Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXXI fəsil

Biz bir neçə gün şəhərlərdə dayanmağa qorxub hey üzür, çayaşağı gedirdik. İndi biz cənubda, evimizdən çox-çox uzaqlarda, isti yerlərdə idik. Gövdələrini, uzun ağ saqqal kimi ispan mamırı basmış ağaclara rast gəlirdik. Mən onun necə bitdiyini birinci dəfə idi ki, görürdüm, bu mamır meşəni tutqun və qəragin göstərirdi. Bizim fırıldaqçılar qət etdilər ki, daha qorxmalı bir şey yoxdur, buna görə də şəhərlərdəki camaatı yenidən aldadıb soymağa başladılar. 


Onlar əvvəlcə sərxoşluğa qarşı mühazirə oxudular, lakin elə az qazandılar ki, heç içkilərinə də çatmadı. Belə olduqda, onlar digər bir şəhərdə rəqs məktəbi açmaq qərarına gəldilər, özləri isə kenqurudan da pis oynayırdılar; belə ki, əl-qollarını açan kimi tamaşaçılar onların üstünə tökülüşüb şəhərdən qovdular. Onlar sonra adamları natiqlik sənətinə öyrətməyi təcrübə etdilər, lakin boşboğazlıqları uzun çəkmədi, dinləyicilər dözə bilmədilər, onlan möhkəm söyərək şəhərdən çıxıb getmələrini tələb etdilər. Onlar vəz və fikri təlqin etməyi, həkimliyi və fala baxmağı da təcrübə etdilər, bir sözlə hər işə əl atdılar, lakin işləri heç cürə gətirmədi. Axırı elə oldu ki, onlar bütün pullarını xərcləyib qurtardılar, bütün günü boş-boşuna salın üstündə o yan-bu yana gəzişməyə başladılar, hey fikirləşir, bir-birlərilə, demək olar ki, danışmırdılar, özləri də yaman qaşqabaqlı və acıqlı idilər. 


Sonra isə onlar birdən-birə canlandılar, çadırın içində nə barədəsə, bizdən xəlvəti, dalbadala iki saat, üç saat pıçıldaşdılar. Cimlə mən çox narahat olduq. Bu heç xoşumuza gəlmirdi. Öz-özümüzə fikirləşirdik ki, bu dəfə yəqin, əvvəlkilərdən daha bədtərini hazırlayırlar. Biz çox fikirləşib ən axırı belə qət etdik ki, onlar bir adamın evini və ya dükanını soymaq, bəlkə də qəlp kağız pul düzəltmək istəyirlər. Cimlə mən yaman qorxuya düşdüm. Dilləşdik ki, biz onların bu işlərinə qətiyyən baş qoymayacağıq, bir balaca imkan olan kimi onları atıb qaçacağıq, qoy onlar təkcə qalsınlar. 


Biz səhər Payksvill adlı kiçik bir ucqar şəhərdən iki mil aşağıda salımızı xəlvət bir yerdə gizlətdik, kral sahilə getdi, bizə dedi ki, şəhərə gedib "Zürafə" haqqında xəbərin buraya çatıb-çatmadığını öyrənib qayıdıncayadək yerimizdə sakitcə oturub özümüzü heç kəsə göstərməyək. ("Yəqin ki, ev soymağa gedirsən, - deyə öz-özümə fikirləşdim, - sonra da arxayın ol, gəlib görəcəksən ki, nə mən varam, nə də Cim"). Əgər özü günortaya kimi qayıtmasa, deməli, hər şey öz qaydasındadır, onda hersoqla mən də şəhərə getməliyik. 

