Şeirlər

Cəvahir Tanrıverdi. Kür- Araz

O iki böyük dağdan
İki böyük çay axır.
Biri həsrət qoxulu,
Biri dəlisov axır.

 

Birindən ad daşıyır
Elimizdə oğullar.
Araz deyən ürəklər
Vüsala qərq olurlar.

 

Bu elin igidləri
Kür kimi coşub-daşır.
Cıdır düzündən keçib
Sıldırım qaya aşır.

 

Çaylar qol-qol ayrılır,
Axır düzə, otlağa.
Bərəkətə çevrilir
Dolub bostana, bağa.

 

O çaylardan su içcək
Bu yerlərdə göy otlar
Canlanıb, çiçəklənib,
Göylərə qanadlanar.

 

Ay mənim dəli Kürüm,
Ay mənim Xan Arazım,
Dəyərlisən ləl kimi
Gur suyum, selli yazım.

 

Siz Vətənə iki göz,
İki qanad oldunuz.
Ən dəyərli iki söz,
İki həyat oldunuz.

 

Budur illərlə xalqın
Bu çaylara hörməti –
Birindən ad götürür,
Birindən dəyanəti.

 

Kürlə Araz birləşib
Can verir bu vətənə.
İki ürək bir olur
Qovuşanda Xəzərə.