Mark Tven. Heklberri Finnin macəraları. XX fəsil
Onlar bizə müxtəlif suallar verməyə başladılar, soruşdular ki, salı nə üçün belə örtmüşük, gündüzlər üzüb getmək əvəzinə nə üçün dayanırıq, bəlkə Cim qaçqındır? Mən onlara cavab verib dedim:
- Siz nə danışırsınız? Məgər qaçqın zənci Cənuba qaçarmı? Onlar razılaşdılar ki, doğrudur, qaçmaz. Mən birtəhərlə bu çətin vəziyyətdən çıxmalı idi, buna görə də belə nağıl etməyə başladım.
- Mənim yaxın qohumlarım Missuri ştatının Payk dairəsində yaşayırdılar, mənim özüm də orada anadan olmuşam, ancaq məndən, atamdan və qardaşım Aykdan başqa hamısı ölübdür. Atam hər şeyi atıb yaşamaq üçün Ben dayımın yanına köçməsi qət etdi; çayın aşağı tərəflərində, Yeni Orleanın qırx dörd milliyində Ben dayımın kiçik bir ferması var. Atam yaman kasıblaşmışdı, borcu da çox idi, hər şeyə birdəfəlik haqq-hesab çəkdikdən sonra onun vur-tut on altı dolları, bir də bizim bu zənci Cim qalmışdı. Onda qalan pulla min dörd yüz millik bir yolu heç üçüncü dərəcəli kayutla belə getmək olmazdı. Ancaq çayın suyu qalxdıqda, atamın bəxti gətirdi, o, bax həmin bu salı tutdu və biz Orleana qədər bu salda getməyi qət etdik. Ancaq atamın səadəti uzun sürmədi, bir paroxod gəlib salın üstünə çıxdı, biz hamımız çaya düşüb suyun dibinə getdik; Cimlə mən birləhər üzüb suyun üzünə çıxdıq. Sərxoş atamla, cəmisi dörd yaşında olan qardaşım Ayk isə batdı. Sonrakı iki günü çox əlləşməli olduq, çünki qayıqlarda hər cür adamlar üzüb yanımıza gəlir və Cimi məndən alıb aparmaq istəyirdilər, deyirdilərki, o, yəqin qaçqın zəncidir. Buna görə də indi biz gündüzlər dayanırıq, gecələr isə bizə toxunan olmayır. Hersoq dedi:
- Bunu mənə həvalə edin, lazım olanda gündüzlər də üzmək üçün mən bir çarə axtarıb taparam. Mən hər şeyi yaxşıca fikirləşib bunu necə təşkil etmək qərarına gələrəm. Bu günlük qoy hər şey olduğu kimi qalsın; aydın məsələdir ki, gündüz şəhər yanından üzüb keçməyə hazırlaşmırıq, çünki bundan yalnız zərər çəkə bilərik.
Axşama yaxın hava tutuldu: hiss olunurdu ki, yağış yağacaq, üfüqdə tez-tez şimşək parıldayırdı, hər şey göstərirdi ki, fırtına başlayır. Hersoq ilə kral yorğandöşəyimizin necə olduğuna baxmaq üçün çadıra girdilər. Mənim döşəyim Ciminkindən yaxşı idi, içinə saman doldurulmuşdu; Cimin döşəyi isə qarğıdala qabığından düzəldilmişdi, qabığın içinə isə həmişə qarğıdalı özəyi düşür və adamın yanlarına batıb ağrıdır, o yan-bu yana çevrildikdə isə qarğıdalı qabığı yarpaqlar kimi xışıldayır və elə səs salır ki, istər-istəməz oyanırsan. Buna görə də hersoq mənim döşəyimi özü üçün götürməyi qət etdi, kral isə buna razı olmadı. O dedi:
- Mənə elə gəlir ki, mənsəbimin səninkindən yüksək olduğunu və buna görə də qarğıdalı qabığından qayrılmış döşəkdə yatmağın mənə layiq olmadığını gərək özünüz başa düşəydiniz. Qoy zati-aliləriniz qarğıdalı qabığından olan döşəyi özü üçün götürsün.
