Hələ təzəcə dörd yaşı tamam olmuşdu Aytacın. Onu hər zaman kəpənəklərin gözəlliyi valeh edirdi. O, kəpənəkləri dünyanın ən gözəl canlısı hesab edirdi. Hətta kəpənəklərin gözəlliyinə o qədər valeh olurdu ki, - “Aytac, sən böyüyəndə kim olmaq istəyirsən?”,- sualına da – “kəpənək olmaq istəyirəm”, - cavabını verirdi. O, qardaşının köməyi ilə bağda, bağçada çiçəklərin üzərinə qonmuş kəpənəklərdən ən azı birini tutub evə gətirər və onu, anasının narazılığına baxmayaraq, bir ağzı bağlı qabda saxlayardı. Lakin səhər açılanda onu ya halsız, ya da ölmüş halda görərdi. Aytac bu hala nə qədər məyus olsa da, vərdişindən əl çəkmirdi.
Bir gün Aytacın babası səyahətlərin birindən qayıdanda ona güllü bir don aldı. Aytac bu donu geyinəndə özünü kəpənəyə bənzətdi. Sevinə-sevinə fırlandıqca donunun ətəyi qalxdı. Bu hal Aytacın çox xoşuna gəldi. Aytac dayanmadan fırlandı, fırlandı, fırlandı... Birdən gördü ki, onun balaca qanadları əmələ gəlib. O, güzgüyə doğru qaçdı. Güzgünün qarşısında özünü görəndə çox heyrətləndi. Aytac kəpənək olmuşdu. Bu hala necə sevinməsin?! Qanadlarından, görünüşündən çox məmnun idi. Aytac arzusuna çatmışdı. O indi özünü dünyanın ən gözəli hesab edirdi.
Aytac öz-özünə düşündü: “Yox, daha mənim yerim bura deyil. Mən də başqa kəpənəklər kimi çiçəkdən-çiçəyə qonmalıyam”. Pəncərə bir az aralı idi. Özünü pəncərədən çölə atıb çəmənliyə doğru uçmağa başladı. Üzərində cürbəcür kəpənəklər uçuşan çiçəklərin arasına soxuldu. Kəpənəklər onu mehribanlıqla qarşıladılar. Aytac bir çiçəkdən digərinə qonduqca özünü çox xoşbəxt hiss edirdi. Kəpənəklərdən biri ona yaxınlaşıb soruşdu:
- Sənin adın nədir?
- Mənim adım Aytacdır.
- Biz heç bu adı eşitməmişik. Bizim adımız Xallı kəpənək, Çəhrayı kəpənək, Qırmızı kəpənək olur. Çox gözəl və maraqlı adın var. Bu adı sənə kim verib?
- Nənəm.
- Sənin nənən də var? – deyə kəpənəklər təəccüblə soruşdular.
- Hə, var. Bəs sizin nənəniz yoxdur? – Aytac soruşdu.
- Yox. Axı biz çox yaşamırıq.
Aytac düşündü : “Axı, mən necə izah edim ki, mənim nənəm insandır, kəpənək deyil”. Araya sükut çökdü. Birdən Aytac, – “gəlin gedib oynayaq,- deyə səsləndi”. Kəpənəklər, sanki, bu sözü bayaqdan gözləyirmiş. Hərəsi bir çiçəyin üzərinə qonaraq öz gözəlliklərindən ətrafa nur saçmağa başladılar. Aytac da onlardan geri qalmırdı. Aytac o qədər öz görünüşünə və qanadlarının uçuşuna valeh olmuşdu ki, özü də bilmədən uçaraq digər kəpənəklərdən bir az uzaqlaşmışdı. Bir çiçəyin üzərinə qonub bir az dincəlmək qərarına gəldi. Bu zaman onun üzərini iri bir kölgə aldı. Bu, Süsən adlı gözəl bir qızın kölgəsi idi. O, Aytaca heyranlıqla baxırdı. Birdən əlini uzadaraq Aytacın qanadlarından yapışdı. Aytac özünü onun barmaqları arasında çox narahat hiss edirdi. Lakin əlindən bir şey gəlmirdi. Aytacın qanadlarının gücü qızın barmaqlarının arasından çıxa bilməyəcək dərəcədə zəif idi.
Süsən hiss edirdi ki, Aytac narahatdır. Lakin o, bu narahatlığa məhəl qoymadan bu gözəl kəpənəyi öz evinə apardı. Otağında bir qabın içərisinə qoyub ağzını yüngül bir qapaqla ehmalca örtdü. Aytac çox çarəsiz idi. Şüşə qabın içərisində o yana, bu yana çırpınırdı. Bir anlıq düşündü: ”Demək, mən də kəpənəkləri tutanda onları bu qədər incitmişəm. Anam haqlı imiş hər sözündə. Kaş anamı dinləyəydim. Kaş o kəpənəkləri tutub saxlamazdım. Amma bunları düşünmək indi çox gecdir. Deyəsən, mən də o kəpənəklərin taleyini yaşayacağam” .
Süsən öz rəfiqlərini evinə çağırmağa getdi. Aytac kəpənək halı ilə şüşə qabın içində o qədər çırpınmışdı ki, artıq halsız vəziyyətdə idi. Birdən qızların gülüş səsləri onu canlandırdı. O ümid edirdi ki, Süsənin rəfiqələrindən, bəlkə, birinin ona yazığı gələ, buraxa. Lakin ümidləri puç oldu. Süsən gözəl kəpənəyi yoldaşlarına göstərmək üçün onları evinə dəvət etmişdi. Süsən kəpənəyi qabdan çıxarıb bir yoldaşının əlinə verdi. Biri baxdıqca digərinə ötürürdü. Kəpənək əldən-ələ gəzərək hər bir qızın diqqətini özünə daha çox çəkirdi. Bu, qızların heyranlığına, Aytacın isə daha çox narahatlığına səbəb olurdu. Çünki hər bir qız kəpənəyin qanadını tutduqca o qanadlar əvvəlki görünüşünü və gücünü itirirdi. Qızlar, özləri belə hiss etmədən, Aytacın kəpənək qanadlarını əzirdilər. Nəhayət, Süsən dilləndi:
- Yaxşı, qızlar, mənim kəpənəyimi gördünüz. İndi onu yerinə qoyaq, gedək həyətdə oyun oynamağa.
Qızlar razılaşdılar. Süsən kəpənəyi yenə həmin qabın içərisinə qoyub ağzını örtdü. Bayaqdan çırpınmaqdan halsızlaşan kəpənəyin əhvalı indi lap pis idi. O, qanadlarını qaldıra bilmirdi. Barmaqlar arasında gücünü itirmiş qanadlar, sanki, ona ağırlıq verirdi.
Çiçəklər üzərində uçuşan digər kəpənəklər isə Aytacın yanlarından yox olduğunu görərək çox narahat olmuşdular. Çiçəkdən-çiçəyə qonaraq , - “Aytac,- deyərək səslənirdilər”. Birdən uzaqdan qızların səslərini eşidib dayandılar. Onlar Süsən və onun yoldaşları idi. Qızlar kəpənəkdən danışırdılar.
- Bəlkə, onlar elə Aytac kəpənəkdən danışırlar?.. – deyə kəpənəklərdən biri səsləndi. Digərləri də bunu təsdiqlədi. Kəpənəklər belə qərara gəldilər ki, qızları izləsinlər.
Aytac bu an qabın içində halsız vəziyyətdə anasını düşünürdü: “Ah, görəsən, anam nə edir? Axşam düşməmiş anamın yanına getməliyəm. Yoxsa anam çox narahat olacaq. Görəsən, mən burdan çıxa biləcəyəmmi?”, - deyə Aytac qəmgin-qəmgin düşünürdü. Birdən pəncərənin digər tərəfində uçuşan kəpənəklər Aytacın diqqətini çəkdi. Aytac onları tanıdı. Bu kəpənəklər Aytacın çəmənlikdə dostlaşdığı kəpənəklər idi. Onlar Aytacı xilas etməyə gəlmişdilər. Pəncərədən içəri daxil oldular. Qanadları ilə şüşə qabın ağzındakı qapağı qaldırdılar. Aytacı oradan çıxardılar. Aytac soruşdu:
- Siz məni necə tapdınız?
Kəpənəklərdən biri danışdı:
- Biz səni axtarmaq üçün çəmənlikdə uçurduq. Uça-uça bu həyətə çatdıq. Qızların səsini eşitdik. Onlar kəpənəkdən danışırdılar. Düşündük ki, bəlkə, elə səndən danışırlar. Onları izlədik, səni beləcə tapdıq. Düşüncələrimizdə yanılmamışdıq.
Aytac çox sevinirdi. Kəpənəklərə arzusundan, babasının ona aldığı dondan və bu donu geyinərək fırlanıb kəpənək olmağından danışdı. Kəpənəklər buna çox təəccübləndilər. Aytac kəpənəklərin köməyi ilə evinə doğru uçmağa başladı. Evə çatan kimi tez üç dəfə yenidən geriyə doğru fırlandı və bu dəfə dəyişib yenə balaca qız oldu. Aytacın sevinci yerə-göyə sığmırdı. Anası mətbəxdə axşam süfrəsi üçün yemək bişirirdi. Aytac mətbəxə gələrək anasını möhkəm qucaqladı və dedi:
- Ana, mən səni çox istəyirəm. Mən sizin yanınızda, burada – öz evimizdə çox xoşbəxtəm.
Anası dedi:
- Qızım, yoldaşlarınla oyununu bitirdinsə, süfrəni hazırlamaqda mənə kömək et.
Aytac sözünə davam etdi:
- Yaxşı, ana. Amma sənə bir söz də deməliyəm. Ana, mən bir də heç vaxt kəpənəkləri tutmayacağam. Çünki onlar çiçəklərin üzərində və öz kəpənək yoldaşlarının yanında daha xoşbəxtdirlər.
Aytacın anası bu xəbərə çox sevindi və soruşdu :
- Ay mənim ağıllı qızım, sən necə oldu ki, bu qərara gəldin?
Aytac dedi:
- Çünki mən kəpənəklərlə dostlaşdım, ana.
Aytacın anası bu hadisənin həqiqətən baş verdiyini anlamadı, amma qızının bu qərarına görə çox sevindi.
25.07.2024