Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXXIV fəsil

Biz söhbətdən əl çəkib düşünməyə başladıq. Birdən Tom dedi:
- Hek, bura bax, biz nə axmaq adamıq ki, əvvəl başa düşməmişik!
Mən Cimin harada olduğunu bilirəm.
- Nə danışırsan? Haradadır?
- Kül yığını yanındakı yöndəmsiz binada. Bir yadına sal. Biz nahar edərkən, məgər bir zəncinin dəmir nimçədə oraya yemək apardığını görmədinmi?
- Gördüm.
- Hə, necə bilirsən, onu kimin üçün aparıb?
- İt üçün.
- Mən də belə düşünürdüm. Ancaq bu yemək it üçün aparılmayıb.
- Nədən bilirsən?
- Ondan ki, nimçədə qarpız var idi.
- Düzdür, var idi, mən də görmüşdüm. Necə olub ki, mən itlərin qarpız yemədiyini fikrimə gətirməmişəm? Lap yaramaz iş görmüşəm!
Gör bir necə olur: baxırsan, ancaq heç bir şey görmürsən.
- İndi qulaq as, zənci oraya girərkən qıfılı açdı, çıxdıqdan sonar yenə bağladı. Biz süfrə başından duranda o, Saylas dayıya bir açar gətirib verdi, yəqin ki, həmin açardır.


Qarpız sübut edir ki, oradakı adamdır; açar da oraya kimin isə salındığını bildirir; belə mehriban və yaxşı adamları olan kiçik bir plantasiyada çox çətin ki, iki adam dustaq ola.


Oraya salınan Cimdir, vəssalam. Hə, mən bunu bir xəfiyyəçi kimi özümüzün düşünüb tapdığımıza çox şadam; hər cür başqa üsula mən qara bir quruş da vermərəm. İndi sən beynini işə sal, Cimi oğurlamaq üçün plan fikirləş, mən özüm də fikirləşərəm, sonra isə
baxarıq, hansı daha çox xoşumuza gəlsə, onun üstündə də durarıq.


Tom Soyyer yaman kəlləli idi, başı yaşlı adamlarınkından da yaxşı işləyirdi. Mən hersoq, yaxud paroxod kapitanı, yaxud sirkdə kloun, yaxud da daha bilmirəm nə olmaqdansa, belə bir başım olmasını istərdim. Vicdanım ləkəli qalmasın deyə, bəzi şeylər düşünüb tapdım, ancaq kimin əsl planı tapacağını əvvəlcədən bilirdim. Bir qədər sonra Tom dedi:
- Səninki hazırdırmı?
- Bəli, hazırdır, - deyə cavab verdim.
- Yaxşı, döşə görək.
- Mənim planım belədir, - deyə sözə başladım. Orada Ciminmi, yaxud başqa bir adamınmı olduğunu öyrənmək çətin deyildir. Sabah gecə isə biz mənim qayığımı tapıb salı adadan buraya sürüb gətirərik.
Sonra isə, birinci qaranlıq gecədə, qoca yatarkən açarı onun cibindən çıxarıb Cimlə birlikdə çayaşağı üzərik; bizim əvvəllər etdiyimiz kimi gündüzlər gizlənər, gecələr isə üzərik. Belə plan yarayarmı?
- Yarayarmı soruşursan? Nə üçün yaramır, lap yaxşı yarayar! Ancaq çox sadədir, onda  heç bir maraqlı şey yoxdur. O nə plandır ki, heç bir zəhməti, əngəli olmaya? Südəmər uşaq da bunun öhdəsindən gələr.


Bu haqda nə səs-küy, nə söz-söhbət olacaq, elə bil ki, sabun zavodundan sabun oğurlayıblar.
Mən onunla mübahisə etmədim, çünki başqa cürə də gözləmirdim, əksinə, əvvəlcədən bilirdim ki, o öz planına belə irad tutmayacaqdır.
Doğrudan da, tutmadı. O öz planının nədən ibarət olduğunu mənə söylədi, mən o saat gördüm ki, bu mənimkindən azı on beş dəfə yaxşıdır. Cimi onsuz da azad edəcəyik, ancaq, təmtəraq xeyli çox olacaq, hələ, bəlkə onun planına görə, bizə güllə də atacaqlar.
Plan mənim çox xoşuma gəldi. Gəl, dedim belə də hərəkət edək. Onun planının nədən ibarət olduğunu indidən söyləməyə dəyməz; çünki mən əvvəlcədən bilirdim ki, hələ hər cür dəyişikliklər olacaq. Mən bilirdim ki, işə başlayan vaxt Tom bu planı hələ iyirmi dəfə
beləsinə-eləsinə dəyişəcək, hər bir əlverişli halda, hər cür yeni şeylər ortaya atacaqdır.


