Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXVII fəsil

Əvvəlcə özümü onların qapısına verib qulaq asdım, hər ikisi xoruldayırdı. Sonra ayarlarımın ucunda yeriyib sağ-salamat aşağıya endim. Heç yanda bir səs-səmir yox idi.


Qapının açar yerindən yemək otağına baxıb gördüm ki, tabutun yanında qalan adamların hamısı öz stullarında bərk yuxuya getmişlər. Mərhum qoyulmuş qonaq otağına açılan qapı açıq idi, iki otağın hər birində bircə şam yanırdı. Mən açıq qapının yanından keçdim; qonaq otağında mərhum Piterdən başqa heç kəsin olmadığını görüb irəli getdim, dəhlizə çıxan qapı bağlı idi, açan da üstündən çıxarılmışdı. Bu vaxt ayaq səsi eşitdim, arxa tərəfində kimsə pilləkənlə aşağıya düşürdü. Mən özümü tez qonaq otağına saldım; boylanıb ətrafa göz gəzdirdim, gördüm ki, kisəni gizlətmək üçün tabutdan münasib bir yer yoxdur.


Tabutun qapağı azca aralı idi, mərhumun yaş əsgilə örtülmüş üzü, bir də ki, kəfən görünürdü. Mən pul kisəsini mərhumun çarpaz qoyulmuş əllorindən azca aşağıda tabutun içərisinə soxdum; mərhumun əlləri elə soyuq idi ki, bədənimi vic-vicə götürmüşdü, sonra
otaqdan sıçrayıb çıxdım, qapının arxasında gizləndim.


Gələn Meri Ceyn idi. O, sakit addımlarla tabuta yanaşaraq dizi üstə çöküb mərhuma baxmağa başladı; sonra yaylığmı gözünə tutdu, hönkürtüsü eşidilməsə də, gördüm ağlayır, o, arxası mənə tərəf durmuşdu. Mən qapının arxasından çıxdım, yemək otağının yanından keçəndə, fikirləşdim ki, qoy baxım görüm tabutun yanında qalanlardan məni görən olmayıb ki; qapının açar yerindən içəriyə baxdım, hamı yatmışdı, heç kəs yerindən qımıldanmadı da.


Mən yüyürərək yuxarı qalxıb çarpayıya uzandım, özümü çox pis hiss edirdim, çünki bu qədər zəhmətdən və riskdən sonra tutduğum iş mənim istədiyim kimi çıxmamışdı. Özözümə deyirdim ki, əgər pullar qoyulduğu yerdə qalsa, bu yenə pis olmaz; çayaşağı yüz
mil, iki yüz mil getdikdən sonra yazıb Meri Ceynə bildirərəm; o gedib qəbri qazıtdırar, pulları özü üçün götürər, ancaq çox yəqin ki, belə olmayacaq, tabutun üst qapağını vintlə bağlayanda pulları taparlar. Axırı yenə elə olacaq ki, pulları kral götürəcək, onları bir də
oğurlamağa isə daha fürsət olmayacaq. Mən aşağıya düşüb pulları tabutdan götürmək istəyirdim, ancaq buna cəsarətim çatmırdı, hava dəqiqəbədəqiqə işıqlaşırdı. Tabut yanında qalan adamların hamısı bir azdan yuxudan ayılacaqdır, bir də onu görərsən ki, məni tutublar, əlimdə də altı min dollar, bu pulların qeydinə qalmağı isə mənə heç kəs tapşırmayıb. Yox, mən istəmirəm ki, məni belə bir işdə dolaşdırsınlar.


Səhər aşağıya düşdükdə gördüm ki, qonaq otağının qapısı bağlıdır, kənar adamların da hamısı gedibdir. Qalanlar yalnız ev adamları, dul qadın Bartli və bizim quldurlar idi. Mən dayanıb baxmağa başladım, dedim ki, bu işin açılıb-açılmadığını bəlkə oradakıların
üzündən öyrənə bildim, ancaq heç bir şey öyrənə bilmədim.


