Bu maraqlıdır!

Pamukkale

Türkiyənin məşhur Pamukkale turizm mərkəzini cari ilin ilk səkkiz ayında 1 milyon 700 min xarici ölkə vətəndaşı ziyarət edib.

 

Egey regionunda və Menderes çayı dərəsində yerləşən Pamukkale UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Şəhər ağ travertenləri, yerdən qaynayan bulaqları, antik Hierapolis şəhəri və Kleopatra hovuzu ilə ziyarətçilərin diqqətlərini cəlb edir. Pamukkale xarabalıqları xüsusilə məşhurdur. Eramızdan əvvəl II əsrin sonlarında Attalidlər sülaləsindən olan Perqamon kralları burada, yəni Hierapolisdə kurort yeri yaradıblar. Ərazidə hamam, məbəd və digər yunan abidələrinin xarabalıqları var.

 

Pamukkale ("pambıq qala") Türkiyənin cənub-qərbində olan Dənizli ilində yerləşir.

 

Xüsusi mənzərəsi ilə diqqətçəkən Pamukkale şəhərini ziyarət edənlərin sayı ildən-ilə artır.

 

Düzənliyə baxan təxminən 200 metr hündürlüyü olan qayalıqdakı bulaqlardan qaynaqlanan kalsitlə dolu sular şəhərdə təbii meşələr, daşlaşmış şəlalələr və bir sıra terraslı hövzələrdən ibarət əfsanəvi mənzərə yaradıb.