 

Biz salda qaldıq. Hersoq hey hirslənir, əsəbiləşirdi, onun ümumiyyətlə, əhvalı yaxşı deyildi. Hər şey üçün üstümüzə düşürdü, biz onu heç cür razı sala bilmirdik, o hər bir boş şeyə irad tuturdu. Onların nə isə bir həngaməyə başladıqları su kimi aydın idi. Günorta oldu, kral gəlib çıxmadı, etiraf etməliyəm ki, mən buna çox sevindim, fikirləşirdim ki, bu özü də dəyişiklikdir, ola bilsin ki, hər şey əməlli-başlı dəyişəcəkdir. Hersoqla mən şəhərə gedib kralı axtarmağa başladıq və azca sonra onu lülqənbər halda bir meyxananın içəri otağından tapdıq; bir neçə avara əylənmək üçün ona sataşırdı; kral ağzına gələn söyüşü yağdırıb onları hədələyirdi, özü isə ayaq üstə güclə dayanırdı, əlindən heç nə gəlmirdi. Hersoq bunu görəndə onu qoca axmaq adlandırıb təhqir etdi, kral da ona borclu qalmadı, onlar əməlli-başlı bir-birlərilə tııtuşduqda aradan çıxdım, dabanlarıma tüpürüb çayatərəf qaçdım. Nə gözəl fürsətdir, deyə düşündüm, onlar Cimlə məni bir daha bu tezliklə görə bilməyəcəklər. Təngnəfəs halda gəlib çaya çatdım, sevincimdən bilmirdim nə edəm. 
- Cim, tez ol, salı aç, - deyə qışqırdım, - indi hər işimiz öz qaydasındadır! 
Lakin mənə heç kəs cavab vermədi, çadırın içi bomboş idi. Cim yox olmuşdu. Mən bir də qışqırdım, ikinci, üçüncü dəfə qışqırdım; meşə ilə o yan-bu yana qaçıb çağırır, haraylayırdımsa da heç bir cavab gəlmirdi, qoca Cim itmişdi. Oturub ağlamağa başladım, göz yaşımı heç cür saxlaya bilmirdim. Lakin çox otura da bilmədim. Yolla çıxıb getməyə başladım, öz-özümə fikirləşirdim ki, indi nə edim! Bir da gördüm ki, qabağıma bir oğlan çıxdı. Ondan bir zənci görüb-görmədiyini soruşdum, hətta geyimini də dedim, o dedi: 
- Görmüşəm. 
- Bəs harada? 


- Orada, Saylas Felpsin plantasiyasının yaxınlığında, buradan iki mil olar. O qaçqın zəncidir, onu tutublar. Sən onumu axtarırsan? 
- Daha dərdim yox imiş! Mən bir-iki saat bundan əvvəl meşədə ona rast gəlmişdim, o mənə dedi ki, əgər qışqırsam camını alacaq, mənə əmr etdi ki, sakitcə oturub yerimdən tərpənməyim. Mən də orada oturdum, durub getməyə qorxurdum. 
Oğlan dedi: 
- Hə, bir halda ki, onu tutublar, daha qorxmaya bilərsən. O haradansa, çox uzaqlardan, Cənubdan qaçıbdır. 
- Nə yaxşı ki onu ələ keçirə biliblər. 
- Yaxşı da sözdür! Axı onun üçün iki yüz dollar mükafat veriləcək. Elə bil ki, lap yoldan tapmısan. 
- Əgər bir az böyük olsaydım, mükafatı mən da ala bilərdim, axı onu birinci mən görmüşəm. Bəs onu tutan kimdir? 
- Bir nəfər qoca tutub, buralı deyil, gəlmədir, ancaq o, zəncini qırx dollara başqa adama satıb, çünki tezliklə çay yuxarı getməlidir, gözləməyə vaxtı yoxdur. Bir gör ha! Mən olsaydım gözləyərdim, lap yeddi il də olsa gözləyərdim. 
- Mən də mütləq gözləyərdim, - deyə cavab verdim. 


