Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXVI fəsil

Hamı dağılışıb getdikdən sonra kral, Meri Ceyndən qonaqlar üçün boş otaqları olub-olmadığını soruşdu, qız da cavab verdi ki, bir boş otaqları var, bu otaq Vilyam əmi üçün yarayar, Harvi əmiyə isə o özünün bir qədər böyük olan otağını verər, özü isə bacıları olan otağa keçib orada çarpayıda yatar; bir də ki, çardaqda küləş döşəyi olan kiçik bir otaq var.


Kral dedi ki, həmin kiçik otaq onun lakeyi üçün, yəni mənim üçün yarayar.


Meri Ceyn buzu yuxarı aparıb çox sadə, lakin hər cür rahatlığı olan otaqları əmilərinə göstərdi. O dedi ki, əgər Harvi əmiyə mane olursa, onda bütün palpaltarını və digər müxtəlif şeyləri öz otağından yığışdırar; kral isə cavab verdi ki, zərrə qədər də manə olmur. Qızın paltarları döşəməyə qədər uzanan çit pərdə arxasında divardan asılmışdı. Otağın bir küncündə köhnə bir sandıq, o biri küncündə isə qutusu olan gitara qoyulmuşdu, burada çoxlu müxtəlif şeyler və qızların öz otaqlarını bəzəmək üçün xoşladıqları bəzək-düzək şeyləri vardı. Kral dedi ki, otaq bu şeylərlə ona daha xoş və əziz görünür, buna görə də xahiş edir ki, onlara əl dəyməsin. Hersoqun otağı kiçik, lakin çox rahat idi, mənim kiçik otağım da yaxşı idi.


Axşam şam düzəldildi, səhərki qonaqlar yenə buraya gəldilər, mən kral ilə hersoqun stulları arxasında durub onlara qulluq edirdim, qalan adamlara isə zəncilər xidmət edirdi.


Meri Ceyn Süzanna ilə aşağı başda oturub hamıya deyirdi ki, şirniyyat şeyləri yaxşı bişirilməyibdir, şorabalar heç nəyə yaramır, toyuqların əti bərkdir, bir sözlə, bütün ev sahibləri kimi belə deyirdilər ki, qonaqlardan xoş sözlər eşitsinlər. Qonaqlar isə çox yaxşı görürdülər ki, hər şey olduqca yaxşı bişirilib, gözəl hazırlanmışdır, buna görə də dalbadal tərif yığdırırdılar, məsələn, soruşurdular: "Bu şirin qoğalları nə təhər belə qızarda bilmişsiniz?", yaxud: "Siz Allah, bir deyin görək, belo gözəl şorbanı haradan tapmışsınız"
ve sair bu ciir sözlər deyirdilər; özünüz bilirsiz də, şamdan əvvəl bir qayda olaraq belə boş və monasız sözlər çox deyilir.


Bütün bunlar qurtardıqdan sonra digərləri süfrəni yığışdırıb qab-qacağı yumaqda kömək etdikləri vaxt Dovşandodaqla mən mətbəxdə qabaqdan qalan şeylərlə şam etdik. Dovşandodaq məndən İngiltərə haqqında soruşmağa başladı, elə qorxurdum ki, bu saat bilməyib ağzımdan bir yalan söz çıxarmaram. O məndən soruşdu:
- Sən heç kral görmüsənmi?
- Hansı kralı deyirsən? Dördüncü Vilhelmimi?1 Əgər onu deyirsənsə, bəs necə, əlbəttə görmüşəm! O bizim kilsəyə gəlir.


