Mark Tven. Heklberri Finnin macəraları. XXV fəsil
Təzə xəbər bir dəqiqənin içərisində bütün şəhərə yayıldı, camaat hər tərəfdən axışıb gəlməyə başladı; bəziləri hətta paltarlarını da qaça-qaça geyirdilər. Azca sonra biz böyük bir izdihamın ortasında idik, elə hay-küy, elə basırıq idi ki, elə bil qoşun hərəkət edirdi.
Adamlar pəncərə və qapılardan başlarını bayıra çıxarmışdılar, hasarların üstündən dəqiqəbaşı biri başını uzadıb soruşurdu:
- Onlardırmı?
Camaatdan biri isə cavab verirdi:
- Onların özüdür!
Biz gəlib Uilkslərin evinə çatdığımız vaxt evin qarşısındakı küçə adamla dolu idi, qapının ağzında isə üç qız durmuşdu. Meri Ceyn, doğrudan da, kürən idi, ancaq bunun heç bir mənası yox idi, çünki kürən olmasına baxmayaraq, gözəl qız idi, əmilərinin nəhayət
gəlib çıxdığını eşidən qızın sevincdən üz-gözü gülürdü. Kral əllərini geniş açdı, Meri Ceyn atılıb onun boynunu qucaqladı. Dovşandodaq isə atılıb hersoqun boynuna sarıldı.
Sevinc və fərəhin hədd-hüdudu yox idi!
Hamının - hər halda qadınların - nəhayət, öz qohumlarını görmələrindən və onların ailələrində belə fərəhli bir əhvalat baş verməsindən gözləri yaşarmışdı.
Sonra kral hersoqu yüngülcə dümsüklədi, mən bunu o saat gördüm, boylanıb ətrafa baxaraq evin bir küncündə iki stul üstünə qoyulmuş tabutu gördüm; bu vaxt onunla hersoq qol-boyun olub, boş əllərilə gözlərinin yaşını silə-silə, aram addımlarla və ehtiramla
tabuta tərəf getdilər; camaat onlara yol çəkildi; hər cür səs-küy və danışıq səsləri kəsildi, hamının ağzından çıxan yalnız bu idi "sus-s", kişilər şlyapalarını çıxarıb başlarını aşağı salladılar; o qədər sakitlik idi ki, milçək uçsaydı səsi eşidilərdi. Onlar tabuta yaxınlaşdıqda əyilib diqqətlə baxdılar; bundan sonra hönkürtü ilə elə ağlamağa başladılar ki, bəlkə səsləri lap Yeni Orleanda da eşidilərdi; sonra qucaqlaşdılar, çənələrini bir-birinin çiyninə dayayıb üç, bəlkə də dörd dəqiqəyə qədər göz yaşı axıtdılar, hönkürdülər. Mən kişilərin bu cür hönkürtü ila ağlamalarını ömrümdə görməmişdim. Onların ardınca başqa adamlar da göz yaşı axıdırdılar. Mən bu qədər göz yaşı axıdıldığını heç bir vaxt görməmişdim.
Sonra birisi tabutun bir tərəfində, o birisi o biri tərəfində durdu, hər ikisi diz üstə çöküb, alınlarını tabuta dayadılar, dua oxumağa başladılar, ancaq ucadan yox, ürəklərində oxuyurdular. Hamı bərk mütəəssir olmuşdu. eşidilməyən iş idi; heç kəs göz yaşını saxlaya
bilmirdi, hamı, yazıq qızlar da hönkürtü ilə bərkdən ağlayırdılar; demək olar ki, qadınların hamısı bir-bir gəlib qızlara yanaşır, bir kəlmə söz belə demədən, çox ehtiramla onların alınlarından öpür, sonra əllərini qızların başına qoyub gözlərini göyə zilləyirdilər, bundan sonra hönkürtü ilə göz yaşı axıdıb yaylıqlarilə gözlərini silir, bir kənara çəkilirdilər ki, başqa birisi də gəlib özünü göstərə bilsin. Ömrümdə bundan ürəkbulandırıcı bir şey görməmişdim.