Günortaya yaxın tabutçu öz köməkçisi ilə birlikdə gəldi; onlar tabutu götürüb otağın ortasında iki stulun üstünə qoydular, qalan stulları isə cərgə ilə düzdülər, hələ üstəlik qonşulardan da stul gətirdilər, qonaq otağı da, yemək otağı da, dəhliz də stulla doldu. Mən
baxıb gördüm ki tabutun qapağı dünənki kimi durmuşdur, ancaq cəsarət eləyib onun içinə baxa bilmədim, axı ətraf adamla dolu idi.


Sonra dəvət olunan adamlar axışıb gəlməyə başladı, bizim firıldaqçılar da qızlarla birlikdə qabaq cərgədə, tabutun baş tərəfində əyləşdilər. Qonaqlar azı yarım saat sıra ilə, aram-aram gəlib tabutun yanından keçir, mərhuma baxırdılar, bəziləri göz yaşı axıdırdı;
hər bir şeydə sakitlik və əzəmət var idi, yalnız qızlar və bu iki fırıldaqçı əl yaylıqlarını gözlərinə tutmuş, başlarını aşağıya sallayıb yavaşcadan ağlayırdılar. Ayaq səsindən və burun finxırtısından başqa heç bir şey eşidilmirdi, adamlar dəfh yerində həmişə burunlarını tez-tez silib finxırırlar, yalnız kilsədə belə olmur.


Ev adamla ağzınacan dolduqda, əllərinə qara əlcəklər keçirmiş, çox mülayim və xoşagələn bir adam olan tabutçu pişik kimi ayaqlarının səsini çıxarmadan və hər şeyin öz qaydasında olması üçün son hazırlığı görərək irəli keçib nəzakət və ehtiramla ətrafa göz
gəzdirdi. O, bir kəlmə belə demədən başının və əllərinin işarəsi ilə qonaqları yerbəyer elədi, gecikənləri ora-bura sıxışdırdı, camaatı yanlara itələyib gediş-gəliş üçün yol açdı.


Sonra isə divarın yanında özü üçün ayrılmış olan yerə keçdi. Mən ömrümdə belə sakit, nəzərə çarpmayan və qılığagirən bir adam görməmişdim; o, qaxac ət kimi donuq olub qətiyyən gülümsəmirdi.


Onlar tanışlarından güc-bəla ilə köklənməmiş bir fisqarmoniya  alıb gətirdilər, hər şey hazır olduqdan sonra tanımadığım cavan bir qadın oturub çalmağa başladı; xırıltı və iniltidən qulaq tutulurdu, bu vaxt xorla oxumağa başladılar, məncə bu təkcə Piterə xoş gələ bilərdi. Sonra cənab əqdəs mister Hobson işə girişdi, aram-aram və əzəmətlə nitq söyləməyə başladı; lakin o, yenicə başlamışdı ki, zirzəmidən çox dəhşətli, qorxunc bir zingilti qopdu; bu zingiltini qoparan bircə it idi, amma elə zingildəyir və arasıkəsilmədən elə hürürdü ki, keşiş tabutun yanında dayanmış halda susub gözləməyə məcbur oldu, ağız deyəni qulaq eşitmirdi. Çox namünasib bir vəziyyət yaranmışdı, heç kəs bilmirdi ki, nə etsin. Lakin uzundraz tabutçu birinci olaraq özünü ələ alıb sanki: "Narahat olmayın, mən
hər şeyi düzəldərəm", - deyə başı ilə keşişə işarə elədi. O, əyilərək divarın dibilə çıxış yoluna tərəf getməyə başladı, adamların başı üzərindən onun yalnız çiyinləri görünürdü. O qapıya çatıncayadək səs-küy və it hürüşməsi bir-birinə qarışıb aləmi başına götürdü; tabutçu nəhayət, otaqdan çıxıb zirzəmidə görünməz oldu. Bir-iki saniyədən sonra biz qüvvətli bir zərbə səsi eşitdik, it qulaqbatırıcı bir səslə bir, ya iki dəfə də zingildədi, sonra hər şey sakitləşdi, araya tam sakitlik çökdü, keşiş təntənəli nitqinə yarımçıq qoyduğu yerdən başladı. Azca sonra tabutçu qayıtdı, yenə də onun çiyinləri görünməyə başladı, o, otağın üç tərəfini hərlənib qamətini düzəltdi, əlini ağzına tutub boynunu uzadaraq xırıltılı səslə: "İt siçovul tutmuşdu!" -deyə keşişə pıçıldadı. O yenə əyilərək divarın dibilə keçib öz yerinə getdi. Hamının bu hadisədən xoşhallandığı aydın görünürdü, camaat nə olduğunu bilmək istəyirdi. Belə boş şeylər adam üçün heç bir şeydir, ancaq ümumi hörmət və məhəbbət də elə bu cür boş şeylərlə qazanılır. Şəhərdə heç bir kəsi bu tabutçu qədər sevmirdilər.


