Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXXIX fəsil

Səhər biz şəhərə getdik, məftil siçovul tələsib alıb evə gətirdik və ən böyük siçovul yuvasının ağzını açdıq; heç bir saat da keçmədi ki, on beş dənə siçovul - özü də ən yekə siçovullar, - tutduq! Biz siçovul tələsini etibarlı bir yerə, Salli xalanın çarpayısının altına qoyduq. Sonra hörümçək dalınca getdik, biz qayıdana kimi kiçik Tomas Franklin Bencamen Cefferson Aleksander Felps onu çarpayının altından tapmış və siçovulların çıxıb-çıxmayacaqlarını yoxlamaq üçün qapısını açmışdı; əlbəttə, siçovullar yerlərində oturmamış, çıxmışdı; bu vaxt Salli xala da oraya gəlmişdi. Biz qayıdanda gördük ki, Salli xala çarpayının üstündə dayanıb var qüvvəsilə çığırır; siçovullar isə o darıxmasın deyə bacardıqları qədər səy göstərirdi. Salli xala qoz ağacından qayırılmış çubuqla bizim ikimizi də möhkəm kötəklədi, belə ki, üstbaşımızdan duman kimi toz qalxdı; sonra biz iki saata yaxı əlləşdik, yenə on beş dənə siçovul tutduq, - görüm ki, hər yerə burnunu soxan bu oğlanı lənətə gəlsin - bu dəfəki siçovullar o qədər fərli deyildi, birinci dəfə tutduqlarımızın hamısı seçmə siçovullar idi. Mən birinci dəfə tələyə düşən siçovullar qədər yekələrini ömrümdə görməmişdim. 

 

Biz ən seçmə hörümçəklər, qurbağalar, böcəklər, kopənək qurdları və başqa həşərat yığdıq; özümüzlə eşşəkarısı yuvası da aparmaq istədik, lakin sonra bu fikirdən vaz keçdik, çünki eşşəkarıları yuvalarında idi. Biz bu işdən birdən-birə əl çəkmədik, bacardığımız qədər oturub gözlədik, dedik ki, onları yuvalarından qovarıq, arruna iş elə gətirdi ki, onlar bizi qovdular. Biz naşatır tapıb arı sancmış yerlərə sürtdük, bir sözlə, hər şey qaydaya düşdü, ancaq ağrıdan otura bilmirdik. Sonra biz su ilanı dalınca getdik, iyirmiyə kimi tutub torbaya doldurduq, aparıb öz otağımıza qoyduq; bu işləri görənə qədər şam etmək vaxtı gəlib çatdı; o gün, doğrudan da, çox işlədik, yaman bərk də acmışdıq. Şam edib qayıtdıqdan sonra torbada bir ilan belə qalmamışdı, çox güman ki, biz torbanın ağzını yaxşı bağlamamışdıq; buna görə də onlar necə olubsa, torbadan çıxmış və sürünə-sürünə getmişdilər. Amma bunun zərəri yox idi, axı ilanların hamısı burada, otaqlarda qalmışdı; buna görə də biz fikirləşirdik ki, onları yenidən asanlıqla tuta bilərik. Bu hadisədən xeyli sonra belə evimizdə istədiyiniz qədər ilan var idi! Onlar gah otağın tavanından, gahdanə bilim, haradan guppultu ilə həmişə ya boşqaba, yadaboynunun arxasına düşürdü. Onlar çox qəşəng, zolaqlı idi; heç bir zərərləri də dəymirdi, lakin Salli xala bunları anlamırdı, cinsindən asılı olmayaraq, onların hamısıdan zahləsi gedirdi, biz nə qədər çalışdıqsa da, Salli xala ilanlara öyrəşmədi. Hər dəfə, üstünə ilan düşən kimi o əlindaki işi atıb otaqdan qaçırdı. Mən hələ bu cür qadın görməmişdim. O elə bərkdən qışqırırdı ki, səsi lap İerixoneyə gedib çatırdı. Onu, hətta maşa ilə ilana toxunmağa məcbur etmək olmurdu. Əgər ilan onun yorğan-döşəyindən çıxsaydı, o yerindən sıçrayıb bir qara-qışqırıq salardı ki, elə bil evlərində yanğın vardı. O, qocanı elə əsəbiləşdirmişdi ki, qoca davam gətirməyib - eh, Allah heç ilan yaratmayaydı, - demişdi. Evdən ilanların qurtarmasına və bunun üstündən bir həftədən artıq keçməsinə baxmayaraq, Salli xala heç cür sakit ola bilmirdi. Sakit olmaq nədir! Görürsən ki, oturub, nə haqda isə fikirləşir, bu vaxt lələknən boynuna toxunan kimi yerindən dik atılırdı. Yaman gülməli idi. Tom deyirdi ki, bütün qadınlar belə olur, onların quruluşu belədir, nə üçün belə olduğunu isə o bilmir. 

