Nağıllar, hekayələr

Zahid Xəlil. Qaçağan dovşan

Bir dəfə dovşan çox fikirləşdi, az fikirləşdi, axırda belə qərara gəldi ki, gedib Kirpi ilə dostluq etsin. "О öz tikanları ilə məni qoruyar, mən də cəld qaçıb yaxınlıqda nələr baş verdiyini ona söyləyərəm. Bax buna deyərəm, dostluq!" Dovşan bu fıkirdən necə sevindisə fişəng kimi yerindən götürüldü. Sağsağan Dovşanın belə qaçmağından şübhələnib soruşdu:
—Sənə nə olub?
—Nə olacaq? Özümə yaxşı bir dost tapmışam. O məni tikanları ilə düşməndən qoruyacaq, mən də ətrafdakı əhvalatları gəlib ona xəbər verəcəyəm. Bundan sonra yaşamağına dəyər!
—Bura bax, — deyə sağsağan onu yoldan saxlamaq istədi.


Amma Dovşan özünü saxlaya bilməyib uzaqlaşdı.
Sağsağan səbrlə onun qayıtmasını gözlədi. Bir azdan gördü ki, budu Dovşan qulaqları yellənə-yellənə gəlir.
— Bura bax, — deyə sağsağan onu səslədi.
—Məni də dostluğa qəbul edin. Mən də göydə baş verən əhvalatları gəlib sizə xəbər verərəm.


Dovşanın qulaqları o saat şeşələndi. Ağıllı söz eşidəndə həmişə uzun qulaqlarını şəkləyirdi.
—Bu lap gözəl təklifdir, — Dovşan necə sevindisə daha bərk qaçdı və özünü saxlaya bilməyib Kürə düşdü. Birtəhər çabalayıb sahilə çıxmaq istəyirdi ki, boz balıq onun həyəcanlı olduğunu görüb soruşdu:

—Nə olub? Bədəni islansa da Dovşanın kefi əvvəlki kimi kök idi.
—Nə olacaq, özümə əla dostlar tapmışam. Kirpi tükləri ilə məni düşməndən qoruyacaq, mən qaçıb ətrafda baş verənləri ona deyəcəyəm, sağsağan göydəki işlərdən bizi xəbərdar edəcək. Səncə bundan sonra yaşamağına dəyər, ya yox!
Boz balıq uzun burnunu bir az da qabağa uzadıb suyu havaya fınxırdı:
—Tamamilə yaxşı fikirdir. Gəlsənə məni də özünüzə dost edəsiniz. Mən də suyun altında nələr baş verdiyini sizə xəbər verərəm.
— Bu lap qiyamət oldu, — deyib, Dovşan daha bərk qaçmağa başladı. Amma o nə qədər bərk qaçırdısa qulağının dibindən bir səs heç uzaqlaşmırdı ki, uzaqlaşmırdı.
—Sən kimsən? — deyə Dovşan dayanıb həyəcanla soruşdu.
—Dzzzz! Məgər məni tanımırsan. Dünyanın ən balaca ağcaqanadıyam.
Dovşan bir qədər sakitləşib soruşdu:
—Nə istəyirsən?
—İstəyirəm ki, məni də dostluğa qəbul edəsiniz. Sizə dünyanın ən gözəl mahnılarını oxuyaram.
—Sən məgər oxuya da bilirsən?
—Əlbəttə, bir bax! Dzzzzzzzzzzzz!
— Yaxşı, tutaq ki, səni də dostluğa qəbul etdik. Axı sənin bu səsini heç qarışqalar da eşitmir.
—Gözəl mahnıları mən oxuya bilirəm, — deyə yaxınlıqdakı gölməçədən yaşıl bir qurbağa qışqırdı. — Ağcaqanadın səsindən isə hamının zəhləsi gedir.
—Necə, mənim səsimdən hamının zəhləsi gedir? —ağcaqanad balaca iynəsini çıxarıb qurbağaya tərəf uçdu.

Dovşan bundan istifadə edib qaçmağa başladı. O axırı ki, gəlib Kirpinin yanına çatdı.
—Kirpi, ay Kirpi mənlə dost olarsan? Sən məni tikanlarınla düşməndən qoruyarsan, mən də qaçıb ətrafda nələr baş verdiyini sənə deyərəm. Sağsağan göydə, boz balıq da sularda baş verənləri bizə danışar.
—Əlbəttə dostluq yaxşı şeydir, — kirpi dilləndi. Bu sözdən Dovşan necə sevindisə nəfəsi kəsilənə qədər qaçdı.


Amma bu dəfə o qədər bərk qaçırdı ki, nə sağsağanın, nə də boz balığın çağırdığını eşidə bilmədi. Onlar soruşmaq istəyirdilər ki, nə oldu, dostluqları baş tutur, ya yox?! Dovşan onlara cavab vermək halında deyildi. Elə sürətlə qaçırdı ki, qulaqlarının dibində vıyıldayan küləkdən başqa heç nə eşitmirdi. Hətta ağcaqanad da bu dəfə nə qədər qanad çaldısa ona çata bilmədi. Qurbağa isə lap havayıca quruldayıb boğazını yırtdı. Dovşan sevindiyindən onlara cavab vermədi. O beləcə axşama kimi qaçdı. Axşam dostunun yanına gələndə kirpi daha ondan küsmüşdü. Kirpi bircə onu dedi ki, qardaş, səndə ki, bu qaçmaq var, bizim dostluğumuz baş tutmaz.