Bir qədər keçdikdən sonra kral ayağa qalxdı, irəli keçdi, özünü ələ alaraq uzada-uzada nitq söyləməyə başladı; o, ağlayıb sızlaya-sızlaya boş sözlər söyləyib tökür, deyirdi ki, mərhumu itirmək, dörd min mil yol gəlib onu sağ görməmək, onunla qardaşı üçün çox
ağır bir müsibətdir. Lakin onlar əmindirlər ki, hamıda belə bir təsəlli və müqəddəs göz yaşları gördükdən sonra bu müsibətə birtəhər dözə biləcəklər; daha sonra o dedi ki, bütün bunlara görə öz adından və qardaşının adından hamıya ürəkdən, qəlbdən təşəkkür edir, çünki bunu sözlə ifadə etmək mümkün deyildir, bütün sözlər olduqca soyuq və solğundur... O sonra da bu cür cəfəng söylədi, adam eşitmək belə istəmirdi; sonra ağlamaqdan boğula-boğula ən mömin bir adam kimi "amin" deyib elə hönkürdü kı, elə bil ruhu canı ilə vidalaşırdı.
O, "amin" deyən kimi camaatın içərisindən kim isə ucadan dua oxumağa başladı, hamı ona qoşuldu, adamın ürəyi birdən-birə yüngülləşdi və şadlandı, elə bil ki, küçədən çölə çıxırdı. Musiqi gözəl şeydir. Bütün bu boş sözlərdən sonra mənə elə gəldi ki, mahnı
hələ heç vaxt bu qədər xoş təsir etməmiş və heç vaxt bu qədər səmimi və yaxşı səslənməmişdir.
Sonra kral dedi ki, ailənin yaxın adamları bu axşam onlarla birlikdə şama qalsalar və mərhumu geyindirməkdə onlara kömək etsələr, bu, həm onun üçün, həm də qardaşı qızları üçün çox xoş olar; əgər onun tabutda yatan zavallı qardaşı danışa bilsəydi, aydındır ki, kimlərin adını çəkərdi: bu adamlar onun əzizləri idi, yazıq onların adını məktublarında tez-tez çəkirdi; o indi onların adlarını bir-bir söyləyəcəkdir: cənab əqdəs mister Hobson, dyakon Lot Xovi, mister Ben Reker, Ebner Şeklford, Levi Bell, doktor Robinson, onların zövcələri və dul qadın Bartli.
Cənab əqdəs mister Hobson ilə doktor Robinson bu vaxt şəhərin o biri başında öz işlərilə məşğul idilər, yəni mən demək istəyirəm ki, doktor xəstəni o dünyaya yollayır, keşiş isə ona yol göstərirdi. Vəkil Bell iş dalınca Luisvillə getmişdi. Qalanları isə burada, göz qabağında idilər, onların hər biri növbə ilə yanaşıb kralın əlini sıxır, ona təşəkkürlərini bildirir və onunla söhbət edirdilər; sonra isə hersoqun əlini sıxırdılar; onunla danışmırdılar, yalnız gülümsəyir və müqəvva kimi başlarını tərpədirdilər, o isə əliylə müxtəlif işarələr edir və hələ dil açmamış körpə uşaq kimi hey qığıldayırdı.
Kral isə çərənləyir, hey çərənləyir və lap itdən tutmuş şəhərdəkilərin hamısının adını çəkərək onlar haqqında məlumat öyrənməyə çalışır, şəhərdə, yaxud Corcun ailəsinda, yaxud da Piterin evində baş verən müxtəlif əhvalatları xatırladırdı. Onu da deyim ki, o
həmişə büruzə vermək istəyirdi ki, bütün bunları Piter ona öz məktublarında yazmışdır, ancaq bunların hamısı yalan idi, axırıncı kəlməsinədək hər şeyi bizim qayıqla paroxoda gətirdiyimiz səfeh cavandan öyrənmişdi.