Cim ilə mən onların bu dəqiqə yenə küsəcəklərini düşünərək qorxduq, lakin hersoqun ona verdiyi cavab bizi sevindirdi. O dedi:
- Mənim nəsibim istibdadın dəmir pəncəsı altında əzilib çirkaba batmaqdır. Bədbəxtlik və fəlakətlə mənim bir vaxtlar məğrur olan ruhumu sarsıtmışdır; mən güzəşt edir, tabe oluram, mənim taleyim belədir. Bu böyük dünyada kimsəsiz olub izlirab çəkməyə məhkumam: nə olar ki, buna da dözərəm.
Biz, hava qaralan kimi yolumuza davam etdik. Kral yolumuz üstündəki şəhəri keçib gedənə qədər salı çayın ortası ilə sürməyi və fənər yandırmamağı buyurdu. Azca sonra biz toplu halda işıqlar gördük, bu şəhər idi, qaranlıqda onun yanından sağ-salamat sürüşüb getdik. Daha dörddu üç mil üzdükdən sonra öz işarə fənərimizi asdıq, saat ona yaxın isə külək qalxdı, yağış tökdü, goy guruldayıb ildırım çaxaraq hər yanı işıqlandırdı; kral Cim ilə mənə tufan qurtarana kimi növbədə durmağı əmr etdi. Sonra hersoqla o, çadırın içinə girib yatmaq üçün uzandılar. Mən gecə yarıdan sonra növbə çəkməli idim, lakin yorğan-döşəyim olsaydı belə yenə də yatmazdım, çünki belə fırtınanı görmək adama hər gün nəsib olmur.
Bir fırtına idi ki, gəl görəsən. Külək vıyıldayır, hər saniyə elə ildırım çaxırdı ki, yarım mil ətrafda çayın köpüklənən dalğalanın, sıx yağış pərdəsi ardında sanki üstünü toz basmış olan kiçik adaları, küləyin gücü ilə əyilib yerə yatan ağacları görmək olurdu; sonra isə - gum! Gum! Tax! Tra-ta-ta-ta-ta! - Belə səslər çıxarda-çıxarda göy guruldayır, ətrafa yayılır və susurdu, sonra bir də, yenə ildırım çaxır, yenə göy guruldayırdı. Dalğalar bir neçə dəfə məni az qala saldan salacaqdı, lakin bu məni qorxutmayırdı, çünki soyunub lüt oturmuşdum. Biz su basmış ağaclardan da qorxmurduq; çünki ildırım tez-tez çaxıb ətrafi işıqlandırırdı: biz də su basmış ağacları çox yaxşı görür, salı bu və ya digər tərəfə döndərərək onların yanından ötüb keçməyə macal tapırdıq.
Bildiyimiz kimi, mən gecə növbəsində idim, lakin bu vaxt yaman yuxum gəldi, buna görə də Cim mənə dedi ki, gecənin birinci yarısını mənim də əvəzimə növbə çəkər; bu barədə söz olmazdı, yaman qoçaq idi. Mən iməkləyə-iməkləyə gedib çadıra girdim, ancaq hersoq ilə kral yerə elə sərilmiş, ayaqlarını elə geniş açmışdılar ki, mənim üçün bir balaca yer də qalmamışdı; mən çadırın qabağında uzandım, yağışa heç fikir də vermədim, çünki hava ilıq idi, dalğalar da əvvəlki kimi böyük və güclü deyildi. Lakin gecə saat ikiyə yaxın yenə dalğalar böyüyüb qalxır, Cim məni oyatmaq istəyir, sonra isə bu fikirdən vaz keçir, ona elə gəlir ki, dalğalar o qədər də böyük deyil və bundan bir ziyan dəyməz; lakin o səhv edir, çünki, birdən çox uca bir dalğa üstümə cumub məni saldan suya atdı. Bunu görən Cim gülməkdən uğunub getdi. O çox güləyən adam idi, mən onun kimi zənci görməmişdim.
