Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XVII fəsil

Bir dəqiqəyəyən keçdi, kim isə pəncərədən boylanmadan qışqırdı: 
- Haray qoparmayın... Kimdir? 
Mən dedim: 
- Mənəm. 
- "Mən" kimdir? 
- Corc Cekson, ser. 
- Nə istəyirsən? 
- Ser, mənə heç nə lazım deyil, mən yalnız buradan ötüb keçmək istəyirəm, itlər isə buraxmayır. 
- Bu gecə vaxtı burada nə veyllənirsən, hə? 
- Mən veyllənmirəm, ser, mən paroxoddan yıxılmışam. 
- Aha, belə de, yıxılmısan?.. Ay uşaq, tez olun, bir işıq çıxardın görək... Necə dedin, adın nədir? Təkrar elə görüm? 
- Corc Cekson, ser. Mən hələ uşağam. 
- Bura bax, əgər doğrusunu deyirsənsə, onda heç bir şeydən qorxmaya bilərsən, heç kəs sənə əl dəyməz. Ancaq tərpənmə, dayandığın yerdə farağat dur... Bob ilə Tomu yuxudan oyadın, tüfəngləri də gətirin… Corc Cekson, səninlə başqa btr kimsə varmı? 
- Heç kəs yoxdur, ser. 


Mən evdə adamların necə qaçışdığını eşitdim, işıq da gördüm. Həmin adam qışqırdı: 
- Betsi, qoca sarsaq, ağlın başında deyilmi, şamı apar! Qapının dalında döşəmənin üstünə qoy... Bob, əgər Tomla sən hazırsınızsa, öz yerlərinizi tutun! 
- Biz hazırıq. 
- Yaxşı, Corc Cekson, bir de görüm, Şeperdsonları tanıyırsanmı? 
- Yox, ser, onlar barədə heç bir şey eşitməmişəm. 
- Nə olar, bəlkə bu doğrudur, bəlkə də yox. Hə, hər şey hazırdır. Corc Cekson, içəri gəl görək. Amma tələsmə, aram-aram gəl. Əgər səninlə bir adam varsa, qoy orada dayansın, əgər görünərsə, onu güllə ilə vuracaqlar. İndi gəl görək. Aram-aram gəl, qapını özün aç, çox açma, o qədər aç ki, keçə biləsən, eşitdinmi? 


Mən tələsmirdim, istəsəydim də tələsə bilməzdim. Mən ehtiyatla tam sakitlik içərisində qapıya yanaşdım; mənə belə gəlirdi ki, ürəyimin döyüntüsünü eşidirdim. Adamlar kimi itlər də susmuşdular, onlar addım-baaddım ardımca gəlirdilər. Tirlərdən yonulub hamarlanmış üç pilləsi olan artırmaya çatarkən evdəkilərin qapıları necə açdıqlarını və rəzələri necə çəkdiklərini eşitdim. Qapının dəstəyindən tutub yavaşca itələdim, evdən kim isə; "Belə, daha bəsdir, başını qapıdan içəri sox, deyincəyədək bir az da, bir az da itələdim. Başımı içəri soxmağına soxdum, özlüyümdə isə fikirləşdim ki, bu saat vurub üzəcəklər. 


Şam döşəmənin üstündə idi, onların hamısı şamın ətrafında dövrə vurub dayanmış halda mənə baxırdılar, mən də onlara baxırdım. Beləcə bir qədər keçdi. Yaşlı kişilərdən üçü tüfənglərini mənə tuşlamışdılar, düzünü desəm, qorxumdan hətta gözlərimi qıymışdım; onlardan ən qocasının, ağ saçlının altmış, digər ikismin isə otuz və ya blr qədər artıq yaşı olardı, hər üçü görkəmli, gözəl idi, ağ saçlı qarının çox mehriban siması vardı, onun arxasında iki cavan qadın dayanmışdı ki, onları yaxşı görə bilmədim. 
Qoca dedi: 
- Hə, belə... deyəsən hər şey öz qaydasındadır. İçəri gir! 