- Bəlkə onun payına bundan artıq düşməyirmiş ki, o da belə ucuz satıb? Belkə də. bu heç təmiz iş deyil? 
- Necə yəni təmiz iş deyil, bundan təmizi ola bilməz. Elanı özüm görmüşəm. Orada onun haqqında hər şey yazılıb, hamısı bu nöqtəbə-nöqtə düz gəlir, lap çəkilmiş şəklindən də yaxşı gəlir; bu zənci Yeni Orlean yaxınlığından, plantasiyadan qaçıbdır. Yox, burada heç bir əyər-əskik yoxdur, hamısı düzdür... Bura bax, mənə bir çeynəm tütün borc verə bilərsənmi? 
Mənim tütünüm yox idi, oğlan mətidən ayrılıb getdi. Mən sala qayıtdım, çadırın içinə girib fikirləşməyə başladım. Lakin iıcç bir nəlicəyə gələ bilmədim. Fikirləməkdən başım çatlayırdı, bununla belə, bu bəladan qurtaramaq üçün heç bir yol tapa bilmədim. Biz çayda nə qədər üzmüş, bu fırıldaqçılardan ötrü daha nələr etməmişdik, hamısı da əbəs yerə! Zəhmətimiz hədər gelmişdi,-çünki onlar Cimin başına belə əclaf bir oyun açmağı, qırx dollar puldan ötrü onu yenə ömürlük olaraqköləlik əsarətinə, həm də özgə adamların əsarətinə verməyi rəva bilmişdilər! 


Mən fikirləşdim ki, əgər Ciimin alnına kölə olmaq yazılmışsa, onun, öz vətənində ailəsinin yaşadığı yerdə kölə olması bundan min dəfə yaxşıdır. Görəsən bu barədə Tom Soyyero məktub yazımmı? Qoy o, Cimin harada olduğunu Miss Uotsona desin. Lakin bu fikri tezliklə başımdan çıxartdım, dedim ki, birdən miss Uotson acığa düşdü, xəbərdarlıq etmədən onun yanından qaçmaq kimi bir nankorluq və əclaflığı Cimə bağışlamayıb, onu təzədən satdı. Əgər satmasa da, yenə bir xeyir yoxdur, çünki belə nankor zənciyə hamı həqarətlə baxacaqdır, qayda belədir, Cimin necə əclaf və yaramaz olduğunu ona mütləq hiss etdirəcəklər. Bəs mənim vəziyyətim necə olacaq? Hamıya məlum olacaq ki, Hek Finn zəncinin azad olmasına kömək etmişdir; bizim şəhərdə yaşayan bir adamı görmüş olsam, xəcalətimdən gərək yenə yerə yatıb onun ayaqlarını yalayam. Bu həmişə belə olur, adam bir əclaf iş görür, sonra isə bu iş üçün cavab vermek istəmir. Fikirləşir ki, nə qədor bunu heç kim bilmir, xəcalət çəkmək də lazım deyil. İndi bu mənim də başıma gəlmişdi. Bu haqda nə qədər diişünürdümsə, vicdan əzabı məni bir o qədər də incidirdi, mən özümü ən alçaq, rəzil və yaramaz bir adam kimi hiss edirdim. Nəhayət, ağlıma bir fikir gəldi, dedim ki, axı bu aydın məsələdir: qəzavü-qədər başıma belə bir iş gətirdi ki, göylərdə mənim hərəkətlərimə göz qoyduqlarını başa düşəm; orada artıq məlumdur ki, mənə heç pislik etməmiş yazıq bir qarının zəncisini oğurlamışam. Bax, indi mənə göstəriblər ki, hər şeyi görən bir göz vardır, bu göz namussuz işlərə dözə bilməyib onlara son qoyur. Mən bunu dərk edən kimi, qorxudan qıçlarım haldan düşdü. Buna baxmayaraq, mən öz hərəkətlərimə bəraət qazandırmağa başladım; fikirləşdim ki, mənə heç bir yaxşı şey öyrətməyiblər, deməli, o qədər də təqsirkar deyiləm; lakin bu vaxt elə bil ki, təkidlə mənə deyirdilər: "Bundan ötrü bazargünü məktəbi var, sən nə üçün o məktəbə getmədin? Orada sənə öyrədərdilər ki, zəncinin qaçmasına kömək edən adam bundan ötrü əbədi olaraq cəhənnəmdə yanacaqdır". 
Məni titrətmə tutdu. Az qala belə qət etmişdim ki, indiki kimi deyil, yaxşı oğlan olmaq, düzəlmək üçün dua oxumağı sınayım. Diz üstə də çökdüm. Lakin duanın sözləri ağzımdan çıxmadı. Axı, başqa cür necə olaydı? Bunu Allahdan, eləcə də özümdən gizlətməyə çalışmağın mənası yox idi. Mən dilimin dua oxumağa nə üçün gəlmədiyini bilirdim. Çünki qəlbim təmiz deyildi, mən namusla hərəkət etməmişdim, bax buna görə də özümü elə göstərirdim ki, guya düzəlmək istəyirəm, ən başlıca günahımı isə tövbə etmirdim. Zahirdə deyirdim ki, guya mən lazım olduğu kimi, namusla hərəkət edəcək, bu zəncinin harada olduğunu gedib onun sahibəsinə yazacağam, ürəyimdə isə bilirdim ki, hamısını yalan deyirəm; bunu Allah da bilirdi. İndi anladım ki, dua oxuyan zaman yalan söyləmək olmaz. 