Mən bilirdim ki, o çoxdan ölmüşdür, amma bunu qıza demədim. Qız elə ki eşitdi, kral bizim kilsəyə gəlir, o saat soruşdu:
- Necə? Həmişəmi gəlir?
- Əlbəttə, həmişə gəlir. Onun skamyası bizim skamyanın üzbə-üzüdür, kafedranın o biri tərəfindədir.
- Mən isə elə bilirdim ki, o, Londonda yaşayır.
                                                           
- Bəs necə, orada yaşayır da. Bəs harada yaşasın?
- Axı-, sən ki, Şeffilddə yaşayırsan?
Bəli, gördüm ki, ilişmişəm. Cavab üçün bir qədər vaxt qazanmaqdan ötrü çeçəməyə başladım, guya boğazımda toyuq sümüyü qalmışdı, axı bu cəncəldən çıxmaq üçün fikitləşməli idim! Bir qədər keçəndən sonra dedim:
- Mən demək istəyirdim ki, o, Şeffilddə olanda həmişə bizim kilsəyə gəlir. Bu da yalnız yay vaxti, dəniz vannası qəbul etməyə gəldiyi vaxt olur.
- Niyə yalan deyirsən, Şeffild ki, dəniz kənarında deyildir!
- Sənə kim dedi ki, o dəniz kənarındadır?
- Özün dedin də!
- Elə sözü heç ağzıma da almamışam.
- Yox, demisən!
- Yox, deməmisəm!
- Demisən!
- Heç ele söz deməmişəm!
- Bəs nə edim?
- Dedim ki, o, dəniz vannası qəbul etməyə gəlir, bax, dediyim bu idi.
- Yaxşı, əgər orada dəniz yoxsa, bəs onda dəniz vannasını necə qəbul edir?
- Bir qulaq as, - deyə cavab verdim, - sən heç ingilis eli  görmüsənmi?
- Bəli, görmüşəm.
- Bəs, ondan ötrü İngiltərəyə getmək lazımdır?
- Yox, lazım deyil.


Odur ki, Dördüncü Vilhelmin də dəniz vannası qəbul etmək üçün dənizə getməsi lazım deyildir.
- Bəs onda o dəniz suyunu hardan tapır?
- Necə hardan? Camaat pivəni hardan alırsa, o da dəniz suyunu ordan alır, çəlləkdən.


Şeffilddəki sarayda böyük qazanlar vardır, dəniz suyunu onun üçün həmin qazanlarda qızdırırlar. Dənizdə isə bu qədər suyu o qədər də qızdıra bilməzsən, bundan ötrü orada heç bir vasitə yoxdur.
- İndi başa düşdüm. Bəs nə üçünsə bunu əvvəldən demirdin? Nahaq yerə bu qədər çənə-boğaz döydük.


Mən bu vaxt bu çətin məsələdən ustalıqla qurtardığımı anlayıb sevindim, əhvalım xeyli yaxşılaşdı. Qız isə əl çəkmədi. O soruşdu:
- Sən də kilsəyə gedirsənmi?
- Əlbəttə, həmişə gedirəm.
- Bəs sən kilsədə hansı yerdə əyləşirsən?
- Necə yəni hansı yerdə? Öz skamyamızda.
- Kimin?
- Özümüzüq, daha doğrusu, sənin əmin Harvinin.
- Onun skamyasındamı? Skamya onun nəyinə lazımdır?
- Ona görə lazımdır ki, əyləşsin. Bəs sən elə bilirdin ki, ona skamya lazım deyildir?
- Belə də, mən isə elə bilirdim ki, onun yeri kafedradır!
Görüm kralı lənətə gəlsin, mən onun keşiş olduğunu tamam yaddan çıxartmışdım!
Gördüm ki, yenə dolaşmışam; yalandan yenə toyuq sümüyü boğazımda qaldı və mən çeynəyə-çeynəyə düşünməli oldum. Bir qədər fikirləşdikdən sonra dedim:
- Son elə bilirsən ki, kilsədə bircə keşiş olur?
- Niyə də artıq olsun!
- Necə yəni niyə?! Məgər bu təkcə kraldan ötrü moizə oxumaq üçündürmü? Mən sənin kimi adam görməmişəm! Bil ki, kilsədə on yeddidən az keşiş olmur.
- On yeddi keşiş? Vay aman! Mən o qədər vaxtı heç cürə orada otura bilmərəm.
Onların hamısına heç bir həftəyə də qulaq asıb qurtarmaq olmaz.
- Boş sözdür, onların hamısı bir gündə vəz etmir, növbə ilə edirlər.
- Bəs onda qalanları nə edir?
- Bir elə şey etmirlər. Oturub dincəlir, əllərində birəlli gəzdirərək pul yığırlar, məgər azmı iş var! Bəzən də heç bir şey etmirlər.
- Bəs onda nəyə lazımdırlar?
- Necə yəni nəyə lazımdırlar? Onlar hamısı yaraşıq üçündür.
Yoxsa, bunu da bilmirsən?
- Belə axmaq şeyləri heç bilmək də istəmirəm!.. Yaxşı, bəs İngiltərədə xidmətçi ilə necə rəftar edirlər? Bizim zəncilərlə etdiyimizdən yaxşımı rəftar edirlər?
- Yaxşı nədir? Nökəri orada heç adam yerine qoymurlar. Onunla itdən də pis rəftar edirlər.


