Xanım Mehdixanlı. Çilli fərə
Balaca dostlar, sizə kimdən deyim kimdən söz açım? Uzaq keçmişdə gözdən kənarda olan bir ucqar kənddə yaşayan qoca baba və nənədən. Bunlar çox kasıb idilər, var-dövlət adına bir köhnə daxmaları, bir keçi və, beş-on toyuq cücələri vardı. Amma özlərini çox xoşbəxt hesab edirdilər. Nənə səhərlər keçinin südünü sağıb sıyıq bişirər, axşamlar da toyuqların yumurtasından həyət-bacadan topladığı göy-göyərti qatıb kükü hazırlayardı. Beləcə sadə həyatlarını davam edərdilər.
Həmin yazı onların qara toyuğu yoxa çıxdı. Nənə və baba nə qədər axtardılarsa, tapa bilməyib fikriləşdilər ki, yəqin tülkü aparıb. Amma bir neçə həftə sonra qara toyuğun yanında əlvan cücələrlə gəldiyini görəndə çox sevindilər. Həmin yay cücələr böyüyüb üzü payıza yeməli olmuşdular.
Payız soyuqları başlyanda baba bərk soyuqlayıb yatağa düşdü. Onun tez sağalması üçün nənə yaxşı bir toyuq şorbası bişirmək qərarına gəldi. Həyətə dən səpib toyuq- cücəni harayladı. Bir neçə dəqiqə ərzində ətrafına toyuqlar yığışdı. Nənə çilli fərəni tutanda, çilli fərə haray qoparıb nənənin əlini dimdikləyib üz tutdu qaçmağa. Qaça- qaça yolda qara köpəyə rast gəldi. Qara köpək neçə gün idi ac idi. Fərəni görüb sevindi.
Hara gedirsən, ay çilli fərə? Bəlkə yolu azmısan kömək edim.
Sənə nə var hara gedirəm, ay qara köpək.
Mən burda doğuldum, çilli fərə oldum.
Babadan, nənədən qurtuldum.
Bunu deyib cəld kənddən çıxıb üzü tarlaya tərəf qaçdı. Bir qədər sonra nəfəsini dərib baxdı ki arxasınca heç kim gəlmir. Fərə bərk acmışdı. Bu zaman gördü ki, ağacın altında bir əkinçi arxası üstü uzanıb yatıb. Əkinçinin yanındakı bağlamadan ətrafa çörək qırıntıları dağılıb. Çilli fərə ehtiyatla yanaşıb dənləməyə başladı.
Əkinçi gözaltı baxıb gördü yanında bir ətli-canlı fərə var. Sevindi çoxdan idi dilinə ət dəymirdi. Fikirləşdi tutub aparım evə arvad yaxşı bir cücə plov dəmləsin. Yavaşca başı yeməyə qarışmış fərəni tutudu. Çilli fərə çığırdı. Gördü əkinçiyə gücü çatmır başladı
dilə tutmağa.
Mənimlə sən doymazsan izn ver gedim dostlarımı da gətirim. Əkinçi ona inanmadı.
Əkinçi onun üçün bıçaq axtaranda çilli fərə özünü ölülüyə vurdu.
Əkinçi elə bildi fərə əlində boğulub ölüb onu yerə atdı. Çilli fərə dərhal uzaqlaşıb dedi:
Mən burada doğuldum, çilli fərə oldum.
Babadan nənədən qurtuldum.
Qara köpəki aldatdım,
Səndən də xilas oldum!
Çilli fərə bu dəfə meşəyə üz tutudu. Bir xeyli meşəni gəzib dolaşdı axşam hava qaralandı gözü ətrafı görmədi.
Elə bu vaxt şələquyruq tülkü kəndə ova getməyə hazırlaşırdı ki gördü budur ruzisi öz ayağı ilə gəlib. Tülkü sevincək fərənin başın üstünü aldı. Fərə tülkünü səsindən tanıyıb qaçmağa səmt axtardı.
Tülkü kolun arxasında çuxur qazıldığını bilirdi. Çilli fərəni həmin tərəfə sıxışdırdı. Fərə də dərin çuxurdan xəbərsiz idi.
Tülkü dedi ay gözəl buraya haradan gəlmisən?
Fərə onun dilinə aldanmamaq üçün dedi: Ay tülkü lələ məni şirin dilinlə dilə tuta bilməzsən.
Mən burda doğuldum, çilli fərə oldum.
Babadan nənədən qurtuldum.
Qara köpəyi aldatdım,
Əkinçidən xilas oldum.
Səndən də qaçacam, öz yurduma çatacam...
Çilli fərə dal-dala çəkilərkən dərin çuxura düşdü. Nə qədər çalışsa da çuxurdan çıxa bilmədi. Tülkü cəld fərənin boğazından tutdu və çırpınan çilli fərəyə dedi: Hamıdan qurtulsan da, məndən qaça bilməzsən!