Xanım Mehdixanlı. Xəbərçi sərçə
Biri var idi, biri yox idi. Bütün nağıllar belə başlar. Niyə yox idi? Bax bunu bilmirəm. Gəl, biz olanlardan danışaq. Uca dağın yamacında olduqca gözəl, barlı-bəhrəli bir meşə vardı. Quşların cəh-cəhindən səhərlər meşədə qulaq tutulurdu. Burada olan meyvə ağaclarının yazda, yayda bar-bəhrələri o qədər bol olurdu ki, təkcə meşənin daimi sakinləri deyil, hətta yaxınlıqdakı kəndin əhalisinə də çatırdı. Dünyada ucsuz-bucaqsız çoxlu meşələr olsa da, lakin bizim söhbət açacağımız meşə digərlərindən çox fərqlənir. Dostlar bilirsiniz fərq nədədir?
Burada yaşayan heyvanlar, quşlar bir-biri ilə çox mehriban idilər və tapdıqları yemi bir-birləri ilə bölüşürdülər. Bu meşədəki əmin-amanlığa digər meşələrin sakinləri paxıllıq edirdilər. Onların mehribançlığı kənddən gələn boz sərçənin məskunlaşmasına qədər davam etdi.
Boz sərçənin ən pis xasiyyəti xəbərçi olması idi. Həm də gördüyündən daha çox danışardı. Məsələn şələquyruq tülkü evinə bir az gec gəlsə, aləmə car çəkərdi, bu gecə tülkü evində gecələməyib. Ola bilər qonşu kənddə toyuq oğurluğuna gedərkən orada yaxalanıb. Bu xəbər bir anda meşəyə yayılardı. Onun söz bəzəməyini dovşanlar, tülkülər, çaqqallar bir sözlə bütün heyvanlar bildiklərindən onunla ehtiyatla dolanardılar. Xəbərçi sərçənin ucbatından son zamanalar mehriban qonşular bir-biri ilə küsülü olmuşdular.
Meşənin qocaman sakini olan boz canavardan o qədər xəbərçilik etmişdi ki, yazıq xəstələnədə onu yoxlamağa heç kim getməmişdi. Onun ucbatından kirpi uzun illərlə qonşuluq etdiyi tısbağanın yaxınlığından uzaqlaşıb başqa yerədə yurd salmışdı. Bir sözlə
köhnə, mehriban qonşular artıq bir birlərindən uzaqlaşır günlərlə bir-birlərini görmürdülər.
Bir gün səhər xəbərçi sərçə ozünü yuxudan yeni durmuş ayının yuvasına çatdırıb təlaşla dedi: -
-Ayı qardaş, sabahın xeyir!
-Sabahın xeyir, ay xəbərçi, yenə səhər-səhər nə var?
-Sağlığın, ayı qardaş, nə olacaq çaqqalın səndən danışmağı mənə çox toxundu. Yığıb meşədəki bütün heyvanaları başına bütün günü sənin qeybətini edir.
Ayı yuxulu halda- ay xəbərçi, məndən nə danışa bilər mən çaqqala heçnə etməmişəm.
-Sən elə bilirsən heç nə deməz? Bütün günü sənin çox yatmağından danışır.
-Deyir bu ayı yaman tənbəldir hamıdan gec yuxudan oyanır, həm də çox acgözdür meşədə ən yaxşı balı özü yeyir.
Ayı bərk əsəbiləşdi. Özünü cəld çaqqalın evinə yetirdi.
Çaqqal səhər vaxtı qapısında qəzəbli ayını görüb təəccübləndi.
-Ayı qardaş, səndən nə əcəb səhər vaxtı gəlmisən?
De görüm-- Ay çaqqal, mənəm tənbəl, yoxsa sən?
Çaqqalın qorxudan dili topuq vurdu.
-Ayı qardaş, bu nə sözdür? Mən heç sənin haqqında belə söz deyərəm, bizim ki köhnədən haqq salamımız var.
Bu zaman sərçə cökə ağacının budağında oturub onlara qulaq asırdı.
-- Yalan danışma mən özüm eşitdim.
Çaqqal məsələnin nə yerdə olduğunu anlayıb onlara yaxınlaşan tülkünü görüb ayının qulağına pıçıldadı ki, bu sözü onun haqqında şələquyruq deyib.
Ayı qəzəblə:- hanı şələquyruq onun dərsini verəcəm. Onların yanından keçən şələquyruq məsələdən halı olub, ayının qarşısında quyruq bulayıb sözə başladı.
--Ayı qardaş, sən meşənin ağsaqqalısan sənin haqqında kim nə deyə bilər? Sənin yatıb dincəlməyin üçün biz səsimizi kəsib sakitlik yaradarkən, boz sərçə bütün günü cikkildəyir. Cikkildəməyi bir yana qalsın, sənin haqqında elə sözlər danışır ki, bilməsən yaxşıdır.
Ayı tülkünün sözündən daha da qəzəbləndi:-- De görüm nə danışır? Bu balaca canı ilə mənim arxamca nələr deyir, bilməliyəm.
Deyir ki, tezdən durub bütün meşəni başdan ayağa gəzib seyr edərkən ayı tənbəl isə dünyadan bixəbər günortaya qədər yatır.
Ayı bağırdı-- necə! O hansı cürətlə məni ələ salır, onu tutub başını üzəcəm.
Məsələni belə görən sərçə ayı ilə danışa bilməyəcəyini anlayıb birbaşa meşədən kəndə uçub gəldi. Meşədə yaşamağa cəsarəti olmadığından burada özünə yurd-yuva saldı. O gündən meşənin həndəvərində belə dolanmadı.
Elə bilirsiz kənddə sakit yaşayırdı. Əsla, bütün günü ala inəkdən, keçiyə, keçidən qoyuna, qoyundan xoruza, xoruzdan məstan pişiyə, pişikdən alabaşa xəbərçilik edirdi.
Bir həyətdə yaşayan heyvanlar artıq bunun ucbatından bir-biriləri ilə küsülü idilər.
Xəbərçi sərçənin söz gəzdirməyindən təngə gələn heyvanalar onu kənddən qovdular.
O gündən naəlac qalan xəbərçi sərçə şəhərə köçməli oldu. Şəhərdəki evlərin pəncərələrindən boylana-boylana qalıb ki, bəlkə bir söz eşidib qonşuların arasını vursun. Lakin insanlar onun dilini anlamadıqları üçün sərçənin cikkildisinə fikir vermirlər. Ona
görə xəbərçi sərçə çox darıxır bütün günü özü ilə danışır.