Keşişin tabut başında söylədiyi sözlər yaxşı sözlər idi, ancaq nitq çox uzun və darıxdıncı idi; sonra kral da özünü oraya soxdu, nitqlə çıxış etdi və həmişə olduğu kimi cəfəng sözlər söylədi; sonra tabutçu əlində vintburan tabuta yanaşdı. Mən elə bil tikan üstündə oturmuşdum, gözlərimi bərəldib ona baxırdım. O isə tabuta heç nəzər də yetirmədi, tabutun qapağını səs çıxarmadan çəkib yerinə saldı və möhkəm-möhkəm vintlədi. Mən beləcə və nigaran qalıb, pulların orada olub-olmadığını öyrənə bilmədim.


Kim bilir, deyə düşünürdüm, bəlkə birisi pulları xəlvətcə çırpışdırıb. Bilmirəm, İndi Meri Ceynə yazım, ya yox? Birdən o gedib qəbri qazıtdırar, pulları isə orada tapmaz, onda mənim haqqımda nə düşünər? Eh, cəhənnəmə olsun, yoxsa ardımca düşüb məni tutar,
həbsxanaya salarlar; yaxşısı budur dilimi dinc qoyum, ona da heç bir şey yazmayım; çünki hər şey dolaşıq düşdü, mən yaxşı iş görmək istəyirdim, amma yüz qat pis çıxdı. Heç gərək bu işə baş da qoşmayaydım, nəyimə gərəkdi! Piteri dəfn etdilər, biz evə qayıtdıq; mən yenə adamların üz-gözünə baxırdım ki, bəlkə bir şey sezə bildim, bu işdən özümü heç cürə yayındıra bilmir, sakit olmurdum. 


Həmin axşam kral qonaqlara baş çəkib təsəlli verir, öz dostluğunu göstərmək istəyir, sözarası da bildirirdi ki, müridləri onu orada, İngiltərədə səbirsizliklə gözləyirlər, belə ki, o gərək tələsə, əmlak barədə hər şeyi yoluna qoyandan sonra evlərinə qayıda. O belə tez
getməsinə çox təəssüflənirdi, başqaları da buna çox təəssüflənirdi, onlar kralın burada daha çox qonaq qalmasını istəyirdilər, ancaq bilmirdilər ki, onu necə dilə tutsunlar. O deyirdi ki, guya Vilyamla birlikdə qızları da özləri ilə İngiltərəyə aparmaq istəyirlər; buna hamı sevinirdi, çünki qızlar qohumları ilə birlikdə olacaq və yaxşı yaşayacaqdılar; qızlar da məmnun idilər və buna elə sevinirdilər ki, öz dərdlərini tamam yaddan çıxartmışdılar; qızların dediyi elə bu idi; qoy kral hər şeyi tez satsın, onlar isə yola yığışarlar. Zavallılar elə məmnun idilər, özlərini elə xöşbəxt hesab edirdilər ki, onları necə tora salıb aldatdıqlarına baxanda az qala ürəyim partlayırdı, ancaq mən bu məsələyə qarışmaq və bir dəyişiklik etməyə heç bir imkan görmürdüm.