Belə də oldu.
Bir şey düz idi ki, Tom Soyyer işdən ciddi yapışmışdı və zəncini köləlikdən azad etməyə hazırlaşırdı. Bax, mən bunu heç cür anlaya bilmirdim. Axı necə ola bilər? Tom yaxşı ailədəndir, tərbiyəlidir, məncə öz ləyaqətinin qədrini biləndir, onun valideynləri də çox çətin ki, rüsvay olmaq istəyirlər;
Tom ağıllı və fərasətlidir. kütbeyin deyildir; bisavad da deyildir, oxuyubdur, həm də xeyirxahdır, o bu işi acıqdan etməyir ki; bir bura baxın, o qürurunu və öz mənliyini tamam yaddan çıxarmışdır, indi belə bir işə baş qoşur, alçalır, özünü və qohumlarını bütün Amerikada rüsvay edir! Mən bunu heç cür ağlıma sığışdıra bilmirdim. Lap xəcalət çəkirdim. Bilirdim ki, hamısını düz onun üzünə açıb demək lazım idi, axı mən onun dostu idim! Hələ nə qədər ki gec deyil, qoy bu saat hamısını alsın. Mən ona beləcə deyəcəkdim,
ağzımı açıb danışmaq istəyirdim ki, sözümü yarımçıq kəsib dedi:
- Sən elə bilirsən ki, mən nə etmək istədiyimi bilmirəm? Mən nə vaxt elə iş görmüşəm?
-Bəli, bilirsən...
- Məgər sənə demədim ki, bu zəncini oğurlamaqda sənə kömək edəcəyəm?
- Dedin.
- Yaxşı da, bəsdir.


Daha nə o, nə də mən bir söz dedik. Danışmağın heç mənası da yox idi, çünki əgər o bir şey qət edibsə, deməli, onu mütləq yerinə yetirəcəkdir. Mən ancaq onun bu işə nə üçün qoşulduğunu anlaya bilmirdim, lakin onunla mübahisəyə girmədim, bunu daha yada da salmadım. Özü qorxulu, baş tutmayacaq bir işə girişirsə, daha mən nə edə bilərəm?!


Qayıdıb gəldiyimiz vaxt bütün ev qaranlıq və sakit idi, buna görə də biz həyətin qurtaracağına, kül yığını yanındakı daxmacığı yaxşıca öyrənməyə getdik. Həyəti tamam dövrə vurduq ki, görək itlər bizi görəndə nə edəcək? Onlat bizi tanıyıb, adətən gecə vaxtı
yoldan keçənə hürən kənd itlərindən artıq hürmədilər. Gəlib daxmaya çatdıqda ona qabaqdan və yanlardan yaxşı-yaxşı baxdıq; daxmanın bu vaxtadək görmədiyim, şimal tərəfə olan divarında, yerdən xeyli hündürdə bircə möhkəm taxta mıxlanmış kiçik, kvadrat
şəkilli bir pəncərə var idi.
- Bu lap gözəldir! - dedim. - Cim buradan keçə bilər, bircə taxtanı qopartmaq lazımdır.
Tom dedi:
- Bu, "bir-iki bizimki, üç-dörd qapını ört" kimi çox sadə bir şeydir, həm də dərsləri öyrənməmək kimi asandır. Hek Finn, məncə biz, heç olmazsa, bundan bir qədər mürəkkəb üsul düşünüb tapa bilərik.
- Yaxşı, - dedim. - Bəlkə, məni öldürdükləri vaxt etdiyim kimi divarın bir parçasını mişarlayaq.


