Bu maraqlıdır!

Bakterial xəstəliklər

Bakteriyaların törətdiyi xəstəliklər ən çox yayılmış infeksion xəstəliklərdən sayılır.

 
Bakterial xəstəliklərin sayı çoxdur: angina, faringit, meningit (faringiti virus, meningiti isə virus və birhüceyrəlilər də törədə bilir), skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və s.
 
Bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və intoksikasiyaya (zəhərlənməyə) səbəb olan zəhər (toksinlər) ifraz edir, bununla da müxtəlif orqanları zədələyir. Toksinlər iki cür olur: endotoksinlər və ekzotoksinlər. Endotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılmasından sonra ifraz olunan zəhərdir. Ən təhlükəli endotoksin meningit xəstəliyi zamanı əmələ gələn meninqokokk endotoksinidir. Ekzotoksinlər bakteriyaların həyat fəaliyyəti prosesində ayrılan zəhərdir.
 
Əhalinin sanitar mədəniyyətinin yüksəlməsi, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi, xəstələrlə təmasda olarkən tənzif bağlardan istifadə, əllərin, meyvə və tərəvəzlərin təmiz yuyulması, müvafiq xəstəlik daşıyıcılarının olduğu yerlərin dərmanlanması, vaksinasiya və s. bakterial xəstəliklərdən qorunmanın əsas vasitələridir.
 
Bakterial xəstəliklərin müalicəsində mikroorqanizmlərin inkişafının qarşısını alan və hətta bu hüceyrələri öldürmək qabiliyyətinə malik olan maddələr - antibiotiklər tətbiq olunur. İlk klinik tətbiq üçün yararlı antibiotiki - penisillini 1929-ci ildə Aleksandr Fleminq əldə etmişdir. II Dünya müharibəsi zamanı penisillinin tətbiqi sayəsində əsgərlərin həyatı xilas edilmişdir. Hazırda antibiotiklər insan, heyvan və bitki xəstəliklərinin müalicəsi məqsədilə tətbiq olunur. Lakin antibiotiklərin külli miqdarda və uzunmüddətli tətbiqi mikroorqanizmlərin onlara davamlı formalarının yaranmasına gətirib çıxarır. Ona görə də bütün dünyada, dərman vasitəsi kimi antibiotiklərdən imtina barədə məsələ qaldırılmışdır.
 

Biologiya - 10 dərslik