Nurlana İşıq. İynəcənin nəğməsi
Günlərin bir günü zər qanadlı bir İynəcə gur axan çayın kənarındakı moruq koluna qonur. İrili- xırdalı daşları sığallaya-sığallaya axan çayın həzin şırıltısı onun çox xoşuna gəlir. O, hər gün bu çaya mahnı oxuyur. Çay şırıltısı ilə onun səsi birləşib gözəl bir nəğməyə çevrilir.
Ancaq dünyanın hər yerində həyatın ahəngini pozmaq istəyənlər tapılır. Bu yerlərin qədim sakinləri olan böcəklər bu musiqidən narahat olurlar, bəzilərinin isə İynəcənin parıltılı qanadlarına paxıllıqları tutur. Qara milçək onun qulağının dibində vızıldayır:
-Əgər burdan getməsən, sənin qanadlarının zərini tökəcəyəm. Yaxşısı budur, başqa yerdə vızılda. Kimə lazımdır axı sənin mənasız nəğmələrin. Bizə sənsiz də xoşdur.
Milçək bunu deyib onu çaya itələyir. Ancaq İynəcə helikopter kimi fırlanan qanadları ilə çayın üstündən uçub uca bir kola qonur. Bu vaxt ağacdan sallanan qalın və tüklü ayaqlı hörümçək İynəcənin ətrafını tor ilə gizlincə mühasirəyə almağa başlayır. Lakin onun gözlərində otuz min faset olduğundan, ətrafı yaxşıca görə bildiyindən o bu tordan da canını qurtara bilir. Bütün bunlardan hirslənən həşəratlar qərara gəlirlər ki, bu dəvətsiz qonağı aradan götürmək üçün yaxşı bir plan qursunlar. Axı onun mahnı oxumağı kimə lazımdır?!
Beləcə günlər keçir, İynəcə həyatdan küsməyə başlayır, nəğməsi yavaş-yavaş öz həzinliyini itirir, bəzən heç bir sətir də oxumur. Sanki dilsiz-ağızsız çay da bu haldan öz nəsibini alıb kədərlənir, daşları əvvəlki kimi həvəslə sığallamır.
Qəlbiqara qonşular isə bu mənzərədən həzz alırlar: istəyirlər, hər kəsin səsi onlarınkı kimi olsun, heç bir nəğmə gözəl olmasın.
Günlərin bir günü bizim İynəcə səhər yuxusundan oyanıb möhkəm səs- küy salır, çünki o öz yüksək duyumu ilə qasırğa olacağını anlamışdı. Odur ki, həşəratlara fəlakətin yaxınlaşdığını xəbər verir. Bütün həşəratlar tədbir görürlər. Qasırğa burağana qarışıb ətrafı kükrədir, çayın üstünü bomboz buludlar alır, ətrafı hüznlü bir qaranlıq qapır. Elə bu vaxt Günəş özünü yetirir, incə tellərini yerə sancır, buludlar dağılır, çaya elə parlayır ki, sanki üstünə göydən xırda – xırda ulduzlar yağıb. Buraların sakinləri yavaş - yavaş üzə çıxıb, nəğməkar İynəcəyə təşəkkür edirlər. O da uzun zamandan sonra yenidən əvvəlki həvəslə nəğmə oxumağa başlayır. Öz yatağında sakit-sakit mürgüləyən çay bu nəğməni eşidib sevinir, daha həvəslə axmağa başlayır. Axı onu gözləyən çoxlu susuz çöllər vardı. Axı dünya İynəcə səsi ilə birləşən çay nəğməsini çox sevirdi.