Mən sala çıxıb növbə çəkməyə başladım, Cim isə uzanıb xoruldadı, azca sonra fırtına tamam sakitləşdi, sahildəki balaca evlərdə ilk işıq görünən kimi Cimi oyatdım, birlikdə salı, gündüz dayanacağı üçün xəlvət bir yerə çəkdik.
Səhər yeməyindən sonra kral bir dəst köhnə, çirkli kart çıxardıb hersoqla birlikdə hər oyunu beş sentdən poker oynamağa başladı. Oynayıb bezikdikdən sonra isə özlərinin dedikləri kimi "kampaniyanın planını tərtib etməyə başladılar". Hersoq əlini yol çantasına salıb oradan bir qucaq çap olunmuş kiçik afişa çıxararaq ucadan bizə oxumağa başladı. Afişaların birində deyilirdi ki, "məşhur doktor, parisli Arman de Mən-talban: "Başdakı şişlərə əsasən insanın xarakterini necə bilmək olar" mövzusunda mühazirə oxuyacaqdır", sonra afişada mühazirənin hansı yerlərdə, hansı ayın hansı günündə oxunacağı, daxil olmaq biletinin on sent olduğu göstərilir və deyilirdi ki, "gələcəklərini əvvəlcədən bilmək istəyənlərdən adambaşına iyimü beş sent almır". Hersoq dedi ki, həmin doktor elə onun özüdür. Başqa bir afişada isə o "Dnıri Leyn London teatrında Şekspir pyeslərinin ifaçısı, bütün dünyada şöhrət qazanmış tragik Kiçik Harrik" adlandırılırdı. Digər afişalarda da o başqa familiyalar altında müxtəlif qəribə işlər görürdü, məsələn, qoz ağacından olan bir çubuqla su və qızıl tapır, sehrli ovsunları pozur və sairə. Nəhayət, hersoq dedi:
- Ancaq tragik ilham mənə hər şeydən daha əzizdir. Zati-aliləri, siz heç səhnədə çıxış etməli olmusunuzmu?
- Yox, - deyə kral cavab verdi. Hersoq soruşdu:
- Elə isə, ey keçmiş zati-aliləri, ən azı üç gündən sonra çıxış etməli olacaqsınız. Gedib çatacağımız ilk şəhərdə bir zal icarə edib "ÜI Riçarddan" qılınc döyüşünü, "Romeo və Cülyetta"dan balkon səhnəsini oynarıq. Sizin buna sözünüz nədir?
- Mən, əlbəttə ki, hər bir qazanclı işin tərəfdarıyam, ancaq, bilirsinizmi, artist oyunu haqqında heç bir təsəvvürüm yoxdur, həm də, demək olar ki, mən heç artist görməmişəm. Atam artistləri saraya dəvət edən vaxtlarda mən lap uşaq idim. Bəs sizin fikriniz nədir, məni öyrədə bilərsinizmi?
- Bəs necə! Bu çox asan işdir!
- Onda, mən razı. Əllərim çoxdan gicişir, nə isə yeni bir şey etmək istəyirəm. Gəlin elə indicə başlayaq. Bundan sonra hersoq lazım olan hər bir şeyi: əvvəlcə Romeonun, sonra da Cülyettanın kim olduğunu ona söylədi və əlavə etdi ki, özü Romeo rolunu oynamağa adət etmişdir, buna görə də kral Cülyetta rolunu oynamalı olacaqdır.
- Əgər Cülyetta çox cavan qızsa, bəs onda mən öz daz başım və Çal saqqalımla bir qədər qəribə görünmərəmmi?
- Yox, canım. Narahat olmayın, bu, avam kəndlilərin heç ağlına da gəlməz. Həm də siz kostyumda olacaqsınız, bu ise tamam başqa bir işdir. Cülyetta yatmamışdan əvvəl balkona çıxıb böyük bir həvəslə Aya tamaşa edir, onun əynində gecə köynəyi, başında qabağı büzməli gecə papağı vardir. Bax budur, həmin rollar üçün kostyumlar buradadır.