Mən içəri girən kimi qoca cenltmen özü qapını örtdü, rəzəni çəkib əli tüfəngli cavanlara dedi ki, o biri otağa keçsinlər; hamı, içərisinə təzə qurama palaz döşənmiş böyük qonaq otağına gedərək bir küncə toplaşdı ki, onları ön pəncərələrdən görən olmasın, yan divarda pəncərə çox idi. Şamı yuxarı qaldırdılar, onlar məni gözdən keçirərək deyirdilər: "Yox, o, Şeperdsonlardan deyil, onda Şeperdsonlardan bir əlamət belə yoxdur". Sonra qoca dedi ki, mən, aydın məsələdir, axtarışa qarşı etiraz etməyəcəyəm, əlbəttə, o məni incik salmaq istəmir, ancaq üstümdə silah olub-olmadığını yoxlayır. O, ciblərimə girmədi, yalnız əllərini paltarımın üstünə gəzdirib dedi ki, hər şey öz qaydasındadır. 


Sonra mənə dedi ki, utanmayım, özümü evimizdəki kimi hiss edim, həm də kim olduğumu söyləyim; lakin bu vaxt qarı söhbətə qarışıb dedi: 
- Saul, Allah sənə insaf versin! Yazıq uşaq iliyinə qədər islanıb, bəlkə hələ acdır da. Necə bilirsən? 
- Reçel, sən haqlısan, mən yaddan çıxartmışdım. Belə olduqda qarı dedi: 
- Betsi (zənci qadının adı idi), yüyür, bu zavallı uşaq üçün yeməyə bir şey gətir, tez ol! Qızlar, siz isə gedib Bakı oyadın və ona deyin ki... Ah, budur, Özü gəlir... 


Bak, bu kimsəsiz uşağı apar, yaş paltarlarını soyundur, özünün quru paltarlarından ona ver. Bak boyca məndən bir qədər uca idi, ona görkəmindən mənimki qədər, on üç-on dörd, yaxud buna yaxın yaş vermək olardı. Əynində tamam əzik-üzük olmuş gecə paltarı var idi. O, əsnəyib əliylə gözlərini ovuşdura-ovuşdura otaqdan çıxdı, onun o biri əlində tüfəng vardı. O soruşdu: 
- Məgər gələn Şeperdsonlardan deyildi? Ona cavab verdilər ki, yox, əbəs yerə haray qoparıblarmış. 
- Lap yaxşı, - deyə o cavab verdi. 
– Əgər onlar olsaydılar, hec olmazsa birini güllə ilə vuracaqdım. Hamı gülüşdü, Bob isə dedi: 
- Bak, bəs harada qalmışdın? Sən orda tərpənincə onlar skalpımızı soyardılar. 
- Əlbəttə, heç kim gəlib məni oyatmayıb, bu lap nankorluqdur. Həmişə məni gözümçıxdıya salırlar, belə olsa, mən heç vaxt özümü göstərə bilməyəcəyəm. 
- Eyb etməz, Bak, - deyə qoca dilləndi, - özünü göstərməyə vaxt taparsan. Hər şeyin öz vaxtı var, narahat olma. İndi isə get, anan deyəni elə.
Mən Bakla yuxarıya qalxıb onun otağına getdim, o, mənə bir köynək, bir gödəkcə və bir tuman verdi, onları əynimə keçirtdim. Mən geyinərkən o, adımı soruşdu, mən ona cavab verməyə macal tapmamış, srağagün meşədən tutduğu ala qarğa ilə krolik haqqında nağıl etməyə başladı, sonra isə Musa peyğəmbərin şam sönərkən harada olduğunu soruşdu. Mən dedim ki, bilmirəm, hətta bu haqda heç vaxt eşitməmişəm. 
- Onda tap görək, - deyə o, cavab verdi. 
- Birinci dəfə eşitdiyim halda necə tapa bilərəm? 
- Demək, tapa bilmirsən? Axı, bu lap adi şeydir. 
- Hansı şamı deyirsən? - deye soruşdum. 
- Hansı şam olduğunun nə mənası var ki, - deyə o, cavab verdi. 
- Bilmirəm harda olub. Yaxşı, de görək harda olub! 
- Harda, harda, qaranlıqda! 
- Əgər bilirdinsə, daha məndən niyə soruşurdun? 
- Axı bu tapmacadır, necə olur ki, bilmirsən? Bir de görək, bizdə çoxmu qonaq qalacaqsan. Həmişəlik qal. İndi dərsimiz yoxdur, səninlə yaxşı kef edərik. Sənin itin varmı? Mənim var: taxta parçasını suya atırsan, gedib gətirir. Sən bazar günləri saçını daramağı və bu cür başqa səfeh işləri xoşlayırsanmı? Mən xoşlamıram, ancaq anam məcbur edir. 