- Məgər bizdə olduğu kimi onları bayram gimləri: Miladda, Yeni ildə, Dörd iyulda İstirahətə buraxmırlarmı?
- Sən də söz danışırsan! O saat görünür ki, heç vaxt İngiltərədə olmamısan. Ay Dovşa... ay Coanna, sən bilirsənmi ki, onların heç vaxt bayramı olmur, bütün il boyu onları heç yerə buraxmırlar: nə sirkə, nə teatra, nə zənci balaqanına  getməyə qoyurlar, ümumiyyətlə, heç yerə qoymurlar!
- Kilsəyədəmi getməyə qoymurlar?
- Kilsəyə də qoymurlar.
- Bəs sən ki kilsəyə gedirsən?
Bəli, mən yenə dolaşdım! Qocanın yanında xidmət etdiyimi unutmuşdum. Lakin bircə dəqiqə sonra artıq ona izah etməyə başladım ki, lakey heç də adi nökər deyildir, istədiistəmədi kilsəyə getməyə, orada sahiblərilə bir yerdə oturmağa məcburdur, çünki qayda
belədir. Ancaq izahatım o qədər də yaxşı çıxmadı; sözümü söyləyib qurtardıqda gördüm ki, qız mənə inanmır.
- "Hindi andi" iç ki, - deyə üzümə baxdı, - yalan deməmisən.
- "Hindi andı" içirəm ki, yalan deməmişəm, - deyə cavab verdim.
- Heç bir yalan deməmisən?
- Heç bir. Bir kəlmə də yalan deməmişəm.
- Bax, əlini bu kitabın üstünə qoyub, bir də de ki, yalan deməmişəm.
Mən baxıb gördüm ki, bu adi bir lüğətdir, əlimi onun üstünə qoyub bir də and içdim.
Qız deyəsən bu dəfə inandı, buna görə də dedi:
- Yaxşı, eybi yoxdur, bəlkə də, bəzi şeylər doğrudur; ancaq məni bağışla, qalanlarına heç vaxt inanan deyiləm.
- Sən niyə inanmaq istəmirsən? - deyə bu vaxt Suzanna ilə birlikdə içəriyə girən Meri Ceyn soruşdu. - O burada qəribdir, qohumlarından çox-çox uzaqdadır, onunla belə danışmaq yaxşı deyil, nəzakətsizlikdir. Səninlə belə rəftar etsəydilər, xoşuna gələrdimi?
- Sən həmişə beləsən, Meri, onu incitmək heç kəsin ağlına belə gəlməmişkən üzgörənlik eləyirsən. Mən ona heç nə etməmişəm. Məncə o indi yalan danışırdı, ona görə də dedim ki, hamısına inanmaq borcum deyil. Vəssalam, başqa heç bir şey deməmişəm.
Mən elə bilirəm ki, bu boş şeylərə o dözə bilər.


- Mənim üçün boş şey oldu-olmadı fərqi yoxdur: o bizim evdə qonaqdır, sənin ona belə deməyin isə yaxşı deyil sən də onun yerinə  olsaydın, utanardın axı; bax buna görə də heç bir vaxt elə söz demək lazım deyildir ki, adam utansın.
- Axı, Meri, o dedi ki...
- Onun nə deyib-demədiyinin mənası yoxdur, məsələ bunda deyil.