O, pərdəlik çitdən iki-üç kostyum çıxarıb dedi ki, bunlar ÜI Riçard ilə onun düşməni üçün orta əsr geyimləridir; sonra da ağ kalenkordan uzun bir gecə paltarı və qabağı büzməli gecə papağı çıxartdı. Kral sakit oldu. Hersoq bir kitab çıxarıb rolları böyük bir ciddiyyət və əzmlə oxumağa başladı; o, salın üstündə o tərəf-bu tərəfə gedərək bunu necə oynamaq lazım olduğunu göstərirdi; sonra kitabı krala verib dedi ki, rolunu əzbərləsin.
Çayın döngəsindən təxminən üç mil aşağıda kiçik bir şəhər görünürdü; nahardan sonra hersoq dedi ki, bir şey düşünüb tapıb və biz indi Cim üçün zərrə qədər də narahat olmadan gündüzlər də üzə bilərik; Kral da qət etdi ki, getsin şəhərə, bətkə əlinə bir şey keçdi. Qəhvəmiz qurtarmışdı, buna görə də Cim dedi ki, mən də onlara gedib qəhvə alım.
Biz şəhərə çatdığımız zaman orada elə bil ki, hər şey ölüm yuxusuna getmişdi. Küçələr bomboş və sakit idi, elə bil ki, bazar gunüydü. Biz həyətlərin birində xəstə zənciyə rast gəldik və ondan öyrəndik ki, xəstələrdən, bir də qoca və uşaqlardan başqa bütün şəhər iki mil uzaqliqdakı meşəyə, dua mərasiminə getmişdir. Kral oraya necə getmək mümkün olduğunu soruşub dedi ki, bu dua mərasimindən mümkün ola bilən hər şeyi qoparmağa çalışacaqdır; mənə də icazə verdi ki, onunla gedim.
Hersoq dedi ki, o, mətbəəyə getməlidir. Biz axtarıb azca sonra mətbəəni bir xarrat emalatxanasının üstündəki kiçik bir binada tapdıq; xarratların və mürəttiblərin hamısı dua mərasiminə getmiş, hətta qapıları da açıq qoymuşdular.
Bina çirkli olub hər cür köhnə şey-şüylə dolu idi; divarlar başdan-ayağa mürəkkəb ləkəsinə bulanmışdı, hər yanda qaçqın zəncilər və satlıq atlar haqqında elanlar asılmışdı. Hersoq pencəyini çıxarıb dedi ki, daha ona heç bir şey lazım deyildir. Kral ilə mən dua mərasiminə getdik.
Təxminən saat yarım yol gedəndən sonra oraya çatdıq. Hava bərk isti olduğundan tərsu içində idik. Buraya bütün mahaldan ən azı min adam toplaşmışdı, çoxları iyirmi mil uzaqdan gəlmişdi.
Meşə atla dolu idi, atların bəziləri arabalara qoşulmuş, digərlərisə hara gəldi bağlanmışdı; atlar quyruqlarını yellədərək milçəkləri qovur, təknələrdəki yemi gövşəyərək yeyirdilər. Payalardan düzəldilib üstləri yaşıl budaqlarla örtülmüş çadırlarda zəncəfili qoğallar, limonad, yığın-yığın qalanmış qarpız, sütül qarğıdalı və başqa tərəvəz satırdılar.
Elə buna bənzər, ancaq bir qədər iri və içi ağzınacan adamla dolu olan çadırlarda moizəyə qulaq asırdılar. Burdakı skamyalar yandan yzununa kəsilmiş şalbanlardan düzəldilmişdi; şalbanların başlarından deşiklər açıb ayaqlıq əvəzinə bu deşiklərə taxta keçirmişdilər. Skamyaların söykənəcəyi yox idi. Vaizlər üçün hər bir çadırda taxta pillə düzəltmişdilər.
Qadınlar başlarına həsir şlyapalar qoymuşdular, bəziləri əyinlərinə yarımyun, digərləri pambıq, cavanlar isə çit paltar geymişdilər. Cavan oğlanlardan bəziləri ayaqyalın gəlmişdi, uşaqlar isə bircə kotan köynəklə o yan-bu yana yüyürüşürdülər. Qarılar əllərində şey toxuyur, cavanlar xəlvət-xəlvət bir-birinə göz vururdular.