- Bu yenə heç olmasa bir şeyə oxşayır, - deyə Tom cavab verdi, - həm də sirlidir, baş sındırmalı işdir də, ümumiyyətlə, yaxşıdır, ancaq bununla belə, çox əlləşmək üçün nə isə başqa bir şey də fikirləşib tapmaq olar. Biz heç yana tələsmirik, ona görə də, qoy bir az da axtaraq.
Daxma ilə barının arasında, dal tərəfdən, hündürlüyü dama çatan və taxtaparçalarından düzəldilmiş əlava bir tikili var idi. Onun uzunluğu elə daxmanın uzunluğu qədər, eni isə dar idi, altı fut olardı. Qapısı cənub tərəfdən idi, qıfılla bağlanmışdı. Tom sabun bişirilən qazanın yanına getdi, qazanın qapağını qaldıran dəmiri oradan axtarıb taparaq gətirdi; həmin dəmirlə qapının halqalı vintlərindən birini vurub çıxartdı. Zəncir yerə düşdü, biz qapını açıb içəriyə girdik, kibrit yandırıb gördük ki, bu yalnız daxmaya bitişik bir tikilidir, araları isə bağlıdır, döşəməsi də yoxdur, ümumiyyətlə, orada heç kəsə lazım olmayan paslı toxadan, bel və sınıq xışdan başqa heç bir şey yoxdur.


Kibrit söndü, biz halqalı vinti əvvəlki yerinə soxaraq çıxıb getdik, qapı zahirdən yenə əvvəlki kimi bağlı idi.
Tom sevinərək dedi:
- Hə, indi hər şey öz qaydasındadır! Biz onun üçün yeraltı lağım açarıq. Bu ən azı bir həftə vaxt aparır.


Bundan sonra biz evə döndük; mən dal qapidan evə girdim - onlar dal qapını bağlamırdılar, yalnız gön qaytanı birbalaca dartmaq lazım idi, lakin bu, Tom Soyyer üçün yaralı deyildi, burada qeyri-adilik az idi, o gərək mütləq ildırım ötürənlə evə qalxaydı.
Tom azı üç dəfə yarıya kimi qalxdı, hər üçundə də sürüşüb yıxıldı, az qala başını da yaracaqdı. Axırda bu işi boşlamaq fıkrinə gəldi, lakin sonra bir az dincini alıb, bir də sınamağı qət etdi, bu dəfə çıxa bildi.
Səhər biz hava balaca işıqlaşan kimı yerimizdən qalxıb itləri özümüzə alışdırmaq və Cimə xörək aparan zənciylə (əgər o doğrudan da Cimə xörək aparırsa) yaxından tanış olmaq üçün zənci komaları yerləşən yerə getdik. Zəncilər səhər yeməyi yeyib tarlaya
getməyə hazırlaşırdılar. Cimə yemək aparan zənci isə dəmir kasaya çörək, ət və hər cür başqa yeməklər qoyurdu; başqa zəncilər çıxıb getdikdən sonra böyük evdən ona açar göndərdilər.


Bu zənci sifətdən mehriban, bir qədər də gicbəsər adama oxşayırdı, əcinnələri özündən uzaqlaşdırmaq üçün saçlarını sapla top-top bağlamışdı. O deyirdi ki, əcinnələr onu gecələr lap təngə gətirirlər; onun gözünə nıüxtəlif əcaib şeylər görünür, qulağına cürbəcür sözlər və səslər gəlib çatır, əcinnələr ömründə ona heç vaxt bu qədər uzun müddət yapışmayıblar.