İnanın ki, kral bir dəqiqə belə keçməmiş evin də, zəncilərin də dəfndən sonra müzakirə ilə satılması vaxtını təyin etdi, bu, dəfndən iki gün sonra keçirilməli idi. Lakin istəyənlər bundan qabaq da ala bilərdilər. Dəfnin ertəsi günü, saat on ikiyə yaxın qızların sevinci ilk dəfə qüssə ilə əvəz olundu. Zənci alveri edən iki tacir gəldi, kral zənciləri, qaydaya görə üç gün müddətinə çeklə ödənilmək şərtilə yaxşı qiymətlə satdı, onlar iki oğlanı çayyuxarı Memfisə, uşaqların anasını isə çay-aşağı, Yeni Orlana apardılar. Mən zavallı qızların da, zəncilərin də dərddən ürəkləri partlayıb öləcəklərini düşünürdüm, onlar bir-birləri üçün elə ağlayır, şivən qoparırdılar ki, baxanda az qala ürəyim partlayırdı.


Qızlar deyirdilər ki, ailəni parçalayıb buraya, şəhərə yox, çox-çox uzaqlara satmaq onların heç yuxusuna da girməyib. Yazıq qızlarla həmin zəncilərin bir-birlərini qucaqlayıb ağladıqları heç vaxt yadımdan çıxmayacaq, bu indi də gözümün qabağındadır; əgər mən
alverin etibarsız olduğunu və zəncilərin bir-iki həftədən sonra evlərinə qayıdacaqlarını bilməsəydim, buna çox yəqin ki, dözə bilməyəcəkdim, susub durmayacaq, gedib bizim quldur dəstəsini ələ verəcəkdim.


Bu alver şəhərdə böyük gurultu qopardı; adamların əksəriyyəti bunun qəti olaraq əleyhinə idi; deyirdilər ki, ananı uşaqlarından ayırmaq böyük rüsvayçılıqdır. Bu əhvalat bizim fırıldaqçıları yaman hörmətdən saldı, qoca axmaq hersoqun dediklərinə məhəl qoymayıb öz bildiyini edirdi; hersoq isə, hər şeydən görünürdü ki, bərk təşvişə düşmüşdü.


Ertəsi günü müzaidə təyin olundu. Səhər hava işıqlaşan kimi kralla hersoq çardağa qalxıb məni oyatdılar; üzlərindən o saat başa düşdüm ki, iş nə yerdədir.


- Srağagün axşam mənim otağımda olmusanmı? - deyə kral soruşdu.
- Yox, əlahəzrət. - Yad olmayanda, mən ona həmişə belə deyirdim.
- Dünən axşam necə, olmusanmı?

- Yox, əlahəzrət.
- Bax, doğrusunu söylə, yalan demə!
- Namusuma and olsun, əlahəzrət, mən sizə düzünü deyirəm. Miss Meri Ceyn otağı sizinlə hersoqa göstərəndən bəri sizin otağa heç yaxın da gəlməmişəm.
- Bos oraya bir kimsənin girib-girmədiyini görmüsənmi? - deyə hersoq soruşdu.
- Yox, cənab, nə isə yadımda deyil.
- Fikirləş, yadına sal!


Mən fikrə gedib gördüm ki, yaxşı fürsət düşüb, dedim:
- Bəli, mən zəncilərin bir dəfə deyil, dəfələrlə oraya girdiklərini görmüşəm.


Hər ikisi yerlərindən dik atıldı, əvvəlcə elə görkəm aldılar ki, guya bunu gözləməyirmişlər, sonra isə elə dəyişildilər ki, guya elə məhz bunu gözləyirmişlər.
- Necə? Hamısı birdənmi girirdi? - deyə hersoq soruşdu.
- Yox, hamısı birdən yox... daha doğrusu, deyəsən onların hamısının oradan çıxdığını görməmişəm, yalnız bir dəfə...
- Hə, hə. Bu nə vaxt olmuşdu?
- Mərhum dəfn olunan gün. Səhər. Amma çox ertədən yox, çünki mən o gün yatıb yuxuya qalmışdım. Mən pilləkənlə elə təzəcə aşağıya enmək istəyirdim ki, onları gördüm.
- Bəs sonra, sonra? Onlar nə edirdilər? Özlərini necə aparırdılar?
- Heç bir şey etmirdilər. Özlərini də, məncə, adi qaydada aparırdılar. Ancaq oradan ehtiyatla, ayaqlarının ucunda yeriyərək çıxdılar; deyəsən, əlahəzrətin otağını yığışdırmağa, bəlkə də başqa bir iş görmək üçün gedirdilər, elə bilirdilər ki, siz yataqdan durmuşsunuz; hələ yatmış olduğunuzu gördükdə isə sizi oyatmamaq, narahat etməmək üçün qorxub tələsik gedirdilər.


