Aysel Mübarizqızı. Nənənin nəsihəti
Nurlan və Ayxan çox mehriban qardaş idilər. Həmişə hər işdə bir-birlərinə kömək edərdilər.
Günlərin bir günü qardaşlar otaqlarında oyuncaqları ilə oynayırdılar. Birdən analarının səsi eşidildi:
- Uşaqlar, yemək vaxtıdır, gəlin.
Qardaşlar, yaxşı, ana, gəlirik,-dedilər.
Həmin gün hava çox gözəl idi. Göy üzünün mavisi, quşların səsi, günəşin isti hərarəti insana xoş təəssürat bağışlayırdı.
Nurlan yeməyini bitirdikdən sonra qardaşına dedi:
- Ayxan, gedək həyətdə top oynayaq?
- Hə. Amma birinci ataya deyək. Bəlkə o da bizimlə gəlib oynamaq istəyəcək.
Qardaşlar atalarına xəbər etdikdən sonra birlikdə həyətə düşdülər. İki qardaş və ataları xeyli top oynadılar. Artıq hava qaralmaq üzrə idi. Evə qayıtdılar.
Onlar oyuncaqları ilə oynadıqdan sonra yığışdırmağı unutmuşdular. Nənələri isə onları müşahidə edirdi. Nənə uşaqlara yaxınlaşaraq dedi:
- Nurlan, Ayxan, mənim əziz nəvələrim. Sizə bir məsləhət vermək istəyirəm.
Həmişə bir işə başladıqda onu mütləq başa çatdırın. Yalnız bundan sonra növbəti işə keçin. Bu zaman çoxlu uğur əldə edəcəksiniz. İndidən vərdiş edin ki, böyüyəndə də belə davam edəsiniz.