Nağıllar, hekayələr

Aysel Mübarizqızı. Çoxbilmiş balaca

Gültac və Gülçin adında 2 bacı var idi. Gültac evin böyük, Gülçin isə kiçik qızı idi. Gülçinin 3 yaşı var idi. Balaca olduğu üçün bacısına nisbətdə daha dəcəl idi. Düşündüklərini tez dilə gətirirdi. Maraqlı fikirləri ilə həmişə valideynlərini, ətrafındakı insanları güldürməyi bacarırdı.


Günlərin bir günü bacılar valideynləri ilə birlikdə mağazaya getdilər.


Mağazada Gülçinin gözü sarı bağlamaya sataşdı. Bağlamanın üzərində pişik şəkli var idi. O, bağlamanı şirniyyata bənzətdi. Atasına səslənərək dedi:
-Ata, mən bunu almağımızı istəyirəm.


Atası təbəssümlə cavab verdi:
-Qızım, o uşaqlar üçün deyil. Pişiklər üçün yeməkdir.


Gülçin bir qədər düşündükdən sonra cavab verdi:
-Ata, elə mən də onu həyətdəki pişiklər üçün almaq istəyirəm.


Çoxbilmiş balacanın bu sözlərinə anası, atası və bacısı Gültac xeyli güldülər.