Nağıllar, hekayələr

Qara ilan. Azərbaycan xalq nağılı

Belə deyirlər ki, bir bağban varmış. Bu bağbanın gözünün ağıqarası bir oğlu varmış. Bu bağban oğluna yaxşı tərbiyə veribmiş. Bir gün bağban həyətində yer belləyəndə bir qara ilanla ağ ilanın bir-birinə sarmaşıb yatdığını görür. Bağbanın ağ ilanın qara ilanla sarmaşıb yatdığına acığı tutur, o bel ilə qara ilanı vurmaq istəyir, bel ağ ilana dəyir. Qara ilan qaçıb gedir. Bağban ağ ilanı torpağa basdırıb evinə gedir. Bu hadisədən neçə illər keçir. Bağbanın oğlu böyüyür. Onun evlənmək vaxtı gəlib çatır. Bağban kənd ağsaqqallarını yığıb məsləhət eləyir. Ağsaqqalların biri bağbana deyir ki, toy elə, amma ehtiyatlı ol. Gəlini evə salanda qapıda dur, içəri hər adamı buraxma. Bağban toy edir, gəlini gətirəndə qapıda durur. İçəri heç kəsi buraxmır. Qara ilan gəlinin donunun altında içəri keçir. Gecə neçə dəfə istəyir ki, bağbanın oğlunu çalsın, eşikdəki adamların bağbana etdikləri duanı eşidib, oğlanı çalmır. Səhər olur. Həmin ağsaqqal kişi səhər tezdən bağbanın evinə gəlir. Bağbandan soruşur ki, bir hadisə baş verməyib ki? Bağban söyləyir ki, yox. Ağsaqqal deyir:

– Oğlun yatan otağa keçək.

Həmin otağa keçirlər. Ağsaqqal deyir:

– Döşəyi qaldırın.

Döşəyi qaldırırlar, altından qara ilan çıxır. İlan getmək istəyəndə, ağsaqqal onu saxlayır. Soruşur ki, ey Allahın heyvanı, bəs nə yaxşı sən bu oğlanı çalmadın? İlan deyir:

– Bağbanın adamlara elədiyi yaxşılığa görə, oğlunu vurmadım.

Ağsaqqal soruşur:

– Daha bağbanla işin yoxdu ki?

İlan deyir:

– Bağban mənim istəkli sevgilimi öldürüb, mən də onun bircə oğlunu öldürməliyəm.

Ağsaqqal deyir:

– Sənin sevgilini diriltsəm bağbandan əl çəkərsənmi?

İlan deyir:

– Yox. Ağsaqqal səbəbini soruşur. İlan deyir:

– Bu hadisədən on il keçib. Mənim sevgilim həmənki kimi qalıb, mən isə qocalmışam. Ola bilsin ki, o daha məni sevməsin.

Ağsaqqal deyir:

– Səni necə, cavanlaşdırsam bu bağbandan əl çəkərsənmi?

İlan xeyli düşünür. Nəhayət, razılaşır. Ağsaqqal bağbandan soruşur:

– Ağ ilanı harda basdırdığını bilirsənmi?

Bağban deyir:

– Bilirəm.

Həmən yerə gəlirlər. Bağban yeri qazır, ağ ilanı çıxarırlar. Ağsaqqal onu dirildir. Ağ ilan doğrudan da qara ilana nisbətən cavan olur. Ağsaqqal qara ilanı cavanlaşdırır. Hər iki ilan qol-boyun olurlar. Sonra qara ilan ağsaqqalla xudahafizləşib gedir. Özü də söz verir ki, bir də bağbanla işi olmayacaq.

Bağban da ağsaqqala minnətdarlıq eləyir. O gündən bağban şad-xürrəm ömür sürməyə başlayır.