Bu tumanları da zəhrimara qalsın. Geymək lazımdır, amma adam hec istəmir, yaman isti olur. Son hazırsanmı? Yaxşı, gedək. 


Onlar aşağıda bu şeylərə məni qonaq etdilər: soyuq qarğıdalı qoğalı, duzlanmış soyuq ət, təzə yağ, ayran - mən ömrümdə heç vaxt bu qədər ləzzətli şeylər yeməmişdim. İki cavan qızdan və çıxıb getmiş zənci qadından başqa hamısı, Bak ilə onun anası da gödək qəlyan çəkirdilər. Onlar qəlyan çəkə-çəkə söhbət edir, mən də yeyə-yeyə onların söhbətinə qarışırdım. Hər iki qız saçları dağınıq halda yorğana bürünüb oturmuşdu. Onların hamısı məni sorğu-sual edir, mən də onlara atam və bütün ailəmizlə birlikdə Arkanzasın lap ucqar bir yerindəki kiçik fermada yaşadığımızdan, bacım Meri-Ennin evdən qaçıb ərə getməsindən və onun barəsində daha heç bir şey eşitməməyimizdən, Billin isə onu axtarmağa gedib xəbərsiz itməsindən, Tom ilə Mortun isə ölməsindən və bizim - atam ilə mənim daha heç bir kəsimizin qalmamasından, atamın da qayğı və dərddən üzülüb əldən düşməsindən danışdım; sonra sözümə davam edib dedim ki, ferma bizimki olmadığından atamın ölümündən sonra qalmış olan şeyşüyümüzü yığışdırıb adi sərnişin kimi çayyuxarı yollandım, sonra isə paroxoddan çaya yıxıldım; bax, bu  yolla da gəlib buraya çıxdım. Belə olduqda onlar mənə dedilər ki, nə qədər istəsəm, burada yaşaya bilərəm. Bundan sonra hava işıqlanmağa başladı, hər kəs öz yataq otağına getdi, mən də Bakla birlikdə uzanıb yatdım, səhər yuxudan ayıldıqda nə qədər fikirləşdimsə, adım yadıma düşmədi. Bir saata qədər yerimin içində uzanıb fikirləşdim, Bak oyandıqda isə ondan soruşdum: 
- Bak, sən yazı yazmaq bacarırsanmı? 
- Bacarıram, - deyə o cavab verdi. - Ola bilməz, mənim adımı yaza bilməzsən. 
- Səndən də yaxşı yazaram. 
- Yaxşı, yaz görək. 
- Corc Cekson, - budur bax! 
- Düzdür, yaza bilirsən, - deyə cavab verdim, - mən isə elə bilirdim ki, yaza bilməzsən. Bu elə bir ad deyil ki, əvvəlcədən öyrənmədən bər bir kəs yaza bilər. 


Mən özüm də bunu gizlincə yazdım: fikirləşdim ki, birdən onun necə yazıldığını soruşanda mən də duruxmadan, adət etdiyim iş kimi sərbəst yazaram. 


Bu, çox gözəl ailə idi, ev də yaxşı ev idi. Mən heç vaxt kənddə belə gözəl müxalləfatı olan, yaxşı bir ev görməmişdim. Evin baş qapısı nə dəmir rəzə, nə də qayışlı taxta rəzə ilə bağlanırdı, qapını bağlamaq üçün şəhər evlərindəki kimi yumru mis dəstəyi hərlətmək lazım idi. Qonaq otağında nə bir çarpayı, nə də çarpayıya oxşar şey var idi, halbuki, hətta şəhərdə də bir çox evlərin qonaq otaqlarında çarpayılar olur. Buxarı çox böyük idi, aşağıdan ətrafına kərpic düzülmüşdü; kərpiclərin həmişə tamiz olması üçün onların üstünə su tökür və başqa kərpiclə sürtürdülər; bəzən kərpicləri şəhər qaydasıyla "qəhvəyi ispan rəngi" deyilən qırmızı rənglə rəngləyirdilər. Sacayağı misdəndi və elə böyük idi ki, yekə bir tiri də üstündə saxlaya bilərdi. Buxarı taxtasının ortasında, şüşə altında bir saat var idi, şüşənin aşağı hissəsində bir şəhər şəkli çəkilmişdi, burada günəşi əvəz edən bir dairə var idi, bu dairədən saat kəfgirinin necə hərəkət etdiyi görünürdü. 