Sonra Meri Ceyn əmisinin yazıb qoymuş olduğu məktubu göstərdi, kral isə onu ucadan oxuyaraq ağladı. Bu məktuba əsasən yaşayış evi və üç min dollar qızıl pul qızlara çatırdı, yaxşı gəliri olan gön zavodu və torpaq sahəsi olan digər evlər (hamısının birlikdə
yeddi min dollar qiyməti var idi), habelə üç min dollar qızıl pul isə Harvi ilə Vilyamın payına düşürdü, məktubda daha sonra deyilirdi ki, həmin altı min dollar pul anbarda basdırılmışdır.
Fırıldaqçıların hər ikisi dedilər ki, elə bu dəqiqə gedib həmin pulları götürəcək və hamısını lazımi qaydada, vicdanla böləcəklər, mənə də dedilər ki, şam götürüb onlarla gedim. Biz anbara girib qapını bağladıq. Onlar kisəni tapdıqda pulları oradaca döşəmənin
üstünə səpələdilər; sarı qızıl pullara baxmaq adama ləzzət eləyirdi. Kralın gözləri bərəlib kəlləsinə çıxmışdı. O, əlini hersoqun çiyninə vurub dedi:
- Qiyamətdir! Yox, məharətdir! Bu "zürafədən" daha təmiz iş olacaq, necə bilirsiniz?
Hersoq razı oldu ki, bəli, bu daha təmiz olacaq. Onlar qızılları əllərinə götürür, barmaqlarının arasından cingilti ilə döşəməyə tökürdülər; sonra kral dedi:
- Bəxtimiz belə gətiribsə, daha buna nə söz ola bilər! Biz indi varlı bir mərhumun qardaşları və sağ varislərin nümayəndələriyik. Həmişə Allaha güvənmək bax buna deyərlər. Ən yaxşısı Allaha güvənməkdir.
Mən dünyada hər şeyi yoxlamışam, bundan yaxşı heç nə ola bilməz.
Onların yerinə hər kim olsaydı, bu qədər pula qane olub onu saymazdı. Amma yox, onlar qərara aldılar ki, mütləq saysınlar. Saymağa başladılar, məlum oldu ki, dörd yüz on beş dollar çatmır. Kral dedi:
- Allah lənət eləmiş görəsən, bu dörd yüz on beş dolları neyləyib?
Onlar çox qüssələndilər, sonra axtarmağa başladılar, bütün ətrafı qazıdılar.
Sonra hersoq dedi:
- Xəstə adam idi, çox ola bilsin ki, səhv sayıbdır. Ən yaxşısı budur, qoy elə belə də qalsın, bu barədə heç danışmayaq da. Çatışmayan pulsuz da keçinə bilərik.
- Boş şeydir! Əlbəttə, keçinə bilərik. Tüpürüm ona, amma, indi haqq-hesabı necə çəkəcəyik, bax, məni düşündürən budur! Biz işi gərək vicdanla və səliqə ilə görək, necə deyərlər - düznəqulu. Bu pulların hamısını yuxarı aparmaq və hamının gözü qabağında
saymaq lazımdır ki, heç bir şübhə olmasın. Ancaq, əgər mərhum deyibsə ki, altı mindir, bəs onda biz...
- Dayan bir görək! - deyə hersoq dilləndi. – Gəl çatışmayan pulu özümüzdən qoyaq, - sonra o əlini cibinə salıb qızı? pullar çıxartmağa başladı.
- Gözəl fikirdir, hersoq! Qiyamət başınız var, vallah! - deyə kral onun fikrinə şərik çıxdı. - Allah haqqı, bizə yenə "zürafə" kömək elədi! - O da əlini cibinə salaraq qızıl pullardan çıxardıb onları sütun kimi bir-birinin üstünə yığmağa başladı.
