Mamont və Fil
Uzaq Şimalda, okeanın sahilində bir qaya ucalırdı. Qayanın altındakı mağarada iri buz parçasının içində donmuş mamont balası vardı.
Günlərin birində havalar istiləşməyə başladı. Buz parçası əridi və mamont balası ayıldı.
– Ana! – deyə o qışqırdı, amma heç kəs cavab vermədi.
Mamont balası anasını axtarmağa getdi.
Yolda o, ayı balasına rast gəldi.
– Sən kimsən? – deyə ayı balası heyrətlə soruşdu.
– Bilmirəm. Mən anamı axtarıram, sən onu görməmisən?
– Yox, görməmişəm! Gəl morjun yanına gedək. O hər şeyi bilir!
Morj diqqətlə mamont balasına baxdı. Sonra dedi:
– Çox qədim zamanlarda burada belə heyvan yaşayıb, amma sonradan onlar Afrikaya köçüblər.
– Mən də Afrikaya – anamın yanına getmək istəyirəm!
Morj ