Cəvahir Tanrıverdi. Selcanın vaxt ölçüsü
Selcan dedi: -Ay ata,
Parka nə vaxt gedirik?
-Parka sabah gedirik.
-Sabah?
Bəs neçə dəfə
Yatıb durandan sonra?
-Selcan, düz bircə dəfə.
Selcan dedi:-Ay ana,
Sirkə nə vaxt gedirik?
-Düz iki gündən sonra.
-İki gün?
Neçə dəfə
Yatıb durandan sonra?
-Selcan, düz iki dəfə.
Selcan dedi:-Ay qaqa,
Bayramımız nə vaxtdır?
-Beşcə ay keçincədir.
-Beşcə ay?
Neçə dəfə
Yatıb durandan sonra?
-Yüz əlli dəfə, Selcan.
-Yüz əlli çoxdur, qaqa?
-Nə çox deyil, nə də az,
Selcan durub düşündü,
Xəyala daldı bir az.
Yaxşı, sağ ol, ay qaqa,
Bitsin burda sözümüz.
Gedib indidən yatım,
Çatsın bayram günümüz.