Məsələ bundadır ki, sən onunla mehriban olasan və oğlana elə bir söz deməyəsən, yoxsa o özünü burada tamam yad adam kimi hiss edər, vətənindən çox uzaqlarda olduğunu xatırlayar.
Mən isə öz-özümə dedim: "Bir mənə bax ki, kaftarın belə bir qızı soyub-talamasına yol verirəm!"


Bu vaxt Süzarına da mübahisəyə qarışdı, Dovşandodağı elə məzəmmət elədi ki, gəl görəsən.
Mən isə öz-özümə fikirləşirdim: "Mən onun bu qızı da vicdansızcasına soymasına yol verirəm!"
Bu vaxt Meri Ceyn Coanna ila başqa cürə, həmişəki kimi yumşaq və mehribanmehriban danışmağa başladı; bundan sonra yazıq Dovşan-dodaq lal-dinməz olub göz yaşı axıtdı.
- Bax belə, yaxşı, - deyə bacıları dilləndi, - indi ondan üzr istə.
O, məndən üzr istədi, həm də çox nəzakətlə! Elə nəzakətlə üzr istədi ki, bunu eşitmək belə adama xoş gəlirdi; o bir daha məndən üzr istəsin deyə, hətta ona daha çox yalan demək istədim.
Öz-özümə fikirləşirdim; "Axı mən qocanın bunu da soymasına yol verirəm!"
Dovşandodaq üzr istədikdən sonra isə onların hamısı mənim özümü öz evimizdəki kimi hiss etməyim və dostlar arasında olduğumu başa düşməyim üçün çalışdılar. Mən isə özümü alçaq, yaramaz və murdar bir adam kimi hiss edirdim; buna görə də qətiyyətlə bu
qərara gəldim ki, həmin pulları onlardan ötrü oğurlayım, sonra isə hər nə olur olsun.


Mən yatmağı bəhanə edib getdim, öz-özümə isə düşündüm ki, qoy bələ yatmayıb gözləyim. Təkcə qaldıqda bu məsələ barədə fikirləşmaya başladım. Həmin doktorun yanına gedib öz fırıldaqçılarım haqqında ona məlumat verimmi? Yox, bu yaramaz. Birdən bunu ona kimin dediyini açıb söylədi. Onda işim bəd olar. Xəlvətcə Meri Ceynə söyləyimmi? Yox, yaxşısı budur söyləməyim. Onlar bunu onun sifətindən duyub, işin nə yerdə olduğunu başa düşərlər; içi qızılla dolu kisə onların əlindədir, odur ki, uzun düşünmədən pulları götürüb qaçarlar. Bir də ki, Meri Ceyn bir kimsəni köməyə çağırarsa, məni də bu işə dolaşdırarlar, sonra Allah bilir ki, məsələ nə vaxt ayırd olacaq. Yox, tək bircə düz yol var: mən birtəhərlə həmin pulları oğurlamalıyam, həm də elə oğurlamalıyam ki, bunu heç kəs məndən bilməsin. Kralla bersoqun burada qazanclı işləri var; onlar yetim qızları, eləcə də bütün şəhəri tamam soyub-talamamış buradan gedən deyillər, belə ki, pulu oğurlamaq üçün özümə əlverişli bir vaxt seçə bilərəm. Pulları oğurlayıb gizlədərəm, sonra İsə çayın aşağısına getdiyim vaxt Meri Ceynə məktub yazıb, onları harada gizlətdiyimi söylərəm. Pulları isə yaxşısı budur bu gecə oğurlayım, çünki doktor, yəqin, bildiklərinin hələ hamısını deməyib; qorxuram ki, onları buradan hürküdüb qaçıra.