Onlar az qala bütün var-yoxlarını qoydular, əvəzində isə altı min dollar pulu bütünlüklə düzəldə bildilər. Hersoq dedi:
- Bura bax, mənim ağlıma belə bir fikir də gəlib. Gəlin yuxarıya qalxaq, pulları orada sayıb, sonra hamısını qızlara verək!
- Ay hersoq, vallah, daha sözüm yoxdur, icazə ver səni qucaqlayıb öpüm. Çox gözəl fikirdir, bu heç kimin ağlına gəlməzdi Başınız qiyamət işləyir, mən birinci dəfədir ki, belə baş görürəm! Bu çox ağıllı fikirdir, buna zərrə qədər şübhə etmək olmaz. Qoy görüm indi
bizə necə inanmaya bilərlər, bu onların ağzını yumar.
Biz yuxarı qalxan kimi hamı stolun ətrafına cəm oldu, kral isə pulları sayıb, hər tərəfdə üç yüz dollar olmaqla ayrı-ayrı sütunlar halında yığmağa başladı, iyirmi qəşəng, kiçik sütun əmələ gəldi. Hamı acgözlüklə bu pul sütunlarına baxır, ağzının suyunu axıdırdı; sonra pulları yığışdırıb kisəyə tökdülər. Gördüm ki, kral yenə özünü səliqəyə salır, nitq söyləməyə hazırlaşır:
- Dostlar, mənim indi bu tabutda yatan zavallı qardaşım öz həyat yolunda tərk etdiyi adamlara böyük səxavət göstərmişdir. Sağ ikən sevdiyi və qoruyub saxladığı, indi isə atasız-anasız, yetim olan qızlara öz səxavət əlini açmışdır. Bəli! Onu tanıyan bizlər isə bilirik ki, əgər o, öz əziz qardaşı Vilyamı və eləcə də məni incik salacağından qorxmasaydı, qızlara daha böyük cəmərdlik edərdi. Doğru deyilmi? Əlbəttə. mənim buna heç bir şübhəm yoxdur. Odur ki, biz ona bu işdə və belə bir vaxtda mane oluruqsa, onda necə qardaşıq? Həm də, əgər biz onun çox sevdiyi bu kasıb və körpə quzuları belə bir vaxtda soyub gediriksə, - bəli, bəli, əgər soyub gediriksə, - onda daha biz nə əmiyik?
Mən nə qədər ki, Vilyamı tanıyıram, onu da deyim ki, yaxşı tanıyıram, o... Mən elə indi onun özündən soruşacağam.
Kral hersoqa tərəf dönüb ona müxtəlif işarələr etməyə, barmaqları ilə nə isə göstərməyə başladı. Hersoq əvvəlcə matdım-matdım baxırdı, sonra isə birdən kralın üstünə atıldı, guya indi hər şeyi başa düşmüşdü;
O sevincindən qığıldayırdı, sonra kralı az qala iyirmi dəfə qucaqlayıb öpdü. Bu vaxt kral üzünü camaata tutub dedi:
- Mən bilirdim ki, belə olacaq. Mənə elə gəlir ki, bu barədo onun nə fikirdə olduğunu hamı başa düşdü. Bax, Meri Ceyn, Süzanna, Coanna, bu pulları götürün, hamısını götürün! Bu, hissiyyatsız halda, lakin fərəh və sevinc içərisində bax, həmin tabutda yatan
adamınn hədiyyəsidir...
Meri Ceyn özünü kralın üstünə atdı, Süzanna ilə Coanna isə hersoqun üstünə atıldılar, onlar qucaqlaşıb elə öpüşürdülər ki, mən ömrümdə adamların bu cür qucaqlaşıb öpüşdüklərini görməmişdim. Qalan adamlar isə gözləri yaşarmış halda onların başına toplaşmışdı, hamı bu iki fırıldaqçının əllərini o qədər sıxdı ki, az qala onlar əlsiz qalacaqdılar. Hamı da deyirdi:
- Nə qədər səxavətlisiniz? Na gözəl iş gördünüz! Siz buna necə razı oldunuz?
