Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XIII fəsil

Mənim halım dəyişdi, ayaqlarım taqətdən düşdü. Parçalanmış paroxodda bu quldur dəstəsilə qalmaq dəhşət idi. Ancaq durub gözləmək, fikirləşmək vaxtı deyildi. İndi bu qayıq bizim özümüzə lazım idi, odur ki, biz hər nə cür olursa olsun həmin qayığı tapmalı idik. Biz paroxodun sağ tərəfi ilə getməyə başladıq, titrəyib əsə-əsə, güc-bəla ilə dal tərəfə gəlib çatdıq; mənə elə gəlirdi ki, buraya çatıncayadək azı bir həftə keçdi. Qayıqdan heç bir nişanə yox idi. Cim dedi ki, o deyəsən daha gedə bilməyəcək, qorxudan lap taqətini itirib, tamam gücdən düşüb. Mən ona bildirdim ki, necə olursa olsun getmək lazımdır, əgər burada qalsaq işimiz pis olacaq, bu lap yəqin məsələdir. Biz yollandıq. Kapitan kayutunun dal tərəfini axtarmağa başladıq, tapdıq, sonra gücümüzü toplayıb qaranlıqda, gözəyarı paroxodun kənarlarındakı çıxıntılardan tuta-tuta irəlilədik, çünki onun bir tərəfı artıq suyun içində idi, beləliklə, bil losman budkasının şüşəbəndinə çatdıq. Qapıya çatan kimi gördük ki, qayıq buradadır. Mən onu qaranlıqda güclə görmüşdüm. Sevindiyimdən bilmirdim nə edim! Bir saniyə də keçsəydi mən onun içində olacaqdım, ancaq bu vaxt qapı açıldı. Quldurlardan biri məndən iki addım o yanda boynunu irəli uzatdı; mən fikirləşdim ki, daha işim bitdi, ancaq o, başını yenə geri çəkib dedi: 
- Bill, bu zəhrimar fənəri bir qədər yandan as ki, gorünməsin. 


O, içində nə isə olan bir kisəni qayığa atdı, özü də minib əyləşdi. Bu Pakkard idi. Sonra Biü də çıxıb qayığa əyləşdi. Pakkard alçaqdan dedi: 
- Hazırdır, avarları işə sal. 
Mən birdən-birə o qədər taqətdən düşdüm ki, şüşəbəndin pəncərə taxtasından tutub güc-bəla ilə ayaq üstə dura bildim. Bu vaxt Bill dedi: 
- Dayan görək, onun üst-başını axtarmısanmı? 
- Yox. Sən necə? 
- Mən də yox. Deməli, onun nəqd pul payı özündə qalıb? 


Belə isə gedək; cır-cındırı aparıb, pulları onun yanında qoymaq axmaqlıq olar! 
- Bura bax, bəs o bizim fıkrimizi başa düşməzmi? 
- Bəlkə də başa düşmədi. Mənası yoxdur, pulları hər halda götürməliyik. Gedək! 
Onlar qayıqdan düşüb təzədən kayuta getdilər. Qapı onların arxasınca çırpıldı, çünki əyinti bu tərəfdən idi. Yarım saniyədən sonra mən atıq qayığın içində idim, Cim də özünü mənim ardımca qayığın içinə saldı. Mən bıçağımı çıxarıb ipi kəsdim, paroxoddan aralandıq. 


