Sardiniya Aralıq dənizində Siciliyadan sonra ikinci ən böyük adadır. İtaliyanın iyirmi regionundan, eləcə də xüsusi qanunla müəyyən dərəcədə daxili muxtariyyət verilən beş bölgəsindən biri olan Sardiniya ölkənin ən məşhur turistik yerlərindəndir. İqlimi subtropik, Aralıq dənizi tipli olan bu adanın cənub-qərbində Sardiniyanın mərkəzi hissəsindəki dağlardan Kampidano ovalığı ilə ayrılan İqleziyente massivi yerləşir. Ada toz kimi incə ağ qumlu çimərlikləri, firuzəyi mavi dənizi, tarixi və təbiət gözəllikləri ilə turistləri cəlb edir.
Sardiniyanın cənubunda yerləşən və adanın paytaxtı olan Kalyari köhnə şəhər mərkəzi ilə klassik tarixi italyan ruhunun hiss olunduğu yerdir. Kalyari adanın ən böyük liman şəhəri və mühüm kurort bölgəsidir. Şəhər tarixi abidələri, böyük limanı və gözəl çimərlikləri ilə tətil “cənnəti”dir.
Bastione Saint Remy paytaxt Kalyarinin mərkəzində yerləşən qədim və diqqətəlayiq abidədir. Şəhərin Kastello rayonundakı Romanesk kilsəsi və Santa Mariya muzeyi, Arxiyepiskop Sarayı, Arxeologiya, Milli İncəsənət və Şərq İncəsənəti muzeyləri adanı ziyarət edənlərin ən çox üz tutduqları məkanlardır. Fil qülləsi isə Sardiniya adasındakı tarixi yerlərdən biri kimi seçilir. Orta əsrlərə aid olan bu qala ispan işğalından qorunmaq üçün tikilib. Onun gözəl memarlığı, qeyri-adi detalları və rəngi qalanı son dərəcə möhtəşəm edir. Bu qalanın uzunluğu 42 metrdir və içərisində fil heykəli olduğuna görə Fil qalası adlanır. II əsrdə tikilmiş Roma amfiteatrı və qədim xarabalıqlar Kalyarinin digər tarixi görməli yerlərindəndir. Yay aylarında amfiteatrda açıq hava konsertləri təşkil olunur.
Şəhərin liman hissəsi ən məşhur yerlərdən biri hesab olunur. Buranı digər limanlardan fərqləndirən cəhət onun izdihamı, ətrafındakı gəzməli və görməli yerlərdir. İtaliyanın ən yaxşı botanika bağlarından biri də məhz Kalyaridədir.
Nora Arxeoloji bölgəsi isə Kalyari körfəzinin cənub-qərb hissəsində yerləşir. Bura finikiyalıların əsas yaşayış məskənlərindən biri kimi tanınır. 1950-ci illərdə kəşf edilən Qədim Nora şəhəri qısa müddət sonra ictimaiyyətə açılıb.
Su Nuraxi adanın Barumini şəhərindəki nuragik arxeoloji abidədir. Bura 1997-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Kalyarinin ətrafında Poetto, Mari Pintau və Chia kimi onlarla möhtəşəm çimərlik yerləşir. Adanın sahil xətti boyunca isə snorkelinq və ya sörfinqlə məşğul olmaq üçün bir çox çimərlik var.
Olbiya adanın beynəlxalq hava limanı olan digər böyük şəhəridir. Bura göz qamaşdıran çimərliklər və tarixi abidələr kimi görməli yerlərin çoxluğu ilə seçilən şəhərdir. Olbiyanın şimalındakı sahil xətti Kosta Smeralda adlanır. Bura varlı turistlərin və elit təbəqənin tətil üçün üz tutduqları məşhur bölgədir.
20.07.2024