Gedib onların otaqlarını axtarmaq qərarına gəldim. Yuxarıda dəhliz qaranlıq idi, ancaq mən birtəhərlə hersoqun otağını axtarıb tapdım və orada hər bir şeyi əlimlə yoxlamağa başladım; sonra fikirləşdim ki, kral çox çətin pulları saxlamaq üçün bir kimsəyə verə, o belə bir şeyi heç vaxt etməz. Sonra kralın otağına gedib, orada da hər şeyi əlimlə yoxlamağa başladım. Gördüm ki, şamsız heç bir şey çıxmayacaqdır, şam yandırmağa isə, aydın işdir ki, qorxurdum. Belə olduqda, qərara aldım ki, onları güdüb söhbətlərinə qulaq asım. Elə bu vaxt birdən gördüm ki, gəlirlər!


Özümü çarpayının altına soxmaq istədim, demə, çarpayı mən düşünən tərəfdə deyilmiş; bu vaxt arxasında Meri Ceynin paltarları asılmış pərdə əlimə keçdi; mən tez özümü pərdənin dalına saldım, paltarların içərisinə girib durdum, nəfəsimi belə dərmədim.
Hersoqla kral içəri girib qapını örtdülər; hersoq hər şeydən əvvəl aşağı əyilib çarpayının altına baxdı. Mən çarpayını tapmadığıma çox sevindim. Doğrudan da gizli işin ola, özün də çarpayının altına girəsən, bunu kim edər?
Onların hər ikisi əyləşdi, kral dedi:
- Hə, nədir? Tez ol de! Ancaq qısaca söylə, biz gərək tez aşağıya gedib hamı ilə birlikdə ağlayıb göz yaşı tökək, yoxsa, onlar orada başlarlar bizim qeybətimizi eləməyə.

- Kapet, məsələ belədir. Mən yaman narahat oluram, bu doctor heç xoşuma gəlmir, onun zəhmi başımdan heç cür çıxmır! Mən bilmək istəyirəm ki, sizin planınız nədir?
Mənim ağlıma bir fikir gəlib, həm də elə bilirəm ki, doğru fikirdir.
- Bu nə fikirdir?
- Biz buradan tez, səhər saat üçə yaxın getsək yaxşı olar. Gəl əlimizdə olanlarla kifayətlənib tezlikdə çayaşağı üzüb aradan çıxaq. Bu çox asanlıqla əlimizə keçib, demək olar ki, özləri bizə veriblər, biz isə elə bilirdik ki, oğurlamalı olacağıq. Mənim fikrim tezliklə əkilib getməkdir.


Mənim halım özümdə deyildi, bilmirdim ki, nə edim. Əgər bunu bir, ya iki saat bundan əvvəl bilsəydim, onda başqa məsələ, indi isə mən bütün ümidimi itirmişdim. Kral söyüş söyüb dedi:
- Sən nə danışırsan? Bəs qalan əmlakı satmayaq? Səfeh adamlar kimi çıxıb gedək, ətimizə belə asan yolla keçən səkkiz-doqquz min dolları boğazımızdan çıxardaq? Özü də ki, belə tez satılan malı.
Hersoq deyinməyə başlayıb dedi ki, bir kisə qızıl bəsləridir, ona bundan artıq lazım da deyil, o, yetim qızların axırıncı çörəyini əllərindən almaq istəməyir.
- Bu nə sözdür deyirsiniz? – deyə kral dilləndi. Bu pullardan başqa biz onların əlindən heç bir şey almayacağıq. Yalnız alıcılar zərər çəkəcəkdir, çünki əmlakın bizimki olmadığı məlum olan kimi, - bu isə, biz buradan əkiləndən azca sonra məlum olacaqdır, - alver
etibarsız sayılacaq və bütün əmlak öz sahibinə qaytarılacaqdır. Sizin yetimçələr evi geriyə alacaqlar, bu isə onların bəsidir, onlar cavandırlar, sağlamdırlar, bir parça çörək qazanmaq onlar üçün nədir ki! Onlar heç bir zərər çəkməyəcəklər.
Eh, Allah dadına çatmış, onların şikayətlənməyə də haqları olmayacaq!
Kral onu elə dilə tutdu ki, nəhayət, hersoq təslim olub razılaşdı, amma bununla belə əlavə edib dedi:
- Ancaq hər halda, həmin doktor həmişə gözümüzün qabağında ola-ola şəhərdə qalmağımız axmaqlıqdır.
Kral isə dedi:
- Axı, doktor nədir ki! Bizim onunla nə işimiz var? Şəhərin bütün axmaqları bizim tərəfimizdədir! Axmaqlar isə hər bir şəhərdə ağıllılardan çoxdur.
Onlar yenə aşağıya getməyə hazırlaşdılar. Hersoq dedi:
- Görəsən, pulları yaxşı gizlətmişik, ya yox. Mənə elə gəlir ki, çox etibarsız yerdir.
Bu vaxt mən çox sevindim. Mən elə bilirdim ki, beləcə heç bir şey öyrənə ölməyəcəyəm, onlar pulu gizlətdikləri barədə heç danışmayacaqlar da.
Kral soruşdu:
- Nə üçün?
- Onun üçün ki, Meri Ceyn indi matəm paltarında gəzəcəkdir; bir də görəcəksən ki, bu otaqları yığışdıran zənciyə, xidmətçi qadına buyuracaq ki, bütün palpaltarını sandığa yığıb gözdən uzaq bir yerdə gizlətsin.
İndi necə bilirsiniz, zənci qadın pulları görüb çırpışdırmazmı?