Saatın tıqqıltısını eşitmək çox xoş idi; bəzən səyyar saatsaz evə gəlir, saatı təmizləyib qaydaya salırdı, onda saat lap əldən düşüncəyədək, dalbadal azı iki yüz dəfə vururdu. Ev sahiblərinə nə qədər pul versəydilər, bu saatdan əl çəkməzdilər. Saatın sağında və solunda bir növ tabaşirə oxşar maddədən düzəldilmiş, bu yerlərin tutuquşularına bənzəməyən, olduqca ala-bəzək tutuquşular qoyulmuşdu; bunlar çox yekə idilər. Bir tutuquşunun yanında saxsı pişik, o birisinin yanında isə saxsı it var idi; onları üstdən basdıqda civildəyirdilər; yalnız ağızları açılmır, bir də sifətləri dəyişməyib eynən eləcə laqeyd qalırdı. Onlar aşağıdan civildəyirdilər. Bütün bu şeylərin arxasinda vəhşi hindxoruzunun lələklərindən düzəldilmiş iki böyük yelpik açılmışdı. Otağın ortasındakı stolun üstünə ağzınacan alma, portağal, ərik və üzüm dolu yekə bir səbət qoyulmuşdu; bu meyvələr əsl meyvələrdən xeyli qəşəng və daha xoş rəngli idi, ancaq bilinirdi ki, bunlar əsl meyvə deyildir, çünki bəzi yerləri çatlamışdı və onların düzəldilmiş olduğu kirəc və ya tabaşir rəngin altından ağappaq görünürdü. 


Stolun üstünə qırmızı və göy rənglə haşiyə içərisində qartal şəkli çəkilmiş qəşəng müşəmbə salınmışdı. Mənə dedilər ki, bu müşəmbəni Filadelfiyanın lap özündən gətiriblər. Stolun hər dörd küncündə səliqə ilə bir-birinin üstünə yığılmış kitablar qoyulmuşdu. Onlardan biri, şəkilləri olan böyük ailə Tövratı, o birisi isə "Züvvarın səyahəti" idi; bu kitab, ailəsini atmiş bir adam haqqında idi, ancaq onun öz ailəsini nə üçün atdığından kitabda danışılmırdı. Mən müxtəlif vaxtlarda onu bir neçə dəfə varaqlayıb oxudum. Maraqlı yazılmışdı, ancaq o qədər də aydın deyildi. Orada çox maraqlı hekayələri və şeirləri olan "Dostluq hədiyyələri" də var idi, ancaq mən şeirləri oxumurdum. Henri Kleyin "Nitqləri" və həkim Hannın "Evdə müalicə kitabı" da burada idi; "Evdə müalicə kitabı"nı oxuyanlar, bir adam azarlayanda, yaxud öləndə nə etmək lazım olduğunu öyrənə bilərdilər. Stolun üstündə dua kitabı və digər müxtəlif kitabçalar da vardı. Stolun ətrafında gözəl və çox möhkəm hörmə stullar düzülmüşdu, daha bunlar köhnə zənbil kimi əzik və deşik şeylər deyildi! 