Biz avarlara əl də vurmadıq, səsimizi çıxarmırdıq, heç pıçıltı ilə də danışmırdıq, nəfəsimizi dərməyə belə qorxurduq. Axın ilə tam sükut içərisində sürətlə sürüşüb gedirdik; biz paroxodun maşın hissəsini və dal tərəfini ötüb keçdik. Bir saniyə sonra parçalanmış paroxoddan artıq yüz addım o yanda idik; paroxod zülmət içərisində qərq olub itdi, daha heç bir şey görmək olmurdu. İndi biz təhlükəsiz bir yerdəydik, bunu özümüz də bilirdik. 
Axın ilə təxminən üç yüz, dörd yüz addımlıq bir məsafə üzdükdən sonra kapitan kayutunun qapısında bir anlığa fənərin zəif parıltısı göründü, biz başa düşdük ki, fırıldaqçılar öz qayıqlarını axtarırlar və başa düşüblər ki, onların da halı Terner kimi pis olacaq. 
Cim avarları işə saldı, biz öz salımızın arxasınca götürüldük. Ancaq indi, ilk dəfə olaraq həmin fırıldaqçılara yazığım gəldi, əvvəl, yəqin ki, düşünməyə macalım yox imiş. Mən bu cür çıxılmaz bir vəziyyətdə qalmağın hətta qatillər üçün də nə qədər dəhşətli olduğunu düşündüm. Öz-özümə dedim: nə bilirsən, bəlkə bir vaxtlar mən özüm də quldur oldum, belə bir vəziyyətə düşmək hec mənim də xoşuma gəlməz! Buna görə də Cimə dedim: 


- İşıq görən kimi, o saat ondan yüz addım aşağıda, ya da yuxarıda sahilə yan alarıq, elə yer seçərik ki, səni qayıqla birlikdə gizlətmək mümkün olsun, sonra isə mən bir şey düşünərəm; gedib adam taparam. Qoy onlar bu qatil dəstəsinin hamısını xilas etsinlər ki, sonra vaxtı çatanda dar ağacından asa bilsinlər. 


Ancaq bu baş tutmayan bir fikir idi. Azca sonra əvvəlkindən də güclü tufan başladı. Yağış şırhaşırla tökür, heç yanda kiçik bir işıq belə görünmürdü, yəqin ki, hamı yatırdı. Biz çayla sürətlə aşağıya gedir və diqqətlə hər yana baxırdıq ki, bir işıq, yaxud da öz salımızı görək. Xeyli vaxt keçdi, yağış nəhayət kəsdi, ancaq qara buludlar hələ də dağılışmamışdı, ildırım da hey çaxırdı; birdən, belə bir ildırım işığında, qabağımızda, suyun üstündə bir qaraltı gördük; qayığı tez ona tərəf yönəltdik. 
Bu, bizim salımız idi. Yenidən onun üstünə çıxanda sevincimizin həddhüdudu yox idi. Budur, qarşıda, sağ sahildə bir işıq parıldayıb sönürdü. Mən dedim ki, bu saat ora gedəcəyəm. Qayığin içi oğruların parçalanmış paroxoddan ələ keçirtdikləri şeylərlə yarıya qədər dolu idi. Biz həmin şeyləri bir qalaq halında salın üstünə yığdıq, mən Cimə dedim ki, yavaş-yavaş üzüb getsin və təxminən iki mil getdikdən sonra fənəri yandırsın, mən qayıdıb gəlməyincə onu söndürməsin; sonra mən avarları işə salıb işıq yanan tərəfə yönəltdim. Üzüb yaxınlaşdıqda, yuxarıda, dağın üstündə daha üç-dörd işıq göründü. Bu bir şəhərcik idi. Mən işıq yanan yerdən bir qədər yuxarıda avar çəkməyi dayandırdım, indi məni axının özü aparırdı. Gəlib yanından keçəndə gördüm ki, bu, iki-mərtəbəli bir bərədə yanan fənərdir. Bərənin ətrafında dövrə vurub qarovulçunun harda yatdığını öyrənməyə çalışdim; çox axtardıqdan sonra onu bitenqdə  tapdım; o başını dizlərinin üstünə qoyub yatmışdı. Mən iki-üç dəfə onun çiynindən itələdim, hönkür-hönkür ağlamağa başladım. 


O, hövlnak ayağa sıçradı, məni görilb əməlli-başlı gərnəşdi, əsnədi, sonra dedi: 
- Hə, nədir? Ay oğlan, ağlama... Nə olub? Mən dedim: 
- Atam da, anam da, bacım da... 
- Sonra hıçqıra-hıçqıra ağladım. O dedi: 
- Yaxşı-yaxşı, belə ağlamaqla işin düzəlməyəcək ki? Qəza hamının başına gəlir. keçib gedər. Axı onlara nə üz verib? 
- Onlar... onlar.. Bərədə qarovulçu sizsinizmi? 
- Bəli, mənəm, - deyə qarovulçu lovğa-lovğa cavab verdi. 
- Mən həm kapitanam, həm sahibkaram, həm losmanam, həm qarovulçuyam, həm böyük matrosam; bəzən də elə olur ki, mən həm yük, həm də sərnişin oluram. Mən qoca Cim Xornbek kimi varlı deyiləm, onun kimi də hər rast gəldiyimə, qabağımdan keçənə, sağa və sola pul səpələyə bilmirəm; ancaq mən ona dəfələrlə demişəm ki, yerimi onunla dəyişmərəm; matros həyatı elə mənim üçün yazılıb, şəhərdən iki mil uzaqda, heç bir maraqlı şey olmayan yerdə yaşamağa və bir kəlmə kəsməyə adam tapmamağa mən heç vəchlə razı olmaram, hətta özünün bütün milyonlarını versə də razı olmaram. Mən deyirəm ki..
Mən burada onun sözünü kəsib dedim: 
- Onlar elə dəhşətli bir bəlaya düşüblər ki... 
- Kimləri deyirsən? 
- Onları da: atamı, anamı, bacımı və mis Hükeri deyirəm. Siz öz bərənizlə oraya getsəydiniz... 
- "Oraya", yəni haraya? Onlar haradadırlar? 
- Parçalanmış paroxodda. 
- O hansı paroxoddur? - Burda ki, bircə paroxod var. 
- Necə, olmaya "Valter Skott”dadır? 
- Bəli. 
- Ya rəbbi! Sən Allah, bir de görüm onlar necə otub oraya düşüblər? - Aydındır ki, qəsdən olmayıb. 
- Əlbəttə, əlbəttə! İlahi, əgər onlar mümkün qədər tez ordan çıxmasalar, sağ qalmazlar! Bəs axı necə olub ki, onlar oraya düşüblər? 
- Çox sadəcə. Miss Hüker şəhərə qonaq getmişdi... 
- Hə, Buts-Lendinqə! Yaxşı, bəs sonra? 
- O orada qonaq olub, axşama yaxın isə öz zənci qadını ilə gecələmək üçün atla işləyən bərədə rəfiqəsinin yanına gedir; familiyası da miss... Necə idi?.. Yadımdan çıxıb; onlar bərənin dal avarını itirirlər, çayın axını onları təxminən iki mil, bərənin dalı qabağa olmaqla birbaş parçalanmış paroxodun üstünə aparır, bərəçi ilə zənci qadın atlarla birlikdə batırlar, miss Hüker isə nədənsə yapışır və həmin paroxoda çıxır. Günəş batandan bir saat sonra biz də öz şalandamızla1 gedirdik, ancaq hava elə qaranlıq idi ki, parçalanmış paroxodu görmədik və onunla toqquşduq; ancaq Bill Uippldən başqa hamımız xilas olduq... O yazıq elə yaxşı oğlan idi ki! Gərək onun yerinə mən bataydım, vallah hə... 


- Aman Allah, mən ömrümdə belə şey eşitməmişdim! Bəs sonar nə etdiniz? - Hə, biz o ki var qışqırdıq, ancaq çay orda çox genişdir, odur ki, bizi heç kəs eşitmədi. Atam dedi ki, bizdən birimiz bir təhərlə sahilə gedib köməyə adam çağırmalıyıq. Bircə mən üzmək bilirdim, buna görə də çaya atılıb üzdüm, miss Hüker isə dedi ki, əgər mən bir adam tapmasam, onda burada bir dayısı olur, onu axtarıb tapım, o hər şeyi düzəldər. Mən sahilə çıxıb rast gəldiyim adamlardan kömək istədim, onlar isə belə dedilər: "Belə qaranlıqda necə kömək edək? Çayın axını da ki, çox itidir. Heç baş qoşmağa da dəyməz, tez bərənin yanına get". İndi əgər siz getsəniz... 
- Mən gedərəm, Allah haqqı düz deyirəm, həm də çarə yoxdur, getməliyəm də... Yaxşı, bəs bundan ötrü mənə kim pul verəcək? Necə bilirsən, atan verə bilərmi? 
- Arxayın olun. Mİss Hüker mənə dedi ki, onun dayısı Xombek... 


- Doğrudan, Xornbek onun dayısıdırmı? Bura bax, bu saat gördüyün işığa tərəf get, ora çatanda isə qərbə dönərsən, dörddə bir mil gedəndən sonra bir yeməkxanaya çatacaqsan; orda deyərsən ki, səni tez Cim Xornbekin yanına aparsınlar, o ber şeyin pulunu verər. Hər şeyi də açıb tökmə, o nə olduğunu bilmək istəyəcək. Ona de ki, macal tapıb şəhərə gedincəyədək mən onun bacısı qızını xilas edib təhlükəsiz bir yerə çatdıraram; mən isə qaçım, mexanikimizi oyadım. 


Mən işıq görünən tərəfo getdim, qarovulçu burulub gözdən itdikdən sonra isə geri döndüm, qayığa oturub axına qarşı sahilboyu üzüyuxarı, təxminən altı yüz addımlıq bir məsafə getdim, sonra isə odun yüklənmiş barjların arasında gizləndim, yalnız bərə körpüdən aralandıqda arxayın oldum. Ümumiyyətlə desək, bu quldurlardan ötrü bu qədər çalışmağım xoşuma gəlirdi, axı onlar üçün çalışan adam az tapılar. Mən istəyirdim ki, dul qadın bundan xəbər tutaydı. O yəqin ki, mənim belə əclaflara kömək etməyimlə fəxr edərdi, çünki dul qadın və ümumiyyətlə, bütün xeyirxah adamlar əclaflara və fırıldaqçılara kömək etməyi çox sevirlər. 


Hə, nəhayət, parçalanmış paroxod dumanın arasından görünməyə başladı, o aram-aram suya qərq olurdu. Məni əvvəlcə hətta soyuq tər basdı, sonra isə avar çəkib qayığı paroxoda tərəf sürməyə başladım. O demək olar ki, lap batmışdı, öz-özümə dedim ki, çox çətin bunda bir sağ adam qalmış ola. Qayığı paroxodun dövrəsində sürüb bir qədər qışqırdım, ancaq mənə hay verən olmadı, hər şey sükut içərisində idi. Mənim quldurlara yazığım gəldi, ancaq, o qədər də bərk yox; fikirləşdim ki, əgər onların heç kimə rəhmi gəlməyibsə, onda mənim də onlara rəhmim gəlməməlidir. 


Sonra bərə paroxoda yanaşdı; mən qayığı suyun axını ilə aşağıya yönəldib çayın ortasına gəldim; sonra özümun bərədən görünmədiyimi qət etdikdə avarları dayandırıb boylanaraq baxdım, gördüm ki, onlar bərəni paroxodun ətrafında sürüb miss Hükerin meyitini axtarırlar, axı dayısı Xombek onun necə olduğunu soruşacaq! Azca sonra axtarış qurtardı, bərə sahilə tərəf yönəldi, mən isə avarlara güc verib güllə kimi çayaşağı götürüldüm. 


Cimin salında fənərin işığı görününcəyədək xeyli vaxt keçdi; nəhayət, fənər görünəndə isə mənə elə gəldi ki, məndən azı min mil uzaqdadır. Mən üzüb sala çatan vaxt hava şərq tərəfdə artıq işıqlanmağa başlamışdı; biz salı sürüb adaya yan aldıq, salı gizlətdik, qayığı suya batırdıq, sonra isə uzanıb ölü kimi yatdıq.