Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXXVII fəsil

Bu işi sahmana saldıqdan sonra həyətdə köhnə uzunboğaz çəkmələr, əsgi-üsgü, sınıq butulkalar, deşik qazanlar və başqa tör-töküntü yığılmış zibilliyə getdik. Bir qədər eşələndikdə sonra köhnə tənəkə tas tapıb deşiklərini möhkəm tutduq ki, piroq bişirmək mümkün olsun: sonra zirzəmiyə enib tası un ilə doldurduq və səhər yeməyinə getdik.


Yolda iki köhnə mıx tapdıq. Tom dedi ki, bu mıx dustaqxana divarında öz adını və başına gələn bədbəxt hadisələri yazmaqda dustağa kömək edə bilər. Mıxın birini Salli xalanın stuldan asılmış döşlüyünün cibinə qoyduq, o birisini isə Saylas əminin kantorkadakı  şlyapasının lentinə sancdıq, uşaqlardan öyrənmişdik ki, Saylas əmi ilə Salli xala bu gün səhər qaçqın zəncinin yanına getmək istəyirlər. Sonra biz stolun arxasına keçdik və Tom qalay qaşığı Saylas əminin cibinə saldı. Ancaq Salli xala gəlmədiyı üçün onu gözləməli olduq. Salli xala səhər yeməyinə gəldikdə qıpqırmızı qızarmışdı, çox hirsli idi; o, duanın oxunmasına güclə səbr etdi, bir əliylə qəhvə süzür, o biri əliylə isə girvəsinə keçən uşaqların başına oymaqla vururdu, sonra Salli xala dedi:
- Axtarmaqdan yorulmuşam, evi ələk-vələk etmişəm, sənin o biri köynəyini tapa bilməmişəm. Heç bilmirəm sənin köynəyin necə ola bilər.


Ürəyim düşdü, bağrım yarıldı, bir tikə qarğıdalı kökəsi boğazımda qaldı; mən öskürdüm, boğazımda qalmış tikə ağzımdan çıxıb stolun üstündən keçərək uşaqlardan birinin gözünə dəydi; o yazıq da qarmağa keçirilmiş qurd kimi qurdalanıb var səsilə qışqırmağa başladı; Tom qorxusundan gömgöy göyərmişdi. Dəqiqənin dörddə biri və ya buna yaxın bir vaxtda bizim halımız çox pərişan idi, mən bu vəziyyətdən çıxmaq üçün hər şeyə razı olardım. Lakin tezliklə sakitləşdik, çünki bu söz gözlənilməz deyildiyi üçün bizi çaşdırmışdı.


Saylas əmi dedi:
- Qəribə işdir, mən özüm də heç bir şey anlamıram. Yaxşı yadımdadır ki, əynimdən çıxartdım, çünki...
- Çünki əynimdə iki deyil, bir köynək var. Sənə qulaq asanda belə olar. Çox yaxşı bilirəm, səndən yaxşı bilirəm ki, köynəyini çıxartmısan, çünki dünən yuyulub zivədən asılmışdı, öz gözümlə görmüşəm. İndi isə köynək itmişdir, vəssalam. Vaxt tapıb sənin üçün yeni köynək tikənə qədər qırmızı flanel köynəyıni geyərsən. İki ildə sənin üçün üçüncü köynəkdir ki, tikiram. Elə bil bədənində tikan var. Heç baş çıxarmıram, sən onları necə geyirsən, elə işim-peşəm sənin üçün köynək tikməkdir. Bu yaşa çatmısan, paltar qədrini bilmirsən.


- Bilirəm, Salli, bacardığım qədər şeyin qədrini bilməyə çalışıram.


Burada təkcə mən təqsirkar deyiləm, axı sən bilirsən ki, köynəyi mən ancaq əynində olduqda görürəm, axı mən əynimdə olan köynəyi itirə bilmərəm.
                                                           
- Yaxşı, Saylas, bu sənin günahın deyildir, əgər mümkün olsaydı, hökmən çoxdan itirmişdin. Axı, ancaq köynək itməmişdir. Qaşıq da itib, hərə bu harasıdır. On qaşıq var idi, indi doqquzu qalmışdır. Yaxşı, tutaq ki, köynəyi dana gövşəyib, qaşığı isə o heç vaxt uda bilməz, bunu mən gözəl bilirəm.
- Salli, daha nə itmişdir?
- Yarım düjün şam itirmişdir, başa düşdün! Bəlkə onları siçovullar yeyib? Çox güman ki, bu işi onlar görüb; qəribədir, nə əcəb bu vaxta qədər evi gəmirməmişlər? Sən elə nə vaxtdır deşikləri tulmağa hazırlaşırsan, heç hazırlaşıb qurtara bilmirsən; onlar bir qədər də hiyləgər olsaydı, çıxıb başında yatardılar, sənin xəbərin belə olmazdı. Qaşığı isə siçovullar oğurlamayıb, bunu mən çox yaxşı bilirəm.
- Nə edim, Salli, günahkaram, günahlarımı da boynuma alıram. Elə sabah bütün deşikləri tutaram.
- Hara tələsirsən, gələn il də tuta bilərsən... Matilda Encelina Araminta Felps.