 

Salli xalanın gözünə ilan dəyən kimi bizi çubuqla döyürdülər, Salli xala özü isə bizi hədələyib deyirdi ki, əgər bir də evi ilan ilə doldursaq, başımıza oyun açacaqdır. Mənim Salli xalaya acığım tutmurdu, çünki o, o qədər də bərk vurmurdu, acığım ancaq buna tuturdu ki, yenə əlləşməli, yenə su ilanı tutmalı olmuşduq. Buna baxmayaraq, biz ilan da, başqa həşərat da tutduq. Cim öz komasında musiqi çalarkən şənlik başlanır, bütün heyvanlar onun başına toplaşırdı! Cimin hörümçəklərdən zəhləsi gedirdi, hörümçəklər də Cimi sevmirdilər, buna görə Cimin işi hörümçək cəhəldən yaxşı deyildi. O deyirdi ki, siçovulların və ilanların əlindən yatmağa yer tapmır, bu tərəfdən də dəyirman daşını gətirib lap çarpayının üstünə qoyublar; əgər yatmağa yer olsa belə, onsuz da gözünə yuxu getməz, çünki aləm bir-birinə qarışmışdır; özü də həmişə belə olur, ona görə ki, həşəratlar növbə ilə yatırlar; ilanlar yatanda siçovullar göyərtədə olur, siçovullar yatanda isə ilanlar növbəyə çıxır; özləri də həmişə onun boyründə fırlanır, onu rahat uzanmağa qoymurlar, bəziləri isə sirkdə olduğu kimi onun üstündə gəzirlər; durub yerini dəyişəndə isə hörümçəklər onun yaxasından yapışırlar. O deyirdi ki, əgər azadlığa çıxarsa, bir daha heç vəchlə, hətta çox maaş versələr belə həbsxanaya getməyəcəkdilər. 

 

Beləliklə, üç həftədən sonra bütün işlərimiz sahmana düşüb yağ kimi getdi. Biz köynəyi Cim üçün piroqun içində çoxdan göndərmişdik; Cimi hər dəfə siçovul dişləyəndə o ayağa durub mürəkkəb təzə olduğu üçün gündəliyinə bir-iki sətir qeyd edirdi, qələmlər də hazır idi, yazılar və başqa işarələr də dəyirman daşının üstünə yazılmış və çəkilmişdi; çarpayının ayağını mişarlayıb yonqarını yemişdik, bundan qarnımız bərk ağrımışdı. Biz ölümümüzü gözümüzün altına almışdıq, ancaq nədənsə ölmədik. Mən ömrümdə belə dadsız yonqar görməmişdim. Tom da belə deyirdi. Bayaq dediyim kimi, işlərimizin hamısını görüb qurtarmışdıq, ancaq biz, xüsusilə Cim, yaman əldən düşmüşdük. Saylas əmi Yeni Orlean yaxınlığındakı plantasiyaya iki dəfə məktub göndərmişdi ki, gəlib öz qaçqın zəncilərini aparsınlar, lakin cavab almamışdı, ona görə ki, belə bir plantasiya mövcud deyildi; onda Saylas əmi Yeni Orlean və Sen-Lui qəzetlərinə Cim haqqında elan verməyi qət etdi; o, Sen-Lui adını çəkdikdə mənim bədənimə üşütmə düşdü; gördüm ki, vaxt itirmək olmaz. Tom dedi ki, indi imzasız məktublar yazmaq vaxtı gəlib çatmışdır. 