Divarlardan müxtəlif şəkillər asılmışdı, bunların çoxu Vaşinqtona və Lafayetə  həsr editmiş şəkillərdi, bunda başqa, hər cür döyüşləri təsvir edən şəkillər, Şotiandiya kraliçası Mariya Stüartın şəkli də vardi, şəkillərdən biri isə "Bəyannamənin imzalanması"  adlanırdı. Elə şəkillər də vardı ki, ev yiyələri bunlara "pastel" deyirdilər; bu şəkilləri ev  sahibinin qızlarından biri hələ on beş yaşında ikən çəkmişdi; indi o yox idi, ölmüşdü. Mən belə şəkillərdən heç yerdə görməmişəm, onlar olduqca qara idi. Bunlardan birində, əyninə baş kələmə oxşar qolları olan yaxası tarım, dar qara paltar geyib, başına çalova bənzər qara vuallı qara şlyapa qoymuş bir qadın şəkli çəkümişdi; qadının paltarı altından isə üzü qara qaytanla çal-çarpaz bağlanmış İskənə kimi dar, qara tufliləri olan nazik, ağappaq qıçları görünürdü. Qadın məhzun bir söyüd ağacı altında durub fikirli halda sağ dirsəyinə bir qəbrin başdaşına söykənmişdi, o sol əlində ağ yaylıq və kiçik bir sumka tutmuşdu, şəklin altından isə bu sözlər yazılmışdı. "Ah, doğrudanmı mən səni bir daha görməyəcəyəm!" O biri şəkildə cavan bir qız təsvir edilirdi, onun saçları daranıb təpəsində toplanmış, üstünə stulun söykənəcəyinə oxşar yekə bir daraq sancılmışdı, bir əlində arxası üstə uzanmış ölü bir quş vardı, qız o biri əlindəki yaylıqla gözlərini silib ağlayırdı, şəklin altında isə belə yazılmışdı: "Ah, mən bir daha sənin şən civiltini eşitməyəcəyəm!" Belə bir şəkil də var idi: cavan bir qız pəncərə qabağında dayanıb Aya baxırdı, yanaqlarından göz yaşı axirdı; o bir əlində qara möhürlü açıq zərf tutmuş, o biri əliylə zəncirli medalyonu dodaqlarına yapışdırmışdı, şəklin altında isə yazılmışdı: "Ah, görasən sən doğrudanmı daha yoxsan? Bəli, əfsuslar olsun ki, sən daha yoxsan!" Şəkillər yaxşı idi, ancaq, nə isə mənim o qədər də xoşuma gəlmirdi, çünki bir qədər kədərli olanda bu şəklə baxsan dərdinb daha da artar. Bu qızın ölümünə hamı təəssüf edirdi, çünki onun çəkməyə başlamış olduğu bela şəkillər az deyildi. Elə çəkilib tamamlanmış şəkillərdən də onun qohumlarının necə böyük bir itkiyə düçar olduqlarını hamı görə bilərdi. Mənə elə gəlirdi ki, ondakı xasiyyətə görə, onuın üçün qəbiristanlıqda daha xoş keçər. Xəstələnməmişdən qabaq, deyirlər ki, əvvəlkilərdən daha yaxşı bir şəkil çəkməyə başlayıbmış ki, bu şəkli çəkib qurtarmayınca ölməsin, ancaq bəxti gətirməyib ölüb, şəkli çəkib qurtara bilməyib. 


Həmin şəkildə uzun ağ paltarlı gənc bir qadın özünü körpüdon atmağa hazırlaşırdı; onun saçları kürəyinə tökülmüşdü, özü Aya baxırdı, yanaqlarından göz yaşları axırdı; o iki əlini sinəsinin üstünə çarpazlamışdı, iki əlini qabağa uzatmışdı, daha iki əlini isə Aya tərəf qaldırmışdı. Rəssam qız əvvəlcə baxmaq istəmişdi ki, görsün hansı yaxşıdır, sonra isə artıq əlləri pozub silsin, ancaq bayaq dediyim kimi, müəyyən bir qərara gəlməmiş ölmüşdü, qohumları isə həmin şəkli onun çarpayısı üstündən açmışdılar və qızın anadan olan günündə həmişə şəkli gül-çiçəklə bəzəyirdilər. Başqa vaxtlarda isə şəklin üstünə kiçik pərdə salırdılar. Şəkildəki gənc qadının üzü çox göyçək idi, ancaq əlləri olduqca çox idi və buna görə də, məncə hörümçəyə oxşayırdı. Həmin qız sağ ikən özü üçün bir albom düzəldib dəfnlər haqqındakı elanları, bədbəxt hadisələr və iztirablar çəkməsinə baxmayaraq, çox səbirli olan adamlar haqqındakı qısa məqalə və xəbərləri “Presviterian qezeti"ndən kəsib ona yapışdırar və onlar haqqında özü şeirlər yazarmış, şeirlər çox yaxşı idi. 


