Çingiz bütün gününü anasının telefonu ilə keçirirdi. Gah müxtəlif oyunlar oynayır, gah da cizgi filmlərinə baxırdı. Dostları ilə oyuna qoşulmazdı. Çingiz üçün ən maraqlı oyun telefonda təkbaşına oynadığı oyunlar idi. Bəzən ailə üzvləri telefonu onun əlindən almağa çalışsalar da, Çingiz gizlin də olsa, sevimli dostunu ələ keçirər, oyunlarına davam edərdi.
Günlərin bir günü Çingizin Oqtay adlı dostu ad gününü qeyd edirdi. Cürbəcür şarlarla bəzənmiş otaq əsl ad günü otağı olmuşdu. Süfrəyə uşaqların sevdiyi bir çox yeməklər düzülmüşdü. Çingiz də digər dostlarına qoşularaq Oqtayın ad gününə getdi. Özü ilə sevimli telefonu da götürmüşdü. Dostları süfrə arxasında əyləşib cürbəcür yeməklərdən dadaraq söhbətləşirdilər. Çingiz isə onlara qoşulmurdu. Gözü ancaq telefondakı oyunda idi. Yeməyini yeyib bir kənara çəkildi ki, rahatlıqla oyununu oynaya bilsin. Hətta iş o yerə gəlib çatdı ki, üzərinə şamlar düzülmüş tortun süfrəyə gəlməyindən Çingizin xəbəri olmadı.
Bir aya yaxın vaxt keçmişdi. Dostları artıq Oqtayı oyun oynamağa belə çağırmırdılar. Çingiz onları unutmuşdu. Elə onlar da Çingizi unutmağa başlamışdılar. Bu isə onun vecinə belə deyildi. Bir oyunu bitirib digərinə başlayan bu oğlanın məqsədi telefondakı oyunlarda ən yüksək xalı qazanmaq idi. Telefon da artıq Çingizə öyrəşmişdi.O qədər öyrəşmişdi ki, az qalırdı, dil açıb Çingizlə danışsın. Bir gün belə də oldu. Elə təzəcə Çingiz telefonu bir kənara qoymuşdu ki, telefondan səs gəlməyə başladı :
- Çingiz, Çingiz, hara getdin? Niyə məni bura qoydun? Çingiz, hardasan?
- Necə yəni? Telefondan gəldi bu səs? – deyə Çingiz telefona tərəf boylandı.
- Hə, mənəm danışan, Çingiz. Sənə maraqlı bir fikir deyəcəm. Gəl məni əlinə götür bir.
Çingiz telefonu cəld əlinə götürdü:
- Nə fikir?
- Gəl səni öz dünyama aparım. Orada bundan da maraqlı oyunlar var. Hətta özün də oyunda birbaşa iştirak edəcəksən.
Çingiz buna təəccüb etsə də, bu fikir onun çox xoşuna gəldi. Telefon onun razılığını alan kimi Çingiz özünü telefonun içində gördü. Bura ona çox maraqlı gəlirdi. Burada o qədər oyunlar var idi ki, bilmirdi, hansından başlasın. Hər bir oyun Çingizi öz yanına çağırırdı. Nəhayət ki, Çingiz bir qərara gəlib oyun seçdi. Bu döyüş oyunu idi. Burada Çingiz başqa bir oğlanla döyüşməli idi. Oyun başladı. Çingiz əvvəlcə maraqla və həvəslə oyunda müxtəlif hərəkətlər etsə də, gah tüfəngdən, gah da daşdan istifadə etdikcə yorulmağa başladı. Çingiz oyun boyu dayanmamalı idi. Elə cəld hərəkətlər etməli idi ki, oyunda məğlub olmasın. O, artıq yorulduğunu hiss etməyə başladı. Birdən qışqırdı:
- Dayansın bu oyun! Telefon, dayandır bu oyunu! Mən yoruldum. Çox yoruldum. Telefon isə heç bir şey etmədi. Çingiz yorğunluqdan üzü üstə düşdü və məğlub oldu.
Elə bir az dayanmışdı ki, başqa bir oyun onu çağırdı. Çingiz çox halsız idi. Amma oyun ondan əl çəkmirdi. Beləcə bir oyun bitdikcə digəri, o da bitdikcə başqa bir oyun Çingizi özünə tərəf çəkirdi. Sonunda iş o yerə gəlib çatdı ki, Çingiz hər şeyi unutmağa başladı. Öz adını belə unutdu. Həm yorğunluq, həm də adını unutmağı onu çox məyus edtdi. Çingiz telefona yalvarmağa başladı:
- Nə olar, məni buradan çıxar. Mən çıxmaq istəyirəm. Öz evimdə olmaq istəyirəm. Mən öz adımı belə unutmuşam. Nə olar, adımı de mənə. Mən kiməm? Adım nədir?
Telefon ona heç bir söz demədən onu evinə qoydu. Çingiz öz anasını, atasını, bacısını belə tanımadı. Onların adlarını belə yadına sala bilmirdi. Buna görə çox qorxub ağlamağa başladı :
- Mən hər şeyi unutmuşam. Hər şeyi.
Çingiz hönkür-hönkür ağlayırdı. Birdən kimsə onu səsləməyə başladı:
- Çingiz, oyan, oyan, Çingiz! Nəyi unutmusan? Çingiz!
Bu onun özündən üç yaş böyük bacısı Sevinc idi. Birdən Çingiz yuxudan oyandı. Bacısını tanıdı və dedi:
- Sən mənim bacım Sevincsən. Mən unutmamışam. Mən öz adımı da bilirəm. Deməli, mənim gördüklərim yuxu imiş?
Bəli, Çingiz telefonun danışdığını da, özünü onun içində olaraq oyun oynamağını da yuxuda görmüşdü. Bu onu çox qorxuya salmışdı. O, bacısına yuxusunu danışdı və dedi:
- Mən bir də telefonla oynamayacağam. Dostlarımın da qəlbinə dəymişəm. Oqtayın ad günündə belə yaxşı iştirak etmədim. Yox! Mən bir də belə etməyəcəm , - deyərək cəld ayağa durub əynini geyinməyə başladı.
Sevinc isə sakitcə qardaşına baxırdı. O, baş verənlərə məəttəl qalmışdı. Birdən Çingiz dedi:
- Mən gedirəm.
- Haraya?
- Dostlarımdan üzr istəməyə. Daha onlarla oyunlar oynayacam.
Çingiz dostlarından üzr istədi. Dostları isə dedi:
- Sən bizə heç nə etmədin ki, üzr istəyəsən. Sən hər şeyi özünə etdin. O qədər telefonla oynamağın sonunda, həqiqətən bizi də unutmuşdun, özünü də. Elə bir də görəcəkdin ki, öz adını da unutmusan. Yaxşı ki, öz adını unutmamış telefonla dostluğunu kəsdin.
Uşaqlar buna güldülər. Çingiz də onlara qoşulub gülməyə başladı.
10.09.2024