Mina Rəşid. Qubadlı
Səni xəyalımda yaşatmışam mən,
Ay daşı-qayası xınalı yurdum.
Qoynunda ölsəm də daha nə dərdim,
Yaşasın, var olsun, müzəffər ordum.
Qoca çinarına od vurulsa da,
Yenə əyilmədi, kökü dərində.
Düşmən evimizi viran qoysa da,
Həkəri, Bərgüşad, Araz yerində.
Yeni tarix yazdı ər oğulların,
Əliyar yurdusan, Nail oylağı,
Sənsən Zəngəzurun qala qapısı,
Laləzar körpüsü, Mədət bulağı.
Elə bil, yenidən doğulmuşuq biz,
Ay təmiz, təptəzə həyatım mənim.
Sən Qaçaq Nəbinin yurdusan axı,
Nağılım, dastanım, bayatım mənim.
25.05.2024