Mən hiss etdim ki, bərk dolaşığa düşmüşəm, nə edəcəyimi də bilmirdim. Nəhayət, bir şey fikirləşdim; öz-özümə dedim: gedib bu məktubu yazım, ondan sonra baxım görum ki, dua oxuya biləcəyəm, ya yox. Çox qəribə işdir, elə həmin dəqiqə ürəyim yüngülləşdi, elə bil üstümdən bir dağ götürüldü, hər şey də birdən-birə mənə aydın oldu. Kağız və karandaş götürüb yazmağa başladım:
"Miss Uütson, sizin qaçqın zənciniz Cim, PayksvjUİn iki milliyində, mister Felpsin yanındadır; əgər siz təyin olunmuş mükafatı ona göndərsəniz, o, Cimi verər. Hek Finrt". 

 

Əhvalım çox yaxşı oldu, ömrümdə ilk dəfə olaraq biss etdim ki, günahlarım təmizlənib və indi dua oxuya bilərəm. Lakin dua oxumağa tələsmədim, əvvəlcə məktubu bir yana qoyub xeyli oturdum, fikrə getdim, öz-özümə dedim, nə yaxşı ki, belə oldu, yoxsa az qala özümü məhv edəcək və cəhənnəmə düşəcəkdim. Sonra gerisini düşünməyə başladım. Çay ilə olan səyahətlərimizi xatırladım, Cim gözümün qabağından getmirdi, gah gündüz, gah gecə, gah Ay işığında, gah da fırtınada, hər ikimizin birlikdə salda üzməyimiz, söhbət etməyimiz, oxumağımız, deyib-gülməyimiz bir-bir gözümün önündən gəlib keçirdi. Lakin Cimə qarşı pis niyyətdə olmaq üçün onun məni acıqlandıran bir hərəkətini belə xatırlaya bilmədim, əksinə, bunun tam əksi oldu, gah görürdüm ki, o öz növbəsini çəkib qurtardıqdan sonra mənim də əvəzimə növbə çəkir, doyunca yatım deyə məni yuxudan ayıltmırdı; gah da, dumanlı havada qayıdıb sala gəldikdə, yaxud orada, qan düşmənçiliyi olan yerdə, bataqlıqda yenə onunla göruşdükdə Cimin necə sevindiyini görürdüm; yadıma düşdü ki, o mənə həmişə "quzum" və "oğlum" deyir, məni əzizləyir, bacardığı hər bir şeyi məndən ötrü edirdi, o bəmişə çox mehriban idi; ən axırda isə onu necə xilas etdiyimi xatırladım, mən hamıya deyirdim ki, salımızda çiçək xəstəliyi var; Cim bundan ötrü mənə çox minnətdarlıq edib deyirdi ki, dünyada məndən yaxşı bir dostu yoxdur, indi onun yeganə dostu mənəm. 
Bu vaxt mən bilmədən dönüb məktubu gördüm. Məktub lap yanımda idi. Mən onu götürüb əlimdə saxladım. Canıma lərzə düşdü, çünki indi iki yoldan birini birdəfəlik və həmişəlik seçmək lazım idi, bunu mən başa düşürdüm. Mən bir dəqiqəliyə fikrə getdim, elə bil heç nəfəs də almırdım, sonra isə öz-özümə dedim: 
- Nə etmək olar ki, cəhənnəm alovunda yanaram, yanaram da. -Məktubu parça-parça edib tulladım. 
Belə şeyi fikirləşmək, belə sözləri dilə gətirmək dəhşətli idisə də, mən bu sözləri dedim. Olana güzəşt deyərlər, mən bir daha düzələcəyimi heç fikrimə də gətirmədim. Bütün bunları başımdan çıxarıb atdım; Özümə beləcə də dedim ki, qabaqlardakı kimi yenə də günah işləyəcəyəm, bir halda ki, mənə heç bir yaxşı şey öyrətməyiblər, mənim taleyim onsuz da belə olacaqdır. Başlanğıc üçün zəhmətimi əsirgəməyəcəyəm - Cimi yenə köləlikdən qaçıracağam; bundan da pis bir şey düşünüb tapsam, bu pis işi də edəcəyəm; bir halda ki, işim bitibdir, qoy onda əbəs yerə bitməsin. 

