Mina Rəşid Şıxova. Qızılı, kürən atım
Qarabağ atlarına
Balasına vəfalı,
Dostunu sevən atım.
Al günəşdən rəng alan,
Qızılı, kürən atım.
Sən cıdıra çıxanda
Yel kimi ötüb keçdin.
Dağları, meşələri,
Sel kimi ötüb keçdin.
Şöhrətin-şanın gəzər
Dünyanın hər yerində.
Adında Qarabağ var-
Möhürün üzərində.
Sən igid oğulların
Can yoldaşı, qardaşı.
Pənah xanın dostusan,
Natəvanın sirdaşı.
Xan atım, Köhlən atım,
Sən Ağdamın incisi.
Xankəndidən boy atan,
Ay Cıdır mirvarisi.
Yel kimi qanadlanan
Sən zirəksən, güclüsən,
Dünyada yarışlarda,
Həmişə birincisən.
Balasına vəfalı,
Dostunu sevən atım.
Al günəşdən rəng alan,
Qızılı, kürən atım.