Mina Rəşid. Bu gün bilik günüdür
Bu gün bilik günüdür
Dönüb ağ kəpənəyə.
Məktəbə yollanırıq
Şən nəğmə deyə-deyə.
...Üzümüzdə təbəssüm,
Çiynimizdə çantamız.
Məktəbə gedirik biz
Açıq olsun yolumuz!
Gör bir necə tələsir
Əlində bir dəstə gül.
Balaca qardaşım da
Məktəbə gedir bu il.
Bir az yavaş get, oğlum,
Anam deyir, tələsmə.
-Axı məni gözləyir
Uşaqlar, müəllimlər.
Atam da çox sevinir
Qardaşıma baxanda.
Rəqəmlərlə oynayıb
Toplayanda, çıxanda.
Nur tökülür anamın
Həyəcanlı üzündən.
Görən ona nə oldu
Yaş süzüldü gözündən?
Dedi, oğlum, dərsinə
Fikir ver, yaxşı oxu.
Daha böyümüsən sən
Şagird olmusan axı!
Qardaşımı görəndə
Sevindi müəllimə.
Gülümsədi üzünə,
Sığal çəkdi telinə.
Salam, müqəddəs məktəb,
Xoş günümüz mübarək!
Salam, əziz uşaqlar,
Bayramınız mübarək!