Kotor şəhəri
Monteneqronun ən məşhur kurort şəhərlərindən biri, şübhəsiz ki, Kotordur. Adriatik dənizi sahilində yerləşən Kotor eyniadlı körfəzin ətraf ərazilərinin inzibati, mədəni, dini və iqtisadi mərkəzidir. Tarixən Cattaro kimi tanınan Kotor ölkənin cənub-qərbində, Lovçen dağ silsiləsinin ətəyində, qala divarları arasında yerləşir. Körfəzin tənha hissəsində yerləşən Kotor limanı Venesiya dövründə tikilmiş istehkamlarla əhatə olunub.
Tarixən Kotor və ətraf ərazilər Dalmasiya bölgəsinə aiddir. Gizli və sığınacaqlı teksturası ilə hər zaman dənizçilərin diqqətini çəkən Kotor bu gün də gözəl təbii və tarixi elementləri, fiorda bənzər quruluşu, Venesiya memarlığı ilə seçilən orta əsrə aid binaları və labirintə bənzər küçələri, təbiət möcüzəli körfəzi və dağ yamacındakı füsunkar sahili ilə turistləri valeh edir.
Köhnə şəhər (Stradi Grad) Kotorun tarixi hissəsidir. Buraya böyük tağlı üç fərqli qapıdan daxil olan zaman bir qədər kino ab-havası, bir qədər dramatik əhval-ruhiyyə yaradır. Bu qapıların birində keçmiş Yuqoslaviya Prezidenti İosif Broz Titonun sitatı yazılıb: “Sizə aid olmayanı istəməyin, sizə aid olandan əl çəkməyin”. Buradan daxil olan zaman bizi böyük bir saat qülləsi, arxa fonda isə nəhəng dağ qarşılayır. İnsan özünü sanki film çəkilişində hiss edir. Şəhərin bu tarixi hissəsi 1917-ci ilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Monteneqrodakı iki Roma Katolik kilsəsindən biri olan Müqəddəs Trifon Katedralı Kotorun simvollarından sayılır. Dekorativ elementlərlə zənginləşdirilmiş kafedral 1979-cu ildəki zəlzələ zamanı zədələndiyi yenidən bərpa olunub. Burada Anadoluda yaşamış və vəfat etmiş Müqəddəs Trifonun sümükləri saxlanılır. Keçmişdə mühüm insanların sümüklərini saxlamaq qürur məsələsi idi. Venesiyalılar da bu müqəddəs insanın sümüklərini Bizans imperiyasından götürüb öz ölkələrinə aparmaq istəyiblər. Lakin yolda olan zaman fırtına başlayıb və onlar Kotorda onun keçməsini gözləyirlər. Hər dəfə yola çıxmaq istəyəndə yenidən fırtına başlayıb. Nəhayət, bunu əlamət kimi qəbul edib sümükləri burada qoyublar. Katedral da öz adını bu hekayədən alıb.
Unikal təbii mənzərəsi ilə turistləri heyran edən Kampana qalası Monteneqronun ən mühüm tarixi abidələrindən biridir. Bizans imperatoru I Yustinian tərəfindən gücləndirilən qala şəhəri mümkün talanlardan qorumaq üçün tikilib.
Kotor qalası (digər adı San Giovanni qalası) - Tarixi şəhərin ən gözəl mənzərəsi məhz bu qaladan görünür. Qalaya qalxmaq üçün 1300 pillə qət etmək lazımdır. Buradan vaxtilə Monteneqronun ən zəngin ailələrinin yaşadığı nəhəng daş evləri, dar labirint küçələri, orta əsrlərə aid kilsələri və insanı valeh edən füsunkar təbiət mənzərələrini görmək mümkündür.
Saat qülləsi, Luka kilsəsi, Müqəddəs Nikolay kilsəsi, Pima Sarayı şəhərin tarixi hissəsində gəzməli-görməli yerlərdir. Kotorda hər addımda qarşımıza gah divarlarda yatan, gah da mağazaların və dükanların içərisində bizi izləyən pişiklərə rast gəlirik. Kotorun başqa bir adı pişiklər şəhəridir. Rəvayətə görə, orta əsrlərdə vəba epidemiyası zamanı bu pişiklər şəhəri siçovullardan təmizləmək üçün gəmilərlə daşınıb. Burada hətta Pişik muzeyi də var.
Adriatik dənizinin ən dərin bölgələrindən biri olan Kotor körfəzi dar boğazlarla bir-birinə bağlı, birlikdə isə Avropanın ən yaxşı təbii limanlarından birini təşkil edən bir neçə kiçik körfəzdən ibarətdir. Uzun müddət buxtanın fiord olduğuna dair inanc olub. Buraya turizm sektorunda “Avropanın ən cənub fiordu” adı verilib. Lakin müasir elmi araşdırmalara görə, Kotor körfəzi burada mövcud olmuş çay kanyonun qalıqları olduğuna inanılır. 2000-ci ilin iyul ayında Kotor körfəzi dünyanın ən gözəl 25 körfəzi siyahısına daxil edilib.
Monteneqro Azərbaycan vətəndaşlarının vizasız səyahət edə bildiyi ölkədir. Monteneqronun milli aviadaşıyıcısı “Air Montenegro” aviaşirkəti Bakıdan Tivat Aeroportuna reyslər həyata keçirir. Bu, Monteneqro sahilində yeganə hava limanıdır və Kotor kimi ən məşhur kurort şəhərlərinin yaxınlığında yerləşir.
02.08.2024