Sonra yenə hamı nıərhum haqqında söhbət etməyə, onun necə səxavətli adam olduğu, bu itkinin necə ağır bir itki olduğu və buna bənzər şeylər barədə danışmağa başladılar, bir qədər sonra isə ucaboy, yaşıl çənəli bir adam özünü küçədən zorla içəri salaraq dayanıb qulaq asmağa başladı; ona heç kəs bir söz demədi, çünki kral danışır, hamı da dayanıb onu dinləyirdi. Kralın bu vaxt nədən başladığı yadımda qalmayıb, amma indi deyirdi:
- .. .axı onlar mərhumun yaxın adamlarıdırlar. Onları bax buna görə də bu axşam buraya dəvət etmişlər; sabah isə biz istəyirik ki, hamı gəlsin, hamı bir nəfər kimi; mərhum qardaşım şəhərdə hamıya hörmət edirdi, hamını sevirdi, bax, buna görə də biz arzu edirik
ki, onun "dəfn məclisində" bütün şəhər iştirak etsin.
Kral bu qayda ilə söz güləşdirməyində davam etdi, çünki özü deyib özü eşitmək onun sevimli adəti idi, danışır, danışır, hey "dəfn məclisində" deyə təkrar edirdi, axırı hersoq dözə bilməyib bir parça kağıza: "Qoca axmaq, dəfh de!" - yazaraq kağıza bükdü, qıqqıldayıb onu qonaqların başı üstündə krala uzatdı. Kral kağızı oxuyub cibinə soxdu, sonra dedi:
-Yazıq Vilyam, nə qədər dərdli, qüssəli olsa da, ürəyi həmişə baş-qalan üçün yanır.
Xahiş edir ki, mən dəfn mərasiıninə hamını devət edim, o istəyir ki, hamı gəlsin. Ancaq o əbəs yerə narahat olur, mənim özüm də hamını çağırmağa hazırlaşırdım.
O yenə arxayın-arxayın sözünə davam edir, danışır, danışır, birdən yenə "dəfn məclisində" deyirdi, guya elə belə lazım imiş. Bu ifadəni üçüncü dəfə söylədikdə isə o saat əlavə edib dedi:
- Mən ona görə "məclis" demirəm ki, adətən belə deyirler, qətiyyən yox, adətən "dəfn" deyirlər, düzü isə "dəfn məclisidır". İngiltərədə bir qayda olaraq, indi heç kəs daha "dəfn" deməyir. Bizim İngiltərədə hamı "məclis", yaxud "orgiya" deyir. Orgiya daha yaxşıdır, çünki əsl mənasını doğru ifadə edir. Bu söz yunan kəlməsi olan "orqo", yəni "xarici", "açıq" ilə yəhudi sözü "gizum"un - "basdırmaq", "qazıyıb basdırmaq" ifadəsinin birləşməsindən ibarətdir; buradan da: "basdırmaq", "dəfn etmək" ifadəsi əmələ gəlib.
Belələklə, görürsünüz "dəfn orgiyası" - hamının iştirak etdiyi açıq dəfn mərasimidir.
Məncə, daha bundan artıq həyasızlıq etmək olmazdı. Həmin ucaboy, yastı çənəli adam düz onun gözlərinin içinə baxaraq güldü. Hamı heyrət etdi. Kim isə pıçıltı ilə dedi:
- Doktor, siz nə edirsiniz?
Ebner Şeklford isə dedi:
- Robinson, sizə nə olub, məgər bilmirsiniz? Axı bu Harvi Uilksdir.