O, bədbəxtliyindən danışarkən başı elə qarışdı ki, işini tamam yaddan çıxartdı. Tom ondan soruşdu:
- Bəs sən yeməyi kimə aparırsan? İtlərəmi yemək verirsən?
Zənci gülümsədi, təbəssüm onun üzünün hər cizgisində təcəssüm etdi. O sonra dedi:
- Bəli, mister Sid, it üçün aparıram. Özü də çox məzəli itdir! Baxmaq istəyirsinizmi?
- İstəyirəm.
Mən Tomu dümsükləyib pıçıldadım:
- Sən nə etmək istəyirsən, onun yanına gündüzmü gedəcəksən?
Axı plana görə belə olmaz.
- Onda olmazdı, indi isə olar.
Beləliklə, biz getdik, Allah ona lənət eləsin, çünki bu mənim heç də xoşuma gəlmirdi.
İçəri girdik, amma demək olar ki, heç bir şey görmürdük, yaman qaranlıq idi; Cim doğrudan da orada idi; o bizi gördü, sevincək dedi:
- Bu ki Hekdir! Allah, özün rəhm ela, mister Tom da buradadır?
Mən əvvəlcədən bilirdim ki, belə olacaq, özü də lap yəqin bilirdim.
İndi başımıza nə çarə qılacaqdıq, nə edəcəkdik, fikirləşib heç bir şey tapa bilmirdim, bu vaxt həmin zənci işə qarışıb dedi:
- Aman Allah, bu nə deməkdir, o sizi hardan tanıyır?
İndi bizim gözümüz qaranlığa alışdığından hər şeyi yaxşıca görürdük. Tom gözünü zənciyə zilləyib durdu və təəccüb edirmiş kimi:
- Kim bizi tanıyır? - deyə soruşdu.
- Bu qaçqın zənci.
- Güman etmirəm ki, tanıya; bəs sənin hardan ağlına gəldi ki, tanıyır?
- Hardan ağlıma gəldi? Onun özü bu saat qışqırdı ki, sizi tanıyır.
Tom heyrət edirmiş kimi dedi:
- Bu nə isə çox qəribədir. Kim qışqırdı? Nə vaxt qışqırdı? Qışqırıb nə dedi? - Sonra mənə tərəf dönüb olduqca sakit halda soruşdu: - Sən bir şey eşitdinmi?
Aydındır ki, buna yalnız bircə cavab vermək olardı. Buna görə də mən dedim:
- Yox, mən heç bir şey eşitməmişəm, heç kim bir söz demədi.
Belə olduqda Tom Cimə müraciət etdi, ona elə baxdı ki, elə bil ömründə ilk dəfədir görür.
- Sən bir söz dedinmi? - deyə soruşdu.
- Yox, ser, - deyə Cim cavab verdi. - Mən heç bir şey demədim, ser.


- Heç bircə kəlmə də?
- Yox, ser, bircə kəlmə də demədim.
- Bəs sən bizi əvvəllər görmüsənmi?
- Yox, ser, yadıma gəlmir, görməmişəm.
Tom zənciyə tərəf döndü; zənci özünü itirib gözlərini bərəltmişdi; Tora ciddi bir səslə ondan soruşdu:
- Sənə nə olub belə? Sənə haradan belə göründü ki, o qışqırdı?
- Aman Allah, bunu eden lənətə gəlmiş əcinnələrdir, ser, yalan deyirəmsə, lap buradaca ölüm! Bunu edən onlardır, ser, onlar axın məni öldürəcəklər, həmişə elə qorxudurdular ki, az qalıram ölüm! Ser, bu barədə heç kimə bir söz deməyin, yoxsa, qoca mister Saylas məni söyər; o deyir ki, heç bir əcinnə-zad yoxdur. Allah haqqı, hayıf ki, bu saat burada yoxdur, görəsən indi buna nə deyərdi? Daha bu dəfə baş qaçıra bilməzdi! Nə deyə bilərsən ki, həmişə belə olur, içkiyə adət edənin ayıq vaxtı olmur, özləri heç nə görmür, ağıllı-başlı ayırd da edə bilmirlər, sən isə görüb onlara deyəndə hələ bir buna inanmırlar da.


Tom ona on sent verib vəd etdi ki, biz bunu heç kimə demərik; ona dedi ki, yenə də sap alıb saçlarını bağlasın, sonra Cimə baxıb dedi:
- Çox maraqlıdır, görəsən Saylas əmi bu zəncini dar ağacından asacaq, ya yox? Əgər mən, qaçmağa cəsarət etmiş belə bir naşükür zəncini tutsaydım, onu buraxmaz, dar ağacından asardım!
Zənci pulun qəlp olub-olmadığını bilmək üçün qapıya yanaşıb ona yaxşı-yaxşı baxaraq dişi ilə yoxlayınca, Tom Cimə pıçıldadı:
- Bizi tanıdığım qətiyyən büruzə vermə. Əgər gecə yerin qazıldığını eşitsən, bil ki bu bizik; biz səni azad etmək istəyirik.


Cim bizim əlimizdən yapışıb sıxan kimi zənci qayıtdı. Biz zənciyə dedik ki, əgər bizi buraya gətirsə, yenə gələrik; o isə cavab verdi ki, nə üçün gətirmir; ələlxüsus qaranlıq gecələrdə, - əcinnələr daha çox qaranlıqda ona bənd olurlar, buna görə də adam nə qədər
çox olsa, o qədər yaxşıdır.