zərbələri. O, bir xeyli vaxt dodağının altında donquldanıb çərənlədikdən sonra dedi: 
- Bir buna bax, gör nə ərköyün olub! Çarpayısı da var, döşəkağısı da, güzgüsü də, yerdə xalçası da, doğma atası isə dəri zavodunda donuzlarla yanaşı yıxılıb yatmalıdır. Yaxşı oğulsan, söz ola bilməz! Nə isə, mən səninlə yaxşı bacararam, bütün gicliyini vurub sənin başından çıxararam! Bir buna bax, matah şey olub, varlanıb deyirlər. Hə? Axı nə yolla varlanıbsan? 


- Hamısını yalan deyirlər, bax bu yolla. 
- Bura bax, necə cəsarət edib mənimlə belə danışırsan? Mən dözmüşəm, çox dözmüşəm, bundan belə isə dözməyə halım yoxdur, buna görə də mənimlə kobud danışıb eləmə. İki gün şəhərdə olmuşam, eşitdiyim elə sənin var-dövlətln haqqında olub. Çayın aşağı tərəflərində də bu haqda eşitmişəm. Elə buna görə də durub gəlmişəm. Sən bu pulları sabahacan tap gətir, mənə pul lazımdır. - Məndə heç bir pul yoxdur! 
- Yalan deyirsən! Pulların məhkəmə hakimi Tetçerdədir. Get götür. Mənə pul lazımdır. 
- Sizə deyirlar ki, məndə heç bir pul yoxdur. Məhkəmə hakimi Tetçerdən soruşun, o da sizə belə cavab verəcək. 
- Yaxşı, mən ondan soruşaram... Mən onu məcbur edərəm ki, desin. O məni dilə tutarsa ona göstərərəm. De görüm, cibində nə qədər var? Mənə pul lazımdır. 
- Cəmisi bir dollardır, bu da mənim özümə lazımdır. 
- Mənə nə var ki, sənə lazımdır. Ver bura, qurtardı getdi. O, pulu alıb dişlədi ki, görsün qəlpdir, ya yox, sonra isə dedi ki, şəhərə gedib özü üçün viski almalıdır, yoxsa bütün günü ağzına bir damcı da dəyməyib. O anbarın damına çıxdı, lakin yenidən başını pəncərəyə soxub məni söyməyə başladı ki, mən qudurmuşam və doğma atamı belə tanımaq istəmirəm. Sonra mən elə düşündüm ki, çıxıb getdi, o isə yenə qayıtdı və tapşırdı ki, məktəbi atım, əgər atmasam, məni güdüb möhkəmcə əzişdirəcəkdir. 

 

Sabahısı gün atam sərxoş oluncayadək içib məhkəmə hakimi Tetçerin yanına getdi, onu söyüb tələb etdi ki, mənim pullarımı versin, amma bundan heç bir şey çıxmadı; onda atam Tetçeri hədələyib dedi ki, onu məhkəmə vasitəsilə pulu verməyə məcbur edəcəkdir. 

 

Dul qadın ilə məhkəmə hakimi Tetçcr məhkəməyə bir ərizə verib xahiş etdilər ki, məni atamdan ayırsınlar və onlardan birini qəyyum təyin etsinlər; ancaq bizim məhkəmə hakimi təzə idi, bu yaxınlarda buraya gəlmişdi və mənim atamı hələ tanımırdı. O dedi ki, məhkəmə çox da ehtiyac olmadan ailə işlərinə qarışmamalı və valideynləri uşaqlarından ayrı salmamalıdır, həm də ki, yeganə uşağı atasından ayırmaq istəmir. Beləliklə, dul qadınla məhkəmə hakimi Tetçer bu işdən əl çəkməli oldular. 

 

Atam elə sevinmişdi ki, onu heç cür sakitləşdirmək mümkün deyildi. O mənə dedi ki, əgar onun üçün pul tapmasam, məni qayışla ölüncə döyəcəkdir. Mən məhkəmə hakimindən üç dollar borc aldım, atam isə bunu mənim əlimdən alıb hamısını içkiyə verdi və sərxoş halda bütün şəhəri dolaşıb bağırdi, biabırçılıq etdi, söyüş söydü və gecənin yarısınadək çuqun sinci döyəclədi, onu tutub dama basdılar, səhərisi isə məhkəməyə aparıb yenə də bir həftə dama saldılar. O isə dedi ki, çox məmnundur. İndi öz oğlunun sahibidir və onun başına nə oyun istəsə aça bilər. 

