O var idi, bu yox idi, bəzən az idi, bəzən çox idi, ilin- günün boş vaxtı , böyük şəhərlərin xoş vaxtı , Yer kürəsinin meyxoş vaxtı idi.
Saman yolundakı ulduzların arasında bir oğlan yaşayırdı. Günlərin bir günü oğlan Yerə səyahət etmək qərarına gəldi. Səyyah çantasını belindən aşırıb, parlaq və sönük ulduzlardan keçərək dünyanın düz ortasına, yumurtanın içi kimi sapsarı, yupyumşaq bir düzənliyə çatdı. O, burada uzun otların uclarında yellənərək nəğmə oxuyan quşlara rast gəldi. Başladı onları yamsılamağa. Nəğməkar quşlardan zümzümə etməyi öyrənən oğlan sağollaşanda onlara dedi:
-Mənə qəşəng mahnılar öyrətdiyiniz üçün, çox sağ olun, yolboyu darıxmayacağam. Qayıdanda sizə oxuyan bulaqların suyundan gətirəcəyəm.
Sonra o, dümdüz düzənlikdə düz gedə - gedə tənha bir ağaca rast gəldi, elə ona söykənib dincini almaq istəyirdi ki, ağquyruq bir ilan yuxarıdan onun qulağına fısıldadı:
- Oğlan, bu dünyada nə axtarırsan?
- Sən ağacı dolandığın kimi mən də dünyanı dolanıram. Asiya qitəsindən keçib , dənizə çatıb ordan da Qərbə gedəcəyəm.
- Hə, okeanın o bir üzündə mənim qohumlarım da var, neçə əsrdir görüşmürük, eh!..
- Qohumların uçan ilanlara salam deyimmi?
- Əlbəttə, de. Denən, bir gün biz tərəfə də uçsunlar, ağ quyruqlu qohumlarına baş çəksinlər.
- O zaman dərini mənə ver, üstüm su olmasın.
Turist oğlan ilan dərisinə bürünüb dənizlərdə üzməyə başladı, bu zaman o, şəffaf taclı bir balıqla burun – buruna gəldi.
- Ay oğlan, hara üzürsən? – dəniz sakini soruşdu.
- Böyük okeana üzürəm, ulu nənən - nəhəng balinaya səndən salam deyimmi?
- Əlbəttə de, onun üçün çox darıxdığımı de.
- O zaman gözlərini müvəqqəti mənə ver, suyun altında yaxşı görə bilim, qayıdanda qaytararam.
Turist oğlan sudan quruya çıxıb dağlara çatdı.
Dağı aşanda bir ayıya rast gəldi. Ayı onun qarşısında insan kimi oturub soruşdu .
-Hara belə, turist oğlan?
- Şimala gedirəm, qohumların ağ ayılara salam deyimmi?
-Ah, nə gözəl! Sən onlara de ki, buzların altındakı yağlı balıqları yeyəndə məni də yada salsınlar.
- Qəşəng, yumşaq paltarını mənə verərsənmi, yolda üşüməyim?
Ayı o saat kürkünü çıxarıb oğlana verdi.
Oğlan dağı aşıb, böyük dənizlərə aparan bir çaya çatanda timsaha rast gəldi.
-Ay turist, hara belə?- timsah soruşdu.
-Şimala gedirəm, sənə yağlı balıqlar gətirimmi?
Timsah razılıq edib, iştaha ilə dişlərini şaqqıldatdı.
-O zaman dəmir kimi möhkəm dərini mənə ver, buzlu sularda ayaqlarım donmasın.
Timsah razılaşdı.
Səyahət bitməmişdi, amma turist oğlan çox yorulmuşdu. Bir adaya çatıb, kötüyə söykənib mürgüləməyə başladı. Oyananda başının üstündə böyük bir papaq gördü. Göbələk papağını arxaya çəkib soruşdu.
- Dincələ bildinmi?
- Dincəldim, çox sağ ol. Deyəsən, yağış yağır, mənim səyahətim isə bitməyib hələ.
- O zaman qal mənim geniş papağımın altında, yağış kəsəndə səyahətinə davam edərsən.
Oğlan yenidən şirin yuxuya getdi. Amma bu dəfə bir az gec ayıldı. Birdən yadına düşdü ki, Yeri səyahət edərkən verdiyi vədlər var idi. Onları yerinə yetirməyin vaxtı – vədəsi çatıb. O, əsasını götürüb, çantasını yığışdırıb, yavaş – yavaş özünün yeni səyahətinə hazırlaşdı.
06.07.2024