Mina Rəşid. Biz qanadlı əsgərlərik
Qayaları ram edərik,
Keçərik uçurumdan.
Qarşımızda dağ dayanmaz,
Enərik aşırımdan.
Düşmən bir də oyanar ki,
Biz artıq yanındayıq.
Hanı qurduğu istehkam?
Biz heç sədd tanımadıq.
Biz hər yandan yola çıxdıq-
Çaydan, dağdan, meşədən…
Düşməni saldıq tələyə
Çaş-baş qaldı bu işdən.
Biz qanadlı əsgərlərik
Göyümüz var uçmağa.
Düşməni aldıq araya
Yer tapmadı qaçmağa.
Aşdıq Murovu, Şişdağı,
Cıdır düzünə çatdıq.
Şuşada bayrağımızı
Uca zirvəyə taxdıq.
Biz qanadlı əsgərlərik
Heç zaman yorulmarıq.
Gecə-gündüz yurdumuzun
Keşiyində durarıq.