 

Bundan sonra, bu işə necə girişmək haqda düşünməyə başladım, bir çox üsulları ağlımda götür-qoy etdim; nəhayət, ən əlverişlisinin üstündə durdum. Çayın bir qədər aşağı tərəflərində meşəli bir adanın yerini yaxşıca öyrəndim, hava tamam qaralan kimi salı gizli yerdən çıxarıb adaya sürərək orada gizlətdim, özüm də uzanıb yatdım. Dan yeri sökülməmişdən ayağa qalxdım, səhər yeməyi yeyib mağazadan aldığımız təzə pal-paltarı geyindim, o biri paltarları və bir para başqa şeyləri düyünçəyə bağladım, qayığa minib sahilə getdim. Təxminən, özümün bildiyimə görə, Felpsin plantasiyasının olduğu yerdən bir qədər aşağıda sahilə yan aldım, düyünçəni meşədə gizlətdim, qayığın içinə su doldurub bir neçə daş salaraq onu kiçik çay üstündə durmuş taxta zavodundan dörddə bir mil qədər aşağıda suya batırdım, bunu ona görə etdim ki, bir daha lazım olduqda asanlıqla tapa bilim. 

 

Bundan sonra yola çıxdım; gəlib taxta zavodunun yanından keçərkən darvazanın üstündə lövhə gördüm, lövhədə: "Felpsin taxta zavodu" sözləri yazılmışdı, buradan iki yüz, yaxud üç yüz addını o yanda olan malikanəyə gəlib çatdıqda nə qədər göz gəzdirdimsə, günün günorta vaxtı olduğuna baxmayaraq, bir adam belə görmədim. Onsuz da bir kimsə ilə söhbət elmək fikrində deyildim, mən yalnız onların malikanələrinin quruluşunu öyrənmək, nəyin harada yerləşdiyini bilmək istəyirdim. Planıma görə, mən gərək oraya çay tərəfdən deyil, şəhər tərəfdən gələydim. Buna görə də baxa-baxa irəliləyir, birbaş şəhərə tərəf gedirdim. Qəribə işdir, orada ilk rast gəldiyim adam hersoq oldu. O, afişa yapışdırırdı. "Zürafə", yalnız üç tamaşa. Hamısı ötən dəfədə olduğu kimi. Bu fırıldaqçılar nə qədər həyasız idilər! Mən ona gözlənilmədən rast gəldiyimdən sivişib aradan çıxmağa macal tapmadım. Hersoq təəccüb edirmiş kimi dedi: 
- Oho, haradan belə? - Sonra isə, özünü sevinibmiş kimi göstərib soruşdu: - Bəs sal hardadır? Onu yaxşımı gizlətmisən? 
- Əlahəzrət, elə mən də sizdən bunu soruşmaq istəyirdim. 
Hersoq ciddiləşərək dedi: 
- Axı nədən ötrü məndən soruşmaq istəyirsən? 


