Xanım Mehdixanlı. Bir damla həyat
5 -ci sinifin şagirdləri yeni tədris ilindən ilk dəfə onlara tədris olunan Təbiət fənnini çox sevirlər. Bəlkə də bu fənni sevdirən Lətifə müəllimə olmuşdu. Hətta zəif oxuyan şagirdlər belə bu fənndən yaxşı qiymətlər almağa çalışır, çünki Lətifə müəllimə həmişə maraqlı söhbətləri ilə dərsi canlandırır və yaddaqalan edir.
Növbəti dərs zamanı şagirdlərə ev tapşırığı kimi bir suala müstəqil cavab tapmağı tapşırmışdı.
-İki gün vaxtınız var heç kimdən yardım almadan özünüz yaxşı fikirləşin növbəti dərsdə hər birinizdən ayrı-ayrılıqda sualımın cavabını soruşacam “həyat üçün ən zəruri olan nədir?”
Şagirdlər evə gədərkən yolboyu bu mövzuda xeyli mübahisə etdilər, hərə bir söz təklif etdi. Nəhayət, iki günlük istirahət günlərindən sonra birinci gün növbəti Təbiət dərsində Lətifə müəllimə həmişəki kimi sinif otağına daxil oldu və şagirdlərlə salamlaşıb davamiyyəti yoxladı. Hamının bir nəfər kimi dərsdə iştirak etdiyinə əmin olub ev tapşığının cavabını soruşdu.
Bir anda sinifi səs-küy götürdü hər kəs bir ağızdan cavab verməyə çalışırdı. Lətifə müəllimə hamını sakitləşdirib hər kəsdən sualına fərdi cavab istədi.
Şagirdlərdən Murad -- həyat üçün ən önəmli havanın olduğunu dedi.
Lətifə müəllimə üzünü sinifə tutub soruşdu:--Kim Muradın cavabını dəstəkləyir?
Sinifdəki şagirdlərin əksəriyyəti sağ əlini yuxarı qaldırdı.
-Bəs digərlərinizin fikiri nədir?
Sinif nümayəndəsi Lamiyə müəllimədən söz istədi və ayağa qalxdı.
--Müəlimə, mən Muradla razı olsam da, fikiləşirəm həyat üçün Günəş daha vacibdir əgər istilik olmasaydı heç bir canlı yaşaya bilməzdi və nəticədə təbiət də olmazdı.
Lətifə müəllimə onun fikrini təsdiq etdi,-- düz buyurursan Günəş planetimizi işıqlandırır və isidir bəs ondan başqa həyat üçün daha nə vacibdir?
Ön cərgədə əyləşmiş Lalə cavab verdi: -- Yəqin ki, bitkilər, ağaclar onlar olmasa oksigen də olmaz.
Lətifə müəllimə Lalənin cavabını da doğru cavab kimi qəbul etdi və dedi:- Qızım, düz cavab verdin, lakin bunlardan daha önəmli sizcə nə ola bilər?
Uşaqlardan kimisi torpağın, kimisi həyat üçün qidanın daha vacib olduğunu desələr də Lətifə müəlimə hələ də səbrlə onu qane edəcək cavabı gözləyirdi.
Bu zaman arxa cərgədə əyləşmiş sinifin ən zəif oxuyan şagirdi İbrahim sağ əlini yuxarı qaldırıb söz istədi. Lətifə müəllimə fənni zəif oxuyan şagirdinin cavabını öyrənmək üçün ona söz verdi.
İbrahim dedi: -- Müəllimə, həyat üçün ən vacib nemət sudur, susuz canlılar yaşaya bilməzdi. Demək, həyat üçün ən dəyərli sudur.
İbrahimin cavabı Lətifə müəliməni sevindiridi.
-- Əlbəttə, mən sizlərdən bu cavabı gözləyirdim. - Bəli, əziz uşaqlar, yoldaşınız düz deyir, su həyat üçün olduqca vacib bir elementdir. İnsan orqanizimin 70 faizini təşkil edən su bütün canlıların oksigendən sonra yaşama səbəbi deyərdim ki, əsas mənbəyidir. Bir düşünün su olmasa oksigen mənbəyi ağaclar da olmazdı. Bilirsiniz ki, oksigensiz həyat yoxdur. Su yalnız hər bir canlı orqanizmin yaşaması və inkişafı üçün deyil, həm də məişətdə istifadə olunan qeyri- unikal mayedir.
Atalarımız demişdir, su paklıqdır. Yer planetinin 70 faizini su təşkil etsə də, onun cəmi 2-3 faizi içmək üçün yararlıdır. Ona görə də həyat üçün vacib olan suyu qənaətlə istifadə etmək həm vacibdir, həm də bu hər birimizin vətəndaşlıq borcudur. Dünya əhalisi çoxaldıqca içməli suya tələbat da atrır. Son illər qlobal istiləşmə yağıntıların azalmasına səbəb olmuş və nəticədə çaylarda suyun səviyyəsi olduqca azalmışdır. Dünyanın hər yerində baş verən bu problemlə bizim ölkəmizdə üzləşmişdir. Hətta bir çox Afrika ölkələrində yerli əhali içməli suyun qıtlığı səbəbəindən yaşayış yerlərindən kütləvi köç etməli olurlar.
Həmin gün dərsdə Lətifə müəlimə təbiətdə suyun dövranından, onun tərkibindən, müxtəlif hallarından, böyük su hövzələrindən beşincilərə xeyli faydalı məlumat verdi. Bu informasiyalar sayəsində uşaqlar xeyli bilik əldə etdilər. Lətifə müəllimə sonda hər damlasını göz bəbəyi kimi qorumalı olduğumuz bu əvəzedilməz nemətin tükənməsinin bizim Yer kürəsinin də digər Günəş sisiteminin planetləri kimi ölü planetə çevriləcəyi təhlükəsini şagirdlərinə ətraflı izah etdi. Beşincilər həm özləri, həm də gələcək nəsillər üçün hər damlasında həyat olan içməli suya qənaət etməyə söz verdilər.
O gündən başlayaraq, istər öz həyətlərində, istərsə də küçədə, evdə boş yerə açıq qalan su kranı gördükcə onu bağlayır, ailə üzvlərini də qənaətə sövq edirdilər.
Muradın atasının avtomobil yuma məntəqəsi var idi. Murad atasına içməli suyu israf etdiyindən o qədər gileyləndi ki, nəticədə atası onun sözündəki həqiqəti anlayıb avtomobil yumaq üçün iş yerinə yeni texniki su boruları çəkdirməli oldu.
Qızlar isə analarına döşəmələri sildikdən sonra istifadə etdilmiş çirkli suyu bir başa kürəbəndə axıtmağa qoymur, həyətdəki ağacların sulanması üçün istifadə edirdilər.
Beləliklə, Lətifə müəllimənin şagirdləri artıq hər yerdə bir damlanın belə boş yerə sərf olunmamasının qarşısını alır, hər kəsə də qənaətcil olmaq nümunəsi göstərirdilər. Siz də, əzizlərim, həyat mənbəyimizə bir damla qənaət etməklə gələcəyimizi xilas edə bilərsiniz!