Mühit amillərinin canlılara təsiri
İşıq, temperatur, hava, rütubət cansız təbiət amilləridir. Bu amillərin təbiətdəki canlılara təsiri müxtəlifdir. Temperatur canlıların böyüməsinə, inkişafına, çoxalmasına, ömrünün uzanmasına təsir göstərir. Əksər canlılar 40-45° C temperatura dözə bilir. İnsan üçün temperaturun 18-20° C olması əlverişli hesab edilir. Bəzi bakteriyalar üçün isə bu temperatur 120° C-yə qədərdir.Yaz-yay aylarında kərtənkələlər, qurbağalar aktivləşir. Havanın temperaturu aşağı düşdükdə isə onlar zəif qidalanır, çoxalmırlar. Havanın temperaturunun yüksəlməsi cücülərə mənfi təsir göstərir. Bitki toxumlarının cücərməsi də temperaturdan asılıdır. Buğda toxumları 2° C temperaturda, qarpız toxumları isə 15° C temperaturda cücərir. Bütün bunlar onu göstərir ki, ilin fəsillərindən, yaşayış yerindən asılı olaraq temperaturun dəyişməsi canlıların həyat fəaliyyətinə təsir edir.
İşıq bitkilərin qidalanması, bəzi heyvanların fəallığı üçün vacib amildir. Yer üzünün əsas işıq mənbəyi Günəşdir. Günəş şüalarının bir qismi canlılar üçün öldürücü təsirə malikdir, yerə gəlib çatmır. Meşələrdə bitkilər işığa olan ehtiyaclarına görə yerləşir. Yuxarıya doğru uzanan işıqsevən bitkilərdir, aşağıda isə kölgəyə davamlı bitkilər bitir. Bitki və heyvanlarda gecə və gündüz həyat tərzinə uyğunlaşma da işıqlanma ilə əlaqədardır.
Bitki və heyvanların çoxu rütubətsevəndir. Qurbağaların çoxalması yalnız su mühitində gedir. Rütubətin çatışmaması bəzi heyvanların gecə həyat tərzinə keçməsinə, səhra gəmiricilərinin, dəvələrin bədənində piyin toplanmasına, bir qrup bitkilərin yayda yarpaqlarını tökməsinə, tısbağaların yay yuxusuna getməsinə səbəb olur.
Göründüyü kimi, bütün canlıların onlara təsir göstərən amillərə qarşı dözümlülük həddi vardır.
24.10.2024