Şeirlər

Coşqun Xəliloğlu. Şuşam, azadsan, azad!

Daha çəkmə qüssə, ah,
-Şuşam, azadsan, azad!
Güldü üzünə sabah,
-Şuşam, azadsan, azad!

 

Çıxdın ağır, “sərt qış”dan,
Qurtuldun, bəd qarğışdan,
Gündə yüz yol, alqışlan-
-Şuşam, azadsan, azad!

 

İncisən, başdan başa,
Hər qarışın tamaşa,
Arzum, - bəxtiyar yaşa,
-Şuşam, azadsan, azad!

 

Bax, sevinir Üzeyir,
Natəvan şeir deyir,
Cabbar nəğmə söyləyir,
-Şuşam, azadsan, azad!

 

Səs gəldi- Pənah xandan,
Nəvvabdan, Sadıqcandan:
-Daha olma nigaran,
-Şuşam, azadsan, azad!

 

Xarıbülbül sevincim,
Bulaqların bir incim,
Çox qədimim, lap gəncim,
-Şuşam, azadsan, azad!

 

Sən, musiqi məbədi,
Yaşa, yaşa əbədi,
Necə xoş təntənədi-
-Şuşam, azadsan, azad!

 

Sözüdür - igidlərin,
Mərd əsgər- zabitlərin,
Qəhrəman şəhidlərin,
-Şuşam, azadsan, azad!

 

Sevinir Dərbənd, Təbriz,
Zəfər çalıb ölkəmiz,
Diləyimiz tər-təmiz,
-Şuşam, azadsan, azad!

 

Hər dərdə var bir dərman,
Gerçəkləşdi çox güman,
Yetişdi gözəl zaman,
-Şuşam, azadsan, azad!