 

- Bu nə olan şeydir? - deyə mən sorurdum.


- İnsanların başına gələ biləcək hər hansı bir təhlükəni əvvəlcədən onlara xəbər verməkdir. Bəzən belə, bəzən də başqa cür edirlər. Ümumiyyətlə, canini həmişə kim isə izləyir və qalanın komendantına xəbər verir. On altıncı Lüdovik Tüilri sarayından baş götürüb qaçmaq istərkən bir xidmətçi qadın onu izləmişdir. İzləmək çox yaxşı üsuldur, amma imzasız məktublar da pis deyil. Biz həm belə, həm də elə hərəkət edəcəyik. Bəzən belə də olur: məhbusun anası paltarını oğlu ilə dəyişir, ana qalır, oğlu isə onun paltarında qaçır. Belə də etmək olar. 
- Bura bax, Tom, nə üçün biz onlara xəbərdarlıq etməliyik? Qoy özləri fikirləşsinlər, bu onların işidir. 
- Bəli, mən bilirəm, ancaq onlara ümid etmək olmaz. İşimiz əvvəlcədən elə gətirib ki, bütün işləri özümüz görməli olmuşuq. Onlar çox fərasətsizdirlər, demək olar ki, heç bir şey hiss etmirlər. Əgər biz onlara xəbərdarlıq etməsək, bizə heç kəs mane olmayacaqdır; bu qədər əzab-əziyyətlə düzəltdiyimiz qaçış səssiz-səmirsiz sakitcə keçəcək, əziyyətimiz hədər gedəcək, maraqsız olacaqdır. 
- Bax, mənim üçün elə bu əlverişlidir, Tom bu mənim xoşuma gəlir. 
- Sən də söz danışdın! - deyə Tom cavab verib qaş-qabağını salladı. Onda mən dedim: - Yaxşı, eybi yoxdur, mən şikayət etmirəm. Sənin üçün yararlı olan şey mənim üçün də yararlı olar. Xidmətçi qadını haradan tapacağıq? 
- Elə sən özün də xidmətçi qadın olarsan. Gecə yarı xəlvətcə gedib həmin mulat qadının paltarını oğurlayarsan... 
-Nə danışırsan, Tom? Axı, səhər haray-həşir qopa bilər, onun yəqin ki, elə bircə paltarı var. 
- Bilirəm; bu paltar sənə cəmi beş dəqiqəlik, imzasız məktubu aparıb qapının altına qoyana kimi lazım olacaqdır. 
- Yaxşı, mən apararam; ancaq nə fərqi var, - axı, mən öz paltarımda da apara bilərəm. 
- Onda sən xidmətçi qadına oxşamayacaqsan, elə deyilmi? 
- Oxşamayım da, axı məni onsuz da heç kəs görməyəcəkdir. 
- Bunun işə dəxli yoxdur. Biz ancaq öz borcumuzu yerinə yetirməliyik, adamların bunu görüb-görməyəcəyi haqqında narahat olmamalıyıq. Yoxsa, sənin heç bir prinsipin yoxdur? 
- Yaxşı, eybi yoxdur, mən bir söz demərəm, qoy xidmətçi qadın olum. Bəs Cimin anası kim olacaq? 
- Mən onun anası olaram. Salli xalanın paltarını oğurlayaram. 
- Nə olar ki, ancaq biz ikimiz qaçandan sonra sən daxmada oturmalı olacaqsan. 
- Bu uzun çəkməyəcək. Mən Cimin paltarının içini samanla doldurub çarpayıya uzandıraram, guya bu onunla paltarını dəyişmiş anasıdır; 

Cim isə mənim geydiyim paltarı geyər və biz üçümüz birlikdə qaçarıq. 

Nəcib ailədə doğulmuş bir məhbus qaçanda o, "sürgündən qaçmışdır" deyirlər. 