- Mən, - deyə cavab verdim, - dünən kralı həmin meyxanada görərkən düşündüm ki, biz onu tezliklə sala apara bilməyəcəyik, kim bilir o nə vaxt ayılacaq; buna görə də şəhəri gəzməyə getdim, axı vaxtı birtəhər keçirmək lazım idi! Bu vaxtı birisi mənə təklif etdi ki, qayıqla o biri sahilə gedərək oradan qoyun gətirməkdə ona kömək edim və bunun əvəzinə on sent vəd etdi. Mən onunla getdim; biz qoyunu qayığa sürükləyəndə, həmin adam ipi mənə verdi ki, tutum, özü isə qoyunu daldan itələməyə başladı; ancaq mənim qoyuna gücüm çatmadı, o, dartınıb əlimdən çıxdı, biz onun ardınca qaçdıq. Özümüzlə it götürməmişdik, buna görə də qoyun yorulub əldən düşüncəyədək sahil boyunca qaçmalı olduq. Bu vaxt artıq hava qaralmışdı, qoyunu tutub şəhərə gətirdik, bundan sonra mən salı gizlətdiyimiz yerə getdim. Gəlib gördüm ki, sal yoxdur. Öz-özümə dedim ki, "görünür başlarına bir əngəl gəlib, onlar da qaçıblar, mənim zəncimi də özlərilə aparıblar! Mənim varım-yoxum bir bu zəncidir, özüm də yad ölkədəyəm, heç bir başqa əmlakını da yoxdur, özümə çörək pulu da qazana bilməyəcəyəm". Oturub ağlamağa başladım. Gecəni də meşədə yatdım... Yaxşı, bəs sal hardadır? Cim hardadır? 


Yazıq Cim! 
- Mən haradan bilim... Nə bilim sal hardadır. Bu qoca axmaq burda bəzi para şeylər satıb qırx dollar qazanıbmış, biz onu axtarıb meyxanada tapan vaxt onun içkiyə xərclədiyindən başqa qalan bütün pulunu cibindən çıxarıbmışlar. Onu gecədən xeyli keçmiş sürükləyərək gətirdikdə, salı yerində görməyib hər ikimiz belə fikirləşdik: "Bu şeytan balası, yəqin ki, salımızı oğurlayıb bizi atmış, çayaşağı üzüb getmişdir". - Heç elə şey olar ki, mən öz zəncimi atıb gedəm? Axı o mənim yeganə adamım, yeganə mülkiyyətimdir. 
- Biz bunu tamam yaddan çıxartmışdıq. Bizə elə gəlirdi kif bu bizim zəncidir, məsələ bax bundadır... Bəli, onu özümüzünkü hesab etmişik; hələ əslinə qalsa belədir ki var, məgər biz onun əziyyətini azmı çəkişik? Salın yox olduğunu və daha heç bir şeyimiz qalmadığını gördükdə bu qərara gəldik ki, "Zürafə"ni bir də sınaqdan keçirək. Bundan başqa heç bir çarəmiz yox idi. İndi budur, çalışıb-əlləşirəm, səhər açılandan dilimə heç bir şey dəyməyib. Səndəki on sent hanı? Onlan bəri ver görüm! 

 

Mənim pulum çox idi, buna görə də ona on sent verdim, ancaq xahiş etdim ki, bunu ancaq yeməyə xərcləsin və bir az da mənə versin, çünki dünəndən bəri mənim də dilimə heç bir şey dəyməyib. Hersoq bu barədə mənə bir kəlmə də cavab vermədi, bir qədər sonra isə mənə tərəf dönüb dedi: 
- Sən necə bilirsən, zənci bizi şeytanlamaz ki? Şeytanlasa, onun lap dərisini soyarıq! 
- Necə şeytanlaya biləcək? Axı o qaçıbdır! 
- Yox, canım! Bu qoca gicbəsər onu satıb, pulunu heç mənimlə də bölüşməyib, pullar da beləcə heç olub gedib. 
- Satıb? - deyə mən ağlamağa başladım. 