Oymaq guppultu ilə qızın başına dəydi; o, əlini qənddandan çəkib sakitcə öz yerində oturdu. Zənci qadın qəflətən gəlib dedi:
- Missis Salli, bizim döşəkağı itmişdir!
- Döşəkağı itmişdir? İlahi!
- Mən elə bu gün bütün deşikləri tutacağam, - deyə Saylas əmi dilləndi, lakin hiss olunurdu ki, onun da qanı yaman qaralmışdır.
- Kəs səsini, sən Allah! Döşəkağını da siçovullar aparıb? Liza, necə olub itib?
- Allah haqqı, bilmirəm, missis Salli. Dünən zivədən asılmışdı, indi isə orada yoxdur, itmişdir.
- Hə, deyəsən dünyanın axırıdır! Bu yaşa çatmışam, ömrumdə belə şey görməmişəm!
Köynək, döşəkağı, qaşıq, bir də  şam...
Gənc mulat qız yüyürərək içəri girib dedi:
- Missis, mis şamdan yerində yoxdur!
- Rədd ol buradan, axmaq! Yoxsa, bu qəhvədanı başına çırparam.


Salli xala hirsindən partlayırdı. Gördüm ki, mümkünat olan kimi qaçmaq lazımdır;
Fikirləşdim ki, yavaşca sürüşüm meşəyə, qalmaqal yatandan sonra qayıdıb gələrəm. Salli xala özündən çıxmışdı, ipə-sapa yatmırdı, yerdə qalanlar isə sakitləşib hər şeylə razılaşmışdılar: birdən Saylas əmi cibindən həmin qaşığı çıxartdı, buna özü də pərt oldu.
Salli xala əllərini bir-birinə vurub səsini kəsdi, onun ağzı açıq qalmışdı, mən isə kənar bir yerə çəkilmək istədim, ancaq çox yox, çünki Salli xala həmin anda dedi:
- Belə olacağını mən bilirdim! Deməli, qaşıq həmişə sənin cibində imiş; çox güman ki, qalanları da oradadır. Necə olub ki, qaşıq sənin cibinə düşüb?
- Sözün doğrusu, heç özüm də bilmirəm, Salli, - deyə Saylas əmi özünə haqq qazandırmış kimi cavab verdi, - bilsəydim, sənə deyərdim. Səhər yeməyindən əvvəl oturub "Həvarilərin əməlləri"nin on yeddinci fəslini oxuyurdum, ola bilsin ki, bilmədən incilin əvəzinə cibimə qaşığı qoymuşam, çünki incil cibimdə yoxdur. Gedim baxım, əgər incil oradadırsa, deməli mən onu cibimə deyil, stolun üstünə qoymuşam və əvəzinə qaşığı götürmüşəm, sonra isə...
- Sən Allah, səsini kəs! Məni rahat buraxın! Hamınız, hamınız buradan rədd olub gedin, sakit olana kimi heç kəs məni dindirməsin!


Əgər Salli xala qışqırmayıb, pıçıltı ilə danışsaydı belə, mən onun səsini eşidərdim.
Əgər mən ölü olsaydım belə, onun sözlərinə qulaq asar, durub otaqdan çıxardım. Biz qonaq otağından keçəndə qoca şlyapasını götürdü və mıx döşəməyə düşdü; işi belə görən qoca, onu heç bir söz demədən yerdən götürüb buxarının ləməsinə qoydu, çıxıb getdi.


Bunları görən Tom qaşıq əhvalatını yadına salıb dedi:
- Yox, onunla heç nə göndərmək olmaz, etibarlı deyildir. – Sonra isə əlavə etdi: -Amma bu qaşıq əhvalatı ilə, o özü də bilmədən bizə yaman kömək elədi; gəl biz də ona kömək edək. Onun xəbəri olmadan siçovul yuvalarının ağzını tutaq!


