Meşənin ən qaranlıq yerində, böyük bir mağarada balaca qonur ayılar dünyaya göz açmışdılar. Günlər keçdikcə parlaq xəzli bu ayıcıqlar bir – bir yuvanı tərk etməyə başladı. Onlardan yalnız biri anasından ayrılmaq istəmirdi. Mehriban ana tez – tez öz balasına xatırladırdı:
-Ay mənim son beşiyim, ev- eşiyim, artıq sənin də təkbaşına ov ovlamaq vaxtın çatıb. Biz ayılar çox güclüyük, güclülər isə tək yaşamağı da bacarmalıdır. Amma bil ki, dünyanın hər yerində sənin qohumların yaşayır. Uzaq Tibet dağlarında bambuk yeyən pandalar, şimalda qar kimi ağ qütb ayıları. Səfərə çıxsan, onlarla da tanış olmaq şansın olar...
Balaca qonur ayı anasının öyüdlərini dinləsə də, mağazasından çox uzaqlaşmağa cəsarəti çatmırdı. Ancaq bir səhər ayılanda böyük ayını yanında görmədi. Ora- bura vurnuxdu, hətta bir az cəsarətlənib təpəyə də qalxdı. Qorxduğu başına gəlmişdi. O həyata tək davam etməliydi.
Səhər tezdən Günəş ayıcığın zeytun kimi qapqara burnunu qıdıqlayıb onu oyandırdı. O, əvvəlcə mağaranın ağzında ora- bura qaçdı, yerə baxdı, göyə baxdı, qovaq, küknar, palıd ağaclarına baxdı, sonra anasının getdiyi yola baxdı. Nəhayət, mağarasından uzaqlaşdı. Gün batanda gəlib bir çay kənarına çıxdı. «Nə böyük dünya imiş»,- balaca ayı düşündü. Bu zaman səmada al durnaların qatarı göründü. Quşlar üçbucaq qurub qaqqıldaşa-qaqqıldaşa uçurdular. Ayıcıq böyük bir salın üstündə insan kimi arxa ayaqları üstə oturub xırda gözlərini göyə zillədi, quşlara nə qədər əl etsə də, ona baxmadılar. Sonra o, qa¬baq pəncəsi ilə suyu yoxladı. Suyun səsi xoşuna gəldi, yoğun boynunu sallayıb xeyli axar çayı izlədi, rəngbərəng balaca balıqlara baxmaq xoşuna gəlmişdi. Birdən onu ağlamaq tutdu, çünki sudakı əksi ona anasını xatırlatdı. O ağlamağa başladı: Balıqlardan biri dözməyib başını sudan çıxardı:
-Ay ayıcıq, niyə kədərlənmisən? Şirin suyumuz duzlu oldu ki. Bir söylə görək , kimdən, nədən incimisən?
Ayı burnunu çəkə - çəkə dedi:
-Yalqızam mən , anam gedib tək qalmışam. Heç göydəki quşlar da mənimlə dost olmaq istəmədilər.
- Darıxma, qonur ayı, sən özünə tay tapana qədər biz səninlə dost olarıq.
-Doğrudan?- ayı sevincək oldu.
-Əgər bizi yeməsən, əlbəttə. Üzmək də öyrədərik sənə.
-Yaxşı, mən sizi yemərəm, ancaq bal yeyərəm, nar yeyərəm, zoğal,fındıq, armud yeyərəm...
Bundan sonra üzgüçü dostlarına başı qarışan ayıcıq hər gün çaya onlarla oynamağa gəlirdi.
Yaz gəlmişdi, ayıcıq bir yaş da böyümüşdü. Bir dəfə çayda öz əksini görəndə o, yenə kövrəldi. Taclı balığın başına yenə duzlu su damdı. O, suyun üzünə çıxıb dedi:
- Ay Qafqazın ən qonur ayısı, Günəş dünyaya gülən vaxt səni ağladan nədir?
Ayı burnunu çəkə- çəkə dedi:
- Hər dəfə yaz gələndə məni ağlamaq tutur, anam demişdi ki, haradasa qohumlarım var, ancaq mən öz qohumlarımı heç görməmişəm.
Taclı balıq bütün balıqları salın ətrafına yığdı. Onlar ayının dərdinə şərik oldular, sonra balıqların ən böyüyü dedi:
- Qonur xəzli dostumuz, sənin dostluğundan heç incimədik, ancaq bəzən elə olur ki, yaxşılar harasa getməli olurlar. Bir gün yenə çaya qayıtsan, dostlarının səni burada gözlədiyini unutma.
Ayıcıq öz dostları ilə sağollaşıb ayrıldı. Gözdən itənə qədər balıqlar suyun üzünə hoppanaraq onu yola salırdılar. O da hərdən arxaya çevrilib beşbarmaqlı pəncəsi ilə onlara əl edirdi. Beləcə ayı dağlar aşdı, çəmənlər keçdi, dənizlərdə üzdü. Böyük buzlu okeana gəlib çatdı. Onun buradakı bəyaz örtükdən gözləri qamaşdı. Bir də gördü ki, iki ağ ayı yekə bir buz parçasının üstündə ona tərəf üzür.
Qonur ayı ağ ayının yekəliyindən heyrətləndi: Yumru qulağını qaşıyıb ondan soruşdu.
- Sən mənim qohumumsan?
-Əlbəttə. Anam demişdi ki, uzaqlarda qonur rəngində qohumlarımız var. Bax, yaxşıca balıqlar ovlamışam, gəl qonaq ol.
-Çox sağ ol.
- Qonur ayı , sizin Qafqazda okean var?
- Mənim çayım var idi, orada üzürdüm.
- Onda gəl okeanda üzək, buzlarda əylənək.
- Yox, üşüyərəm,- qonur ayı geri çəkildi.
- Qorxma, buzların altında su isti qalır.
Qonur ayı qonaqpərvər ağ ayı ilə xoş gün keçirdi, vidalaşmaq vaxtı çatanda ağ ayı dedi:
- Əziz qohum, burada buzlar əridikcə bizə yaşamaq çətin olur, bizdə şirin suyu çox sevirik. Heyif ki, böyük buzlaqlar kiçilir.
- Mənim gəldiyim yerlər zümrüd kimidir. amma o zümrüd günü - gündən balacalaşır. Çaya enib balıq dostlarımla birgə yaşayırdım. Anam demişdi ki, dünyada sənin qohumların çoxdur. Buradan Tibetə altı barmaqlı ət yeməyən, bambuk yeyən və sənin kimi qışda qışlamayan pandaların yanına yollanacağam.
- Sən ömrü boyu səyahət edəcəksən?- qütb ayısı soruşdu.
- Əgər yaxşı dost tapsam, yuva qurub onunla birgə öz meşəmdə yaşayacağam.
- Yaxşı yol sənə, qonur ayı. Yolun düşsə, bir də gəl.
- Hələlik, qütb ayısı. Sənə heç vaxt əriməyən buzlu şirin sular arzu edirəm.
Beləcə qonur ayı səyahətini başa vurdu və öz meşəsinə qayıtdı. O Tibetə də getmişdi. Bu barədə bir gün özü danışar. İndi qonur ayının çoxlu balaları var.
08.07.2024