-Necə yəni.... axı o mənim zəncimdir, pullar da mənimkidir... Hardadır o? Mənim zəncimi verin! 
- Sənə zəncini qaytarıb verən olmayacaq, iş də qurtarıb gedib, belə ki ağlamağı boşla. Bura bax, yoxsa sən də bizi şeytanlamaq fikrindəsən. Vallahi, sənə heç gümanım yoxdur. Hünərin varsa, şeytanla görüm necə şeylanlayacaqsan. 
O susdu, amma gözləri çox acıqlı idi, heç vaxt belə qəzəbli goz görməmişdim. Mən ağlaya-ağlaya dedim: 
- Mən heç kəsi şeytanlamaq fikrində deyiləm, buna heç vaxtım da yoxdur, mən gərək gedib öz zəncimi axtaram. 
O saat hiss olundu ki, bu sözlərim onun qətiyyən xoşuna gəlmədi: o dayanıb fikrə getdi, afişalar əlində yellənirdi; sonra alnını qırışdırıb dedi: 
- Bax, gör sənə nə deyirəm. Biz üç gün burda olmalıyıq. Əgər söz versən ki, özün susacaqsan, zəncini də bizi şeytanlamağa qoymayacaqsan, onda sənə öyrədərəm ki, onu harada axtarıb tapasan. 
Mən söz verdim, o isə dedi: 


- Bir fermerin yanındadır, onun adı isə Saylas Fe... - hersoq birdən susdu. 
Bilirsinizmi, o əvvəlcə düzünü demək istəyirdi, susub düşünməyə başladıqda isə fikri dəyişdi. Yəqin ki, belə idi. O mənə, hər halda, inanmırdı, buna görə də məni buradan üç gün didərgin salmaq istəyirdi ki, onlara mane olmayım. Bir qədər susduqdan sonra dedi: 
- Onu alan adamın adı Abram Fosterdir, Abras C.Foster, o, Lafayetə gedən yolun üstündə yaşayır, buradan qırx mil oyanadır. 
- Yaxşı, - deyə cavab verdim, - mən üç günə gedib ora çıxa bilərəm. Elə bu gün günorta vaxtı yola düşərəm. 

- Yox, günortaya qoyma, elə bu saat yola düş, vaxtı boş yerə itirmə, yolda boş-boş çərənçilik də etmə! Dilini farağat qoy və yeyin get, belə etsən bizdən heç bir pislik görməzsən, anladınmı? 

Mən də elə bu əmri gözləyirdim, mənə elə bircə bu lazım idi. İşə başlamaq üçün gərək əl-qolum açıq olaydı. 


- Yaxşı, di get, - deyə o, sözünə davam etdi, - ağlına gələni mister Fosterə deyə bilərsən. Bəlkə do o, sənə inandı ki, Cim sənin zəncindir. Axı elə səfehlər olur ki, sənəd tələb etmirlər; hər halda, mən eşitmişəm, burada, Cənubda belələri olur. Saxta elan və mükafat haqqında danışanda isə ona başa sal ki, bu nədən ötrü belə olub, bəlkə də o sənə inanar. İndi rədd ol get, ona nə istəyirsən de, yolda isə, gedib oraya çatıncayadək dilini ağzında möhkəm saxla! 

 

Mən çayın sahilindən uzaqlaşdım. Bircə dəfə də geriyə nəzər salmadım; onsuz da bilirdim ki, o dalımca baxır. Onu da bilirdim ki, bu onun bir azdan zəhləsini tökəcək. Mən bu istiqamətdə bircə dəfə də dayanmadan bir mildən çox yol getdim; sonra meşəni hərlənib Felpsin malikanəsinə qayıtdım. Mən yubanmadan, birdən-birə işə başlamağı qət etdim, çünki Cim gərək bu fırıldaqçılar buradan uzaqlaşıb gedincəyədək ağzını açıb danışmayaydı. Yoxsa, bu məsləkdaşlardan çox zərər görərdik. Mən onlardan lazımi qədər çəkmişdim, odur ki, daha onları heç görmək də istəmirdim.