Məsələn, kral qaçanda həmişə belə deyirlər. Kral oğlu haqqında da belə deyirlər, istər qanuni oğlu olsun, istər qeyri-qanuni olsun, bunun əhəmiyyəti yoxdur. 

Tüm imzasız məktub yazdı, mən isə həmin gecə mulat qadınının paltarını oğurlayıb geyindim və məktubu baş qapının altına qoydum; hər işi Tom tapşırdığı kimi etdim. Məktubda bu sözlər yazılmışdı: 

"Özünüzü gözləyin! Siz təhlükədəsiniz! Gözdə-qulaqda olun! Naməlum dost". 

O biri gecə biz, Tomun qan ilə çəkdiyi bir şəkli qapıya yapışdırdıq. Şəkildə kəllə və iki çarpazlaşmış sümük çəkilmişdi, o biri gecə isə daha bir şəkli - tabut şəkli mətbəxin qapısına yapışdırdıq. Mən adamların bu qədər qorxduğunu ömrümdə görməmişdim. Bizimkilər yaman bərk qorxurdular, guya onları hər addımbaşı qapı dalında, çarpayı altında ruhlar güdür, guya havada belə uçuşurdular. Bir adam qapını çırpanda Salli xala diksinir və zarıyırdı; əgər yerə bir şey düşüb tappıldayırdısa, o diksinir, ah çəkirdi, əgər ona yavaşca toxunurdunsa, o, ufuldayırdı, üzünü hansı tərəfə döndərirdisə, arxasında adam dayandığını güman edir, səksənir, inildəyirdi, üzünü azacıq yana döndərən kimi yenə də ətrafa göz gəzdirib ufuldayırdı; yorğan-döşəyə girməkdən qorxur, oturanda isə onu vahimə basırdı. Məktub istənilən təsiri buraxmışdı. Tom özü bunu təsdiq etdi; o dedi ki, bundan yaxşısı ola bilməz. Bu sübut edir ki, biz tamamilə düzgün hərəkət etmişik. 

İndi isə Tom deyirdi ki, əsas zərbəni vurmaq vaxtı çatmışdır! Səhəri günü, dan yeri sökülməmiş bir dənə də imzasız məktub yazdıq, ancaq bu məktubu necə edəcəyimizi bilmirdik, çünki bizimkilər axşam yeməyi vaxtı demişdilər ki, bütün gecə növbə çəkmək üçün hər qapının yanına bir zənci qoyacaqlar. Tom, kəşfiyyat aparmaq üçün ildırım ötürənlə aşağıya düşdü; azca sonra gördü ki, ehtiyat yolda keşik çəkən zənci yatmışdır, vaxtı itirmədən məktubu onun yaxasına soxub geri qayıtdı. Məktubda deyilirdi: 

"Siz məni ələ verməyin, mən sizin dostunuzam. Hind ərazisindən gəlmiş bir dəstə ən dəhşətli cani bu gecə sizin qaçqın zəncini oğurlamaq istəyir; onlar sizi qorxudurlar ki, siz evdə oturub onlara mane olmayasınız. Mən də həmin dəstədənəm, ancaq Allaha inandığım, qaçaqlığı atmaq və namuslu adam olmaq istədiyim üçün onların bu dəhşətli fikrini sizə xəbər verirəm. Onlar gecə yarı, şimal tərəfdən, çəpər boyunca gələcəklər; onlarda qaçqın zəncinin olduğu daxmaya düşən düzəltmə açar vardır. Əgər onlar üçün təhlükəli bir vəziyyət olsa, mən şeypur çalmalıyam, lakin onlar daxmaya girdikdə mən şeypur çalmayıb, qoyun kimi mələyəcəm. Onlar zəncinin zəncirlərini açan kimi, siz ehtiyatla daxmaya yaxınlaşıb qapını qıfılla bağlayın; sonra onları arxayın-arxayın öldürə bilərsiniz. Siz mən dediyim kimi hərəkət etməlisiniz, artıq heç bir iş görməməlisiniz, yoxsa onlar işi başa düşüb böyük qalmaqal salarlar. Mən heç bir mükafat istəmirəm, namuslu hərəkətim mənə ən böyük mükafatdır. 
Naməlum dost".