Şeirlər

Teymur Elçin. Kirpinin laylası

Gedirdi ana kirpi
bulağa,
Yatmamış, əl-üzünü
yumağa.
Yarpaqlar xışıldadı
meşədə,
İki göz işıldadı
meşədə.
Titrədi, kirpi düşdü
qorxuya.
Balası getməmişdi
yuxuya.

Qayıtdı ana kirpi
Yaladı balasının
burnunu.
Söylədi bunu:
— Meşədə səs var,
Gəzir canavar,
Səsin gəlməsin,
Yat, kirpiciyim,
Yat, körpəciyim.
İynələrin çox,
Hərəsi bir ox;
Kim sənə dəysə,
Gözünə batsın.
Balam tez yatsın.
Yat, kirpiciyim,
Yat, körpəciyim.