 

O, həbsxanadan çıxandan sonra yeni məhkəmə hakimi bildirdi kı, onu adam etmək fikrindədir. O qocanı öz evinə aparıb ona başdan-ayağadək təmiz və təzə paltarlar geyindirdi, səhər yeməyində də, nahar vaxtı da, axşam naharında da öz ailəsilə birlikdə süfrə başında otıırtdu, demək olar ki, onu qohumu kimi qəbul etdi. Axşam naharından sonra isə içməməyin xeyri və sairə haqqında elə söhbət saldı ki, qoca göz yaşı axıtdı və boynuna aldı ki, bu qədər illər səfeh olmuşdur. İndi isə onunla tanışlıqdan heç bir kəsin xəcil olmaması üçün yeni həyata başlamaq istəyir və əmindir ki, məhkəmə hakimi bu işdə ona kömək edəcək, ondan üz döndərməyəcək. Məhkəmə hakimi cavab verdi ki, bu sözlərdən sonra onu qucaqlamağa belə hazırdır, bunu deyərkən məhkəmə hakiminin gözləri yaşardı; onun arvadı da ağladı; atam isə bildirdi ki, bu vaxtadək heç kim onun necə adam olduğunu anlamayıbdı; məhkəmə hakimi də cavab verdi ki, o buna tamamilə inanır. Qoca dedi ki, həyatda bəxli gətirməyən adamın bir arxaya ehtiyacı olur; məhkəmə hakimi də cavab verdi ki, bu tamamilə doğrudur və onların hər ikisinin yenə gözləri yaşardı. Yatmağa getməmişdən əvvəl qoca ayağa qalxaraq əlini uzadıb dedi: 

 

- Ağalar və xanımlar, bir bu ələ baxın! Bu əli tutub sıxın! Bu əl əvvəllər murdar donuzun əli idi, indi isə başqadır, indi bu əl yeni həyata başlayan və köhnə həyata qayıtmaqdansa ölməyi üstün tutan namuslu bir insanın əlidir. Mənim sözlərimi yadınızda saxlayın, bunları söylədiyimi unutmayın! İndi bu təmiz əldir. Onu sıxın, qorxmayın! 

 

Onların hamısı növbə ilə, bir-birinin ardınca gözlərinin yaşını silərək, onun əlini tutııb sıxdılar. Məhkəmə hakiminin arvadı isə hətta onun əlini öpdü. Bundan sonra atam and içdi ki, daha içməyəcək, söz verdi ki, ağzına bir damcı da içki almayacaqdır. Məhkəmə hakimi dedi ki, bu tarixi, müqəddəs dəqiqədir. Nə isə, buna bənzər sözlər söylədi. Qocanı yatmaq üçün qonaqlardan ötrü saxlanılan ən yaxşı otağa apardılar. Gecə birdən onun başına içki düşdü; o, dama çıxdı, tirlə sürüşüb artırmaya endi, ona verilən təzə sürtuku bir şüşə qırx dərəcəli içkiyə dəyişib yenidən yuxarıya qalxdı və içib kef etməyə başladı; sübh vaxtı bərk sərxoş halda yenə pəncərəyə çıxdı; damdan diyirlənib yıxıldı, sol qolu iki yerdən sınıb az qala nəfəsi kəsildi; hava açılarkən kim isə gəldi, onu qaldırıb apardı. Qonaq otağında nələr olduğuna baxmaq üçün getdikləri vaxt isə losman çağırıb lotla 2 dərinliyi ölçməli oldular ki, sonra üzüb yollarına davam etsinlər... 

 

Məhkəmə hakimi bərk incidi. O dedi ki, bu qocanı yalnız tüfəngdən atılan sərrast güllə ilə düzəltmək olar, başqa bir üsul isə o bilmir.