Zirzəmidə, saysız-hesabsız siçovul yuvası var idi; biz bir saatdan artıq əlləşdik və nəhayət, deşiklərin hamısını möhkəm-möhkəm, səliqə ilə tutduq. Pilləkəndən gələn ayaq səslərini eşitcək şamı söndürüb gizləndik; sonra gördük ki, bizim qoca bir əlində şam, o biri əlində cır-cındır, yuxulu kimi yırğalana-yırğalana gəlir. O, əvvəlcə birinci yuvaya, sonra isə ikinci yuvaya yaxınlaşdı və beləliklə, bütün yuvaları gəzdi. Sonra fikrə gedib beş dəqiqəyə qədər şamın piyini təmizlədi. Daha sonra dönüb, ayaqlarını sürüyə-sürüyə yuxulu kimi pilləkənə yaxınlaşdı və öz-özünə danışmağa başladı: "Nə qədər fikirləşirəmsə, yadıma gəlmir ki, deşikləri nə vaxt tutmuşam! Gərək ona deyəydim ki, siçovulların üstündə məni haqsız danlayırdın. Eh, deməsəm yaxşıdır! Onsuz da bir mənası olmayacaq", - qoca pilləkənləri donquldana-donquldana qalxdı. O gedən kimi biz də çıxdıq, çox yaxşı qoca idi.

 

Tomu, qaşıq məsələsi çox narahat edirdi, o dedi ki, qaşıqsız bizim işimiz keçməz, ona görə düşünmək lazımdır. Bir qədər fikirləşərək ölçüb-biçəndən sonra, mənə nə edəcəyimizi dedi. Biz Salli xala gələnə kimi qaşıq zənbilinin yanında vurnuxmağa başladıq; Salli xala gələndə Tom qaşıqları sayıb zənbilin yanına qoydu; mən qaşığın birini köynəyimin qolunda gizlətdim, Tom isə dedi:
- Bilirsinizmi, Salli xala, qaşıq yenə də doqquz dənədir.
Saili xala dedi:
- Get oyna, zəli kimi mənə yapışma. Səndən yaxşı bilirəm, özüm saymışam.
- Mən də iki dəfə saymışam, xala, ancaq yenə doqquz dənədir.
Salli xala, göründüyü kimi, lap özündən çıxmışdı, buna baxmayaraq, yenə də saymağa başladı; onun yerində kim olsaydı sayardı.
- Allah bilir bu nədir! Doğrudan da, doqquz dənədir, - deyə o dilləndi. - Cəhənnəmə ki, qoy lap hamısı itsin, qoy bir də sayım!
Mən köynəyimin qolunda gizlətdiyim qaşığı o birilərə qatdım, Salli xala bir daha sayıb dedi:
- İşə bir bax ha, yenə də ondur.
Amma özü yaman hirslənmişdi, bilmirdi ki, nə etsin. Tom dedi:
- Yox, xala, on dənə ola bilməz.
- Ay axmaq, indicə saydığımı görmədin?
- Gördüm, ancaq...
- Yaxşı, eybi yoxdur, bir daha sayaram.


Mən yenə qaşığın birini çırpışdırıb gizlətdim. Bu dəfə də əvvəlki kimi doqquz oldu.


Salli xala hirsindən ağappaq ağarmışdı; sakit ola bilmir, vurnuxur, bədəni əsirdi. O, ara vermədən hey sayırdı, axırda qaşıqları o qədər saydı ki, hesabı itirib zənbili də qaşıqlara qatdı. Buna görə də qaşıqlar üç dəfə düz, üç dəfə də səhv çıxdı. Salli xala da daha davam gətirməyib zənbili evin bir küncünə çırpdı, az qaldı ki, pişiyi öldürsün; sonra bizə çıxıb getməyi və ona mane olmamağı tapşırdı, dedi ki, əgər nahara kimi onun gözünə görünsöək, bizi möhkəm kötəkləyəcəkdir. Salli xala bizi danlayan vaxt qaşığı onun cibinə saldıq və Cim nahara qədər qaşıqla mıxı, danışdığımız kimi ala bildi. Biz çox razı qaldıq, Tom dedi ki, belə bir iş üçün zəhmət çəkməyinə dəyər, çünki o, qaşıqları heç vaxt dahadüz saya bilməyəcəkdir, hər dəfə çaşacaq; doğru saysa da özünə inanmayacaqdı; üç gündə saysa, tamam başımı itirəcəkdir; belə olsa o, qaşıqları daha saymayacaq, üstəlik qaşıq saymaqdan söz salanı oradaca kötəkləyəcəkdir.