Əgər Emmelina Qrencerford hələ heç on dörd yaşı yox ikən bu cür şeirlər yaza bilibsə, onda bir görün, bir vaxtlar ondan nə çlxardı. Bak deyirdi ki, şeir yazmaq bu qız üçün yüngül bir şey idi. O heç bir dəqiqə də fikirləşmirmiş. Bəzən görürdün ki, bir misra yazır, amma buna qafiyə tapa bilməyir, belə olduqda onu pozur, yeni bir misra yazır və gerisi də öz-özünə axıb gelir. O çox da baş sındırmır, hər nə barədə olursa olsun həvəslə yazırdı, təki kədərli şey olaydı. Bir kimsə - istər kişi, istər arvad, yaxud nşaq olsun - ölən kimi, meyit hələ soyumamış qız şeri ilə orada hazır olurdu. O bu cür şeirlərə "mərhuma borcum" deyirmiş. Qonşular deyirdilər ki, birinci həkim gəlirdi, sonra Emmelina, bundan sonra isə tabut qayıran usta; yalnız bir dəfə tabut qayıran usta Emmelinadan əvvəl gəlibmiş, buna da səbəb mərhumun familiyasına qafiyə tapmaması olmuşmuş, mərhumun adı isə Uistlermiş. Qız ona dəyən bu zərbədən heç cürə ayılıb özünə gələ bilmirmiş, gündən-günə arıqlayıb solmuş və bundan sonra çox ömür sürə bilməmlşdi. Zavallı qız, mən onun otağına nə qədər baş çəkirdim! Onun çəkdiyi şəkillər əsəblərimi pozduqda və mənim ona aciğım tutmağa başlayanda, köhnə albomunu götürüb oxumağa başlayırdım. Bu ailənin bütün üzvləri, mərhumları da, sağları da xoşuma gəlirdi, mən onların heç birindən heç vaxt küsmək istəmirdim. Yazıq Emmelina sağ olarkən bütün ölülərə şer yazırmış, indi o, öldükdon sonra isə heç kəsin ona şeir qoşmaması adama haqsızlıq kimi görünürdü; mən bir şeir yazmaq istədim, amma heç bir şey çıxmadı. Emmelinanın otağını həmişə təmiz saxlayırdılar, otaqdakı şeylər, onun sağ ikən xoşuna gələn qaydada qoyulmuşdu; onun otağında heç kəs yatmırdı. Onların zənciləri çox olsa da həmin otağın təmizliyinə qarı özü baxırdı, çox vaxt orada oturub şey tikir, Tövratı da, demək olar ki, həmişə orada oxuyurdu. Qonaq otağı haqqında mən sizə nağıl etmişdim; onun pəncərələrindən çox gözəl ağ pərdələr asılmışdı; bu pərdələrin üstünə müxtəlif şəkillər çəkilmişdi, bunlarda: başdan-ayağa məxmərlə haşiyələnmiş qəsrlər, ətrafında heyvan sürüləri olan bulaqlar da var idi. Qonaq otağında, elə bil ki, içərisi tənəkə tavalarla dolu köhnə bir piano vardı; qızların "Biz ayrıldıq" mahnısnı oxumaları, yaxud "Praqa yaxınlığındakı döyüş" musiqisini çalmaları mənə böyük zövq verirdi. Bütün otaqların divarları ağardılmışdı, yer hərnişə xalılarla döşənmiş olurdu, bayir tərəfdən isə evə başdan-ayağa mala çəkilmişdi. Malikanə əsas bina ilə onun yanlarındakı iki əlavə tikilidən ibarət idi, əlavə tikililər arasında isə taxta döşənib, dam düzəldilmişdi, belə ki, bəzən orada nahar üçün süfrə açırdılar; bura çox gözəl, rahat və sərin bir yer idi. Bunda yaxşı bir şey ola büməzdi! Bir də ki, onlar çox dadlı xörəklər bişirirdilər, həm də yemək xirtdəyəcən verilirdi!