- Lənət şeytana, işə bir bax! - deyə kral özünü itirmiş halda hersoqa baxdı, hersoq da ona baxıb qaldı, hər ikisi çox axmaq görkəm almışdı.
Onlar bir dəqiqəliyə başlarını qaşıyaraq fikrə getdilər, sonra isə hersoq xırıltılı səslə gülərək dedi:
- Bir görün ki, bu zəncilər necə bir məharətlə məzhəkə oynayıblar! Özlərini tülkülüyə vururdular ki, guya bu yerlərdən getməklərinə çox toəssüflənirlər! Mən də onların təəssüf etdiklərinə inanırdım, siz də, eləcə də hər bir kəs. Bundan sonra mənə deməyin ki, zəncilərin artistlik istedadı yoxdur! Görün, bir nə oyunbazdırlar, hər kimi istəsələr aldada bilərlər! Mənim fikrimcə, biz onları çox ucuz satmışıq. Əgər mənim pulum və öz teatrım olsaydı, onlardan yaxşı artist mənə gərək deyildi, biz isə onları burada lap havayı, qəpik-quruşa satdıq. Hələ o qəpik-quruşu da almamışıq. Bura bax, bəs həmin qəpik-quruş, həmin çek hardadır?
- Harda olacaq? Bankdadır, hələ vaxtına qalıb.
- Allaha şükür, yaxşı ki, bu da əlimizdən çıxmayıb.


Mən özümü bicliyə vuraraq, guya qorxuya düşmüş kimi soruşdum:
- Nə olub ki?
Kral üstümə qışqırdı:
- Sənin işin deyil! Dinməz dur və öz işinlə məşğul ol! Nə qədər ki, burada, şəhərdəsən, bunu yadından çıxartma, eşitdinmi?
Kral sonra üzünü hersoqa tutub dedi:
- Nə edəsən ki, dözmək lazımdır; gərək dilimizi qarnımızda saxlayaq, vəssalam, başqa çarə yoxdur.
Onlar pilləkənlə aşağı düşməyə başladılar, hersoq yenə gülərək dedi:
- Tez satdıq, amma heç bir şey qazanmadıq! Mənfəətli işdir, deməyə gəlməz.
Kral acıqlı-acıqlı dedi:
- Mən çalışırdım, elə bilirdim ki, tez satsaq yaxşıdır! Axırda heç bir qazancı olmayıb, böyük zərəri olmuşsa, nəticədə heç bir şey çıxmayıbsa, bunda mənim təqsirim səninkindən çox deyildir.
- Beli, əgər durub mənim məsləhətimə qulaq assaydınız, onda zəncilər burada qalar, biz isə burada olmazdıq.


Kral yenə də deyindi. Sonra isə söhbəti dəyişib yenə mənim üstümə düşdü. Ağzına gələn sözü mənimçün dedi, guya bu işdə mən günahkaram, çünki zəncilərin ayaqları ucunda onun otağından çıxdıqlarını görüb ona xəbər verməmişəm, mənim yerimə hər hansı axmaq belə olsaydı, burada bir əngəl iş olduğunu başa düşərdi. Kral sonra özünü söyməyə başladı: guya hamısı ondan olub ki, həmin gecə gözünə yuxu getməmiş, səhər lap tezdən oyanıb yerindən qalxmışdır; kral deyirdi ki, əgər bir də tezdən yuxudan ayılarsa, Allah ona lənət eləsin. Onlar yenə bu barədə danışaraq çıxıb getdilər; mən isə bu işi zəncilərin üstünə atdığıma çox sevindim; həm də bu işi elə məharətlə görmüşdüm ki, zəncilərə heç bir xətər dəyməyəcəkdi.