Axşam biz həmin döşəkağını yenə də zivədən asıb Salli xalanın şkafdakı döşəkağısını oğurladıq; iki gün biz bu işlə məşğul oluruq, döşəkağını gah asır, gah da oğurlayırdıq, nəhayət, o davam gətirməyib dedi ki, neçə döşəkağısı olduğunu heç bilmək belə istəmir, bundan ötrü canını çürütməli deyil ki! Bundan sonra lap ölsə də, heç bir şey saymayacaq.


Beləliklə, köynək, döşəkağı, qaşıq və şamlar üçün narahat olmağımıza dəyməzdi, artıq hər şey öz qaydasında idi, bu işdə dana da, siçovullar da; saymaq məsələsindəki qarışıqlıq də bizə kömək etmişdi; bircə şamdan məsələsi dururdu ki, bu da birtəhər düzələcəkdi, çünki o qədər də mühüm şey deyildi.


Piroq işi çox cəncəlli idi, bizi lap təngə gətirmişdi. Biz piroqun xəmirini meşədə yoğurub oradaca bişirdik; nəhayət, bütün işlərimizi birtəhər başa vermişdik, lakin bunların hamısını bir gündə görə bilmədik, piroqu bişirənə kimi üç tas xəmir korladıq; əllərimizi yandırdıq, gözlərimizi tüstü çıxartdı; bilirsinizmi, bizə yalnız qazmaq lazım idi, piroq isə heç cür qazmaq tutmur, dağılıb tökülürdü. Axırda biz əsgi nərdivanı piroqun içərisinə qoyub, bir yerdə bişirməyi qət etdik. O biri gecə Cim ilə oturub döşəkağını ensiz zolaqlara bölüb hördük və səhər açılana qədər yaxşı bir ip toxuduq; bu ip o qədər möhkəm idi ki, adam assaydın da qırılmazdı. Biz belə tasəvvür etdik ki, guya bu ipi doqquz aya düzəltmişik.


Nahardan əvvəl biz ipi meşəyə apardıq; ancaq o piroqa yerləşmədi. İpi bütöv bir döşəkağıdan düzəltdiyimiz üçün o qədər böyük idi ki, qırx piroqa kifayət edərdi; hətta supa, kolbasaya və ürəyin İstəyən başqa şeyə də çatardı. Bundan əməlli-başlı nahar hazırlamaq olardı. Lakin bu qədər böyük ip bizə lazım deyildi. Bizə yalnız piroqa yerləşən qədər ip lazım idi. Buna görə də qalanını tulladıq. Piroqu əlüzyuyan tasda bişirməkdən qorxurduq, çünki suvağı qopa bilərdi; Saylas əminin uzun taxta dəstəkli qədim bir mis manqalı var idi; qoca onun üstündə çox əsirdi, çünki onu İngiltərədən "May gülü" gəmisində və ya ilk gəmilərin birində Qəsbkar Vilhelm2 İlə birlikdə bir nəcib adam gətirmişdi. Saylas əmi onu başqa köhnə və qiymətli şeylərlə birlikdə çardaqda gizlətmişdi; bu şeylər qiymətcə bahalı deyildi, amma yadigar olduğu üçün əziz idi: biz həmin manqalı oğurlayıb meşəyə apardıq; lakin piroq əvvəlcə ünda da bişmədi, çünki biz piroq bişirməyin təhərini bilmirdik, lakin axırıncı dəfə bişirə bildik. Manqalı götürüb içərisinə xəmir yaydıq, odun üstünə qoyduq, ipi oraya yerləşdirib, sonra üstdən yenə xəmir saldıq, qapağını qoyaraq üstünə isti kömür tökdük; özümüz kənarda, beş addımlıqda dayanıb uzun dəstəkdən tutmuşduq, bizim üçün həm rahat idi, həm də isti vurmurdu; on beş dəqiqədən sonra elə gözəl piroq bişdi ki, iki göz lazım idi tamaşa edə.

Lakin bu piroqu yeyəcək adam əvvəlcədən gərək yüz dənə diştəmizləyən hazırlaya idi; ip nərdivanı yeyən adamın hələ üstəlik qarnı da ağrıyacaqdı. O, elə sancılanacaqdı ki, ölübölümdən qayıdacaq, ondan sonra heç yeməyin üzünə də baxmayacaqdı, bunu mən yaxşı bilirdim!


Nat, ovsunlu piroqu Cimin kasasına necə qoyduğumuza baxmırdı; biz yemək ehtiyatının altına üç tənəkə boşqab qoyduq, Cim bunların hamısını yerli-yerində aldı; tək qalan kimi piroqu parçaladı, ip nərdivanı çıxarıb döşəyinin içində gizlətdi; sonra boşqablara bir neçə cızma-qara edib onları pəncərədən çölə atdı.