- Doğrudur, başınız yaxşı işləyir, - deyə kral keçib pərdənin altına əl gəzdirməyə başladı. Mən ondan cəmisi iki addım uzaqda idim.
Özümü bərk-bərk divara qısaraq nəfəsimi belə dərmirdim, qorxudan tir-tir əsirdim, fikirləşirdim ki, görəsən məni tutsalar nə deyəcəklər! Məni tutacaqları təqdirdə nə etməli olduğumu düşünüb qərara almalı idim. Lakin mən bu barədə düşünüb qurtarmağa macal
tapmamış, kral kisəni tapdı; onun heç ağlına da gəlmədi ki, mən buradaca durmuşam.
Sonra onlar içi qızılla dolu kisəni götürüb pərqu döşəyin altındakı saman döşəyin sökük yerindən içəriyə soxdular, kisəni əllərilə daha dərinə, samanın içinə itələyib belə qət etdilər ki, indi hər şey öz qaydasındadır, çünki zənci qadın yalnız pərqu döşəyi hər gün
çırpır, saman döşəyi isə ildə ən çoxu ikicə dəfə çırpıb o biri üzünə çevirir, belə ki, pullar indi etibarlı yerdədir, onu heç kəs oğurlamaz.
Mən isə başqa cürə düşünürdüm. Kralla hersoq pilləkəndən enməyə macal tapmamış kisəni döşəyin içindən çıxartdım, qaranlıqda hər yeri əlimlə yoxlaya-yoxlaya çardaqdakı otağıma gəlib çıxdım. Kisəni başqa yerdə gizlətməyə fürsət düşüncəyədək, hələlik burada gizlətdim. Belə qət etdim ki, həyətdə gizlədərəm, çünki kral ilə hersoq pulun oğurlandığını bilən kimi, hər şeydən əvvəl, evi axtarmağa başlayacaqlar. Bunu mən lap yaxşı bilirdim. Sonra soyunmadan yerimə uzandım, ancaq yuxulaya bilmədim, bu işi tezcə qurtarmaq üçün səbrim qalmamışdı. Azca sonra kralla hersoqun yenə pilləkənlə yuxarıya qalxdıqlarını eşitdim, yatağımdan durub, ehtiyatla çardaq pilləkənin başında yerə uzandım, gözləyirdim görən sonra nə olacaq. Ancaq heç bir şey olmadı.
Mən bütün gecə səs-küyünün kəsildiyi, səhər səs-küyünün isə hələ başlanmadığı vaxta qədər gözlədim, sonra səs salmadan, ehtiyatla aşağı mərtəbəyə endim.