Kral fərəhlə gülümsədi, əlini Robinsona uzadıb dedi:
- Deməli, zavallı qardaşımın əziz dostu və həkimi sizmişsiniz? Mən...
- Əlinizi geri çəkin, - deyə doktor ona kobud cavab verdi. - Siz ingilissinizmi? Bu kobud bir saxtakarlıqdır, bundan daha pisi olmur. Siz Piter Uilksin qardaşınızmı? Siz firıldaqçısınız, bəli, siz belə bir adamsınız!
Aləm bir-birinə dəydi! Camaat doktoru araya alıb onu sakit etməyə, dilə tutmağa başladı, ona başa salıb dedilər ki, o, həqiqətən Harvi olduğunu, hamını adbaad tanıdığım, hətta şəhərdəki bütün itlərin də adını bildiyini artıq yüz dəfə sübut etmişdir; Harvinin inciməməsi, qızların inciməmələri üçün onu dilə tutub susmasını xahiş etdilər. Ancaq heç bir şey çıxmadı, doktor susmaq bilmir və deyirdi ki, özünü ingilis kimi qələmə verən, özü isə belə cəfəng sözlər danışan bir adam, yalnız yalançı və fırıldaqçıdır. Yazıq qızlar
kraldan ayrılmır, ağlayırdılar; bu vaxt doktor qızlara tərəf dönüb dedi:
- Mən sizin atanızın dostu idim, sizin də dostunuzam, sizin belaya düşüb başınızın əziyyət çəkməməsi üçün sizə kömək etmək istəyən namuslu bir adam kimi, dostcasına sizə xəbərdarlıq edirəm ki, bu əclafın yanından çəkilin, onunla heç bir işə baş qoşmayın,
bu avara və cahil adamdır, bunu onun guya yunanca və yəhudi dilində sərsəm sözlər söyləməsi sübut edir! Adam bircə dəfə baxan kimi onun fırıldaqçı və yalançı olduğunu bilir, haradansa heç bir mənası olmayan adam adları və faktları toplayıb sizin yanınıza
gəlmişdir; siz isə bütün bunları sübut kimi qəbul etmişsiniz, həm də ki, sizi bu yalana inandıran sizi sadəlövh dostlarınızdır, onlar gərək bir qədər ağıllı ola idilər. Meri Ceyn Uilks, siz bilirsiniz ki, mən sizin dostunuzam, həm də ki, heç bir qərəzi olmayan dostunuzam. İndi, mənim dediklərimə qulaq asın, sizdən xahiş edirəm ki, bu əclaf fırıldaqçını buradan qovun! Hə, razısınızmı?
Meri Ceyn vüqarla başını yuxarı qaldırdı, bu vəziyyətdə o nə qədər gözəl idi, dedi:
- Mənim cavabım budur, - o içi pulla dolu kisəni şəxsən krala verdi.
- Bu əlli min dolları götürün, bizim üçün harda saxlayırsınızsa saxlayın, bizə heç bir qəbz-zad da lazım deyil.
Bundan sonra o, krali qucaqladı, Süzanna ilə Dovşandodaq isə krala o biri tərəfdən yanaşdılar və onu qucaqladılar. Hamı əl çaldı, ayaqlarını yerə döydü, böyük bir gurultu qopdu, kral isə başını dik tutub vüqarla gülümsədi.
Doklor dedi:
- Yaxşı, belə isə mən özümü kənara çəkirəm. Ancaq əvvəlcədən hamınıza xəbərdarlıq edib deyirəm: bir vaxt gələcək ki, bu günü xatırlarkən qüssələnəcəksiniz, bu çirkin iş üçün ürəyiniz ağrıyacaqdır.
O çıxıb getdi.
- Yaxşı, doktor, - deyə kral onun ardınca istehza etdi, - ürəyimiz ağrıyanda dalınızca adam göndərib sizi çağırtdırarıq!
Hamı gülüşdü, dedi ki, o, doktoru yamanca pərt etdi.