Şeirlər

İsa Körpülü. Qazax

Ləhcəsi var şirin-şəkər qəzəldən,
Qəlbi geniş asimandı bil, Qazax.
Şeir, sənət ocağıdır əzəldən,
Söz mülkünə xanimandı, bil, Qazax.

 

Dan sökülüb yol salanda gündüzə,
Göyəzəni ilham verir gündüzə.
Görünməmiş möcüzədir, möcüzə,
Cənnət kimi bir məkandı, bil, Qazax.

 

 

Varmı Kürün sevgisindən xəbərin?
Sevgilisi, sevincidi Xəzərin.
Çıx Aveyə, qoy sevinsin gözlərin,
Bir qənirsiz Gülüstandı, bil, Qazax.

 

Bu yerlərin Dilbazi tək qızı var,
Tər çiçəkli, bənövşəli yazı var,
Ruh oxşayan min avazlı sazı var,
Oxunmamış bir dastandı, bil, Qazax.

 

Qonaq gəlib, mehman olsan özünə,
Vurularsan söhbətinə, sözünə.
İlmə salıb düşmənlərin gözünə,
Dağ çəkəndi, dağlayandı, bil, Qazax.

 

Torpağına göz dikənlər dərd dərər,
İstər qızı, istər oğlu ərdi, ər,
İgidləri Kərəm kimi mərddilər,
Əzəl gündən qəhrəmandı, bil, Qazax.

 

İsa, demə mən didərgin çağlıyam,
Bu ormana varlığımla bağlıyam,
Görməyəndə az qalıram ağlıyam,
Anam qədər mehribandı, bil, Qazax.