Bizim girdiyimiz birinci çadırda vaiz dini kitabdan dua oxuyurdu. O, iki sətir oxuyan kimi hamı bir səslə bunu təkrar edirdi; xor çox əzəmətlə səslənirdi, adam çox idi və hamısı ruh yüksəkliyi ilə oxuyurdu; sonra vaiz yenə iki sətir oxuyur, xor da təkrar edirdi, dua bu qayda ilə gedirdi. İbadətçilər getdikcə daha da ruhlanaraq coşur və daha bərkdən oxuyurdular, axıra yaxın bəziləri inildəyir, digərləri isə çığırırdılar. Bu vaxt vaiz vəz etməyə başladı, həm də elə-belə, başdansovdu yox, böyük həvəslə: əvvəlcə kafedranın bir tərəfinə, sonra da o biri tərəfinə, daha sonra isə qabaq tərəfinə əyildi, əllərini havada yelləyib bütün bədənini tərpədərək hər bir sözü var səsilə qışqırmağa başladı. O, arabir Tövratı açıq tutub başı üzərində yuxarıya qaldırır, gah da o tərəfə çevirir və qışqırırdı: "Bu bir tilsimdir. Buna baxın, şəfa taparsınız!" Hamı bir ağızdan ona səs verirdi: "Allah, sənə çox şükür! A-a-min!".
Sonra o gerisini vəz etməyə başladı, ibadətçilərin bəzisi hıçqırır, bəzisi ağlayır, bəzisi də "amin" deyə qışqırırdı.
- Dinə tövbə edənlər buraya gəlsin! Günaha batanlar buraya gəlsin! (Amin!) Xəstələr və bəlakeşlər buraya gəlsin! (Amin!) Çolaqlar, korlar və şikəstlər buraya gəlsin (Amin!) Yorulmuş, əldən düşmüş və təhqir olunmuşlar buraya gəlsin! Ruhdan düşənlor buraya gəlsin! Ürəklərinə dağ çəkilənlər buraya gəlsin! Günahı yuyulmayanlar, cındır paltarlılar buraya gəlsin! Günahları yuyan su fəvvarə vurmuşdur! Behiştin qapıları üzünüzə açılmışdır! İçəri keçib rahat olsun! (A-amin! Halliluya, halli-luya1 , Allah, sənə çox şükür!)
Sonra da bu qayda ilə davam etdi.
Qışqırıq və fəryaddan faizin nə dediyini eşitmək olmurdu. Gah bir tərəfdə, gah da o biri tərəfdə adamlar yerlərindən qalxıb göz yaşı axıda-axıda pis əməllərini tövbə edənlərə məxsus skamyaya tərəf keçmək istəyirdilər; pis əməllərini tövbə edənlərin hamısı qabaq skamyaların yanına gəlib toplaşdıqda oxumağa, haray qoparıb özlərini dəlisov adamlar kimi üzüqoylu halda həşəmin üstünə yıxmağa başladılar.
Özümü ələ almağa macal tapmamışdım ki, bir də gördüm kral da günahlarını tövbə edənlərə qoşulub hamıdan bərk bağırır, sonra o, vaiz üçün düzəldilmiş taxta pilləyə çıxdı. Vaiz ondan xahiş etdi ki, camaatla danışsın, kral da razı oldu. O dedi ki, pirat olmuş, otuz il piratlıq etmiş, Hind okeanında üzmüşdür, lakin bu yaz onun quldur dəstəsinin çox hissəsini qızğın vuruşlarda məhv etmişlər, buna görə də, o indi başına təzə adamlar toplamaq üçün vətəninə qayıtmışdır, ancaq, Allaha çox şükür ki, dünən gecə onu tamam soyub talamış və cibində bir sent pul belə qoymayıb paroxoddan düşürmüşlər, o da buna çox şaddır; onun başına bundan yaxşı bir iş gələ bilməzdi, çünki o, indi yeni adamdır və həyatında ilk dəfə olaraq özünü xoşbəxt hiss edir. İndi o, nə qədər yoxsul olsa da, yenə Hind okeanına gedib çatmağa çalışacaq və bütün həyatını piratları doğru yola çəkməyə həsr edecəkdir; bunu etmak, hər hansı bir başqa adama nisbətən onun üçün daha asandır, çünki Hind okeanındakı bütün pirat dəstələri ona beş barmağı kimi tanışdır; pulsuz oraya gedib çıxmaq çox vaxt aparsa da, fərqi yoxdur, oraya gedib çıxacaq və hər dəfə piratı düz yola qaytarmağa müvəffəq olduqda ona belə deyəcəkdir: "Mənə təşəkkür etmə, burada mənim heç bir xidmətin yoxdur, bunu edən Pokvill sakinləri, insanlığın həqiqi oğulları və xeyirxahları, bir də onların xeyirxah vaizi, hər bir piratın sadiq dostu olan o vaiz etmişdir".
Kral bu sözləri söylərkən göz yaşı axıtdı, onunla birlikdə o biri adamlar da ağladılar. Sonra kim isə çığırdı:
- Gəlin onun üçün pul yığaq, gəlin pul yığaq. Ona qədər adam yerindən sıçrayıb irəli atıldı, lakin bu vaxt kim isə dedi:
- Qoy o özü şlyapasını hamının qabağına tutsun. Hamı, o cümlədən vaiz də bu təklifə razı oldu.
Kral göz yaşlarını silə-silə papağını qabağa uzadıb camaatın arasında dolanmağa başladı; o, hamıya xeyir-dua oxuyur, uzaq dənizlərdəkı yazıq piratlara bu qədər şəfqət göstərdikləri üçün onları tərifləyir, təşəkkür edirdi; ən yaxşı, ən qəşəng qızlar gözləri yaşlı halda tez-tez yerlərindən qalxıb elə-belə, xatirə üçün onu öpməyə rüsxət istəyirdilər, o da hər dəfə razılıq verirdi, bəzilərini isə özü qucaqlayır, dalbadal beş-altı dəfə öpürdü; hamı onu öz şəhərlərində daha bir həftə qonaq qalmağa dəvət edir, öz evlərində yaşamağa çağırır və deyirdi ki, bunu özlərinə böyük bir şərəf hesab edərlər, o isə cavab verdi ki, bu gün dua mərasimi qurtardığı üçün heç bir şey edə bilməz, bundan başqa onun tezliklə Hind okeanına gedib, oradakı piratları düz yola çağırmaq üçün səbir-qərarı qalmamışdır.
Sala qayıtdığımız zaman kral yığmış olduğu pulu saydı; o, həştad yeddi dollar yetmiş beş sent pul yığmışdi. Kral, bundan başqa, meşə ilə qayıtdığımız zaman bir arabanın altındakı üç qallonluq bir viski şüşəsini də çırpışdırıb gətirmişdir.
Kral dedi ki, əgər bunların hamısını üst-üstə gəlsən, vəz etməklə hələ heç bir vaxt bir gündə bu qədər qazanc əldə etməmişdir. Dua mərasimində pul qazanmaq istəyəndə bütpərəstlər piratlarla heç cürə müqayisə edilə bilməzlər. Kral qayıdıb gəlməmişdən hersoqa da elə gəlirdi ki, pis qazanmayıb, kral gəldikdən sonra isə o öz fikrini dəyişdi. O, mətbəədə fermerlər üçün at satımı haqqında iki balaca elan yığıb çap etmiş və bundan ötrü dörd dollar almışdı. Bundan başqa, o, qəzetdə dərc olunmaq üçün on dollarlıq elan qəbul etmiş və demişdir ki, əgar pulu əvvəlcədən versələr bunu dörd dollara çap edər, sifarişçilər də razı olublar. Qəzetə birillik abunə qiyməti iki dollar idi, o isə pulu əvvəlcədən verilmək şərtilə üç abunəçidən adambaşına yarım dollar almışdı; abunəçilər həmişə olduğu kimi pul əvəzinə odun və soğan vermək istəyiblər, hersoq isə deyib ki, mətbəəni təzəcə almış və qiymətləri bacardığı qədər aşağı salmışdır, indi isə işi nəqd pulla görmək istəyir. O, sonra özünün: "Xəstə qəlbim, dağıt, soyut işığı!" misrası ilə başlanan üç bənddən ibarət olan çox kədərli və təsirli şerinı də yığıb çap üçün hazır qoymuş, bundan ötrü heç bir şey almamışdı. Beləliklə, o bütün bu işlərdən ötrü doqquz dollar yarım pul almışdı, özü də deyirdi ki, bu puldan ötrü bütün günü vicdan əzabı çəkib tər tökmüşdür.
Sonra o bizə, başqa bir kiçik elan göstərdi; bundan ötrü də heç bir şey almayıbmış, çünki bunu bizim üçün çap etmişdi. Elandakı şəkildə bir qaçqın zənci təsvir olunurdu; onun çiynindən aşırdığı ağacın ucundan bir düyünçə asılmışdı; şəklin altında isə çap hərflərlə belə yazılmışdı: "200 dollar mükafat verilir". Sonra Cim haqqında danışılır və onun bütün əlamətləri tam təfərrüatı ilə nöqtəbənöqtə təsvir olunurdu. Sonra deyilirdi ki, o, keçən qış Yeni Orleanın qırx milliyindəki Sent-Jak plantasiyasından qaçmışdır, bəm də belə güman edilir ki, Şimala getmişdir, onu tutub geriyə qaytaran adama mükafat veriləcək və onun çəkdiyi bütün xərclər ödəniləcəkdir. Hersoq bizə dedi:
- Hə, indi lazım olarsa, gündüz də üzə bilərik. Elə ki, bir kimsənin bizə tərəf gəldiyini gördük, dərhal Cimin qollarını və ayaqlarını kəndirlə sarıyıb çadıra aparar, bu elanı göstərib deyərik ki, onu çayın yuxarılarından tutmuşuq, paroxodla getməyə pulumuz olmadığına görə də bu salı bir tanışımızdan icarəyə götürmüşük və indi mükafatı almağa gedirik. Cimi zəncirləyib əllərinə qandal keçirtsəydik lap yaxşı olardı, ancaq bu, bizım kimi yoxsul adamlara yaraşmaz. Kəndir isə əsl lazım olan şeydir, bizim səhnə işində deyildiyi kimi, üslubu gözləmək lazımdır.
- Biz hamımız dedik ki, hersoq çox ağıllı düşünüb, indi biz heç bir əngələ rast gəlmədən gündüz də üzərik. Hersoqun mətbəədəki işindən sonra bu kiçik şəhərdə qopacaq hay-küydon uzaq olmaq üçün bu gecə kifayət qədər yol gedə bilərik; sonra isə istəsək heç gizlənmərik də.
Biz axşam saat onadək bir yerdə oturub gözlədik, sonra isə yavaş-yavaş sahildən aralanıb şəhərdən uzağa, çayın ortasına üzdük, şotıər gözdən tamara itincəyədək fənəri asmadıq.
Cim səhər saat dörddə növbə çəkmək üçün məni oyatdıqda, soruşdu:
- Hek, necə bilirsənn, yolumuz üstdə yenədəmi krallara rast gələcəyik?
- Yox... Güman etmirəm ki, rast gələk.
- Onda yenə eybi yoxdur, - deyə Cim dilləndi, - bir-ikisi bizə kifayət edər. Bizim kral həmişə lül qənbər olur, hersoq da ondan dala qalmır.
Demə Cim, ahənginin nə cür olduğuna qulaq asmaq üçün hersoqdan bir-iki kəlmə fransızca danışmasını xahiş edir, o isə Cimə cavab verir ki, çoxdan Amerikada yaşadığından və başı çox əziyyət çəkdiyindən fransız dilini tamam unudubdur.
22.02.2024