Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XIV fəsil

Ayıldıqdan sonra quldur dəstəsinin parçalanmış paroxoddan qarət etdiyi və sonradan bizim əlimizə keçən qənimətini gözdən keçirdik, burada uzunboğaz çəkmələr, adyallar, paltarlar və hər cür başqa şeylər, həmçinin çoxlu kitab, durbin və üç yeşik siqar var idi. Biz Cimlə hələ ömrümüzdə belə dövlətli olmamışdıq. Siqarlar birinci növ idi. Biz axşamacan meşədə uzanıb söhbət etdik; mən kitab oxuyurdum, ümumiyyətlə, vaxtımızı pis keçirmədik. Mən paroxodda və bərədə baş verən əhvalatların hamısını Cimə nağıl etdim, yeri gəlmişkən ona dedim ki, bax, macəra buna deyirlər; o isə cavab verdi ki, daha heç bir macəra arzu etmır. Cim nağıl etdi ki, mən kapitan kayutuna girdiyim, özünün isə gizüncə salın yanına gedib onun daha orada olmadığını gördüyü vaxt qorxusundan az qala bağrı çatlayacaqmış, fikirləşib ki, bu əhvalat necə qurtarırsa qurtarsın, fərqi yoxdur, onun işi bitib, çünki əgər bizi xilas etməsələr, çayda batacaqdır; əgər bir kimsə onu xilas etsə mükafat almaq üçün onu evə aparacaq, orada isə miss Uotson, yəqin ki, onu Cənuba satacaqdır. O haqlı idi və demək olar ki, həmişə haqlı çıxırdı, başı yaxşı işləyirdi, əlbəttə ki, zəncilərə nisbətən. 


Mən Cimə kitabdan krallar, hersoqlar və qraflar haqqında, onların necə təmtəraqla geyindikləri, necə zinət içərisində yaşadıqları və bir-birlərinə "mister" əvəzinə "əlahəzrət" "səadətməab" və "zati-aliləriniz" dedikləri barədə uzun-uzadı oxudum. Cim ancaq gözlərini bərəltmişdi, oxuduqlarım ona çox maraqlı görünmüşdü.


- Mən heç bilmirdim ki, onlar bu qədər çoxdurlar. Mən Süleyman1 padşahdan başqa onların heç biri haqqında heç vaxt bir şey eşitməmişdim, hə, bir də əgər hesaba alınarsa, kralları kart kalodunda1 görmüşəm. Yaxşı, bəs kral nə qədər maaş alır? 
- Nə qədər alır? - deyə mən dilləndim, - kefi istəsə lap min dollar da alar. Nə qədər istəyir, o qədər də alır, hər şey onundur. 


- Lap qiyamətdir! Hek, bəs onun işi nədir? 
- Heç bir şey! Sən də söz danışdm! Öz taxtında özü üçün oturur, vəssalam. 
- Yox, canım, doğrudanmı? 
- Doğru olmayıb nə olacaq! Eləcə taxtda oturur, hə, bir də əgər müharibə olarsa, müharibəyə gedir. Başqa vaxtlar isə heç bir iş etmir; ya ova çıxır, ya da... sus-ss! Eşidirsənmi? Bu nə səsdir? Biz yerimizdən sıçrayıb qaçdıq görək nə səsdir, ancaq elə bir şey yox idi, bu, paroxod çarxının səsi idi, o burunu burulurdu, biz qayıdıb yenə əvvəlki yerimizdə oturduq. 


- Bəli, - deyə mən sözümə davam etdim, - qalan vaxtlar isə, əgər darıxarlarsa, parlamentlə dava-dalaş salırlar; əgər işləri onların dediyi kimi etmirlərsə, onda kral hamının başının vurulmasını əmr edir. Bəzən də hirsini hərəmxanada soyudur. 
- Harda soyudur? 
- Hərəmxanada. 
- Hərəmxana nədir? 
- Bu elə bir yerdir ki, kral öz arvadlarını orda saxlayır. Yəni hərəmxana haqqında eşitməmisən? Süleymanın da hərəmxanası varmış; arvadlarının sayı isə az qala milyon nəfərə çatırmış. 
- Bəli, doğrudur, mənim yadımdan çıxmışdı, hərəmxana məncə, pansiona bənzər bir şeydir. Uşaq otağında da, yəqin ki. yaman hay-küy olur! Bir də ki, zənnimcə, bu arvadların özləri həmişə söyüşürlər, bundan isə hay-küy daha çox olur. Hələ bir deyirlər ki, Süleyman dünyada birinci müdrik adam olub. Mən buna zərrə qədər də inanmıram. Bilirsənmi niyə? Məgər ağıllı adam belə bir hərki-hərkilik içində yaşayarmı? Yox, yaşamaz. Ağıllı adam durab zavod tikdirər, sakitlik və dinclik istəyəndə də onu bağlayar. - Aınma, nə deyirsən de, o, dünyada birinci müdrik adam olub; bunu mən dul qadının lap özündən eşitmişəm.
- Dul qadının sənə nə dediyinin mənim üçün mənası yoxdur. Mən onun müdrik adam olduğuna inanmıram. O bəzən lap axmaq hərəkətlər edib. Onun körpə uşağı yarıya şaqqalamaq əmri yadındadırmı? 
- Bəli, dul qadın mənə nağıl edib. 


- Bax, gördünmü? Bundan axmaq bir hərəkət tapa da bilməzsən! . Sən bir gör nə olub, bax, qoy bu kötük bir qadın olsun, sən isə başqa bir qadın ol, mən Süleyman oldum, bax, bu dollar da körpə uşaq olsun. Siz hər ikiniz deyirsiniz ki, bu sizinkidir. Bəs mən nə edirəm? Mən gərək qonşulardan soruşam ki, bu dollar kiminkidir, sonra da onu bütöv halında öz sahibinə verəm, ağıllı adam yalnız belə də edərdi. Amma yox, mən dolları götürüb iki yerə bölürəm; yarısını sənə verirəm, yarısını da o biri arvada. Bax, sənin Süleymanın uşağın başına belə bir oyun açmaq istəyirdi! Səndən soruşuram, de görüm, dolların yarısı nəyə yarayar? Axı ona heç bir şey ala bilməzsən. Bəs uşağın yarısı nəyə yarayar? Mən milyonuna belə heç bir şey verməzdim. 
- Eh, Cim, sən bunun əsl mahiyyətini heç də düzgün başa düşməmisən. Allah haqqı başa düşməmisən. - Kim? Mən? Get işinin dalınca! Özündən nə mahiyyət mənə öyrətmək istəyirsən? Bir şeyin ki, mənası oldu, mən onu görürəm, belə hərəkətdə isə bir məna yoxdur. Axı uşağın yarısı haqqında deyil, bütöv uşaq haqqında mübahisə edirdilər; əgər bir adam uşağı yarıya bölməklə bu mübahisəyə son qoymaq fikrindədirsə, onda onun bir damcı da başı yoxdur. Hek, sən öz Süleymanından mənə nağıl açma, mən onu sənsiz də tanıyıram, - Sənə deyirlər ki, işin mahiyyətini başa düşməmisən. 
- Nə mahiyyət, mahiyyət salmısan? Mən bildiyimi bilirəm. Məncə, əsl mahiyyət bunda deyildir, irəliyə baxmaq lazımdır. Mahiyyət, Süleymanın nə cür adətləri olmasındadır. Məsələn, elə bunu götür: əgər bir adamın bir, yaxud iki uşağı varsa, belə bir adam uşaqlarını çölə atarmı? Yox, atmaz, o bunu özünə rəva bilməz. O bilir ki, uşaqlarının üstündə əsməlidir. Əgər onun evdə beş milyon uşağı atıbb-düşürsə, onda başqa məsələ. Onun üçün pişik balasını ikiyə parçalamaqla uşağı ikiyə parçalamaq arasında heç bir fərq yoxdur. Onsuz da çox uşaq qalacaq. Bir uşaq çox, bir uşaq az, Süleyman üçün bunlar hamısı bir zibildir. Belə bir zəncini ilk dəfədir ki, görürəm. Əgər onun başına bir şey batdısa, daha bunu heç bir vəchlə onun başından çıxara bilməzsən. Heç bir zənci Süleymanı bu qədər təhqir etməmişdir. Belə olduqda mən  söhbəti başqa kralların üstünə gətirib Süleymanı dinc buraxdım. Ona qədim zamanlarda Fransada başı bədənindən ayrılmış XVI Lüdovik haqqında və onun vəliəhd şahzadə deyilən, padşahlıq etməli olan və bunun əvəzində tutulub həbsxanaya salınan balaca oğlu barədə söhbət açdım; deyiriər ki, o orada da ölüb. 
- Zavallı uşaq! - Digərləri isə deyirlər ki, o, həbsxanadan qaçıb qurtarmışdır. Guya ki, Amerikaya getmişdir. 
- Bax bu yaxşı! Ancaq onun burda tanışlıq etməyə bir adamı olmaz, axı bizdə kral yoxdur. Elə deyilmi, Hek? 


- Yoxdur. 
- Deməli, onun üçün bizdə bir vəzifə də yoxdur. Bəs o burada nə edəcək?
- Mən hardan bilim? Onlardan bəziləri polisliyə girir, digərləri isə fransız dili dərsi deyir. 
- Hek, sen nə deyirsən, məgər fransızlar bizim dildə danışmırlar? 
- Bəli, Cim, sən onların dediklərindən bir kəlmə də, lap bircə kəlmə də başa düşə bilməzsən. 
- Bu çox qəribədir. Nə üçün belə olub? 


- Bilmirəm nə üçün, ancaq bu belədir. Mən kitabda onların cəfəngiyatı haqqında oxumuşam. Yaxşı, əgər bir adam sənə yanaşıb soruşsa ki, "Parlevu franse" nə fikirləşərsən? 
- Heç bir şey fikirləşmərəm, əgər ağ adam olmazsa, durub əlimə keçəni başına çırparam, məgər qoyarammı ki, zənci məni beləcə söyə? 
- Ay səni, bu ki, söyüş deyil! Bunun mənası belədir: "Siz fransızca danışa bilirsinizmi?" 


- Axı nə üçün bunu adam kimi soruşmur? 
- O elə belə də soruşur. Ancaq fransızca. 
- Sən məni ələ salırsan, nədir? Mən daha səni heç eşitmək də istəmirəm. Cəfəngiyatdır, axmaq sözdür! 
- Cim, bura bax, pişik necə, bizim dildə danışa bilirmi? 
- Yox, bilmir. 
- Bəs inək? 
- İnək də bilmir. 
- Bəs pişik inək dilində, yaxııd inək pişik dilində danışa bilirmi?
 - Yox, danışa bilmir. 
- Bu lap aydın məsələdir ki, onlar müxtəlif dildə danışırlar, elə deyilmi? 
- Əlbəttə, elədir, doğrudur. 
- Bu da aydın məsələdir ki, ya pişik, ya da inək bizim dildə danışa bilməz, elə deyilmi? 
- Buna söz ola bilməz, əlbəttə, elədir. 
- Bəs nə üçün fransız başqa dildə danışa bilməsin, bizim danışdığımız kimi danışmasın? Bax, bunu mənə söylə görüm! 
- Yaxşı, məgər pişik adamdır? 
- Yox, adam deyil. 
- Bəs onda nə üçün pişik adam kimi danışsın? Məgər inək adamdır, yaxud pişikdir? 
- Əlbəttə, nə ondan, nə də bundandır. 
- Yaxşı, bəs onda nə üçün adam kimi, yaxud pişik kimi danışsın? Bəs fransız necə, adamdır, ya yox? 
- Adamdır. 
- Bax, gördünmü! Yaxşı, bəs nə üçün o, adam kimi danışmır. Bax, bunu sən soylə görüm. Mən gordüm ki, zənci ilə boş-boşuna söhbət etməyin mənası yoxdur, onsuz da ona heç bir ağıllı şey öyrədə bilməyəcəksən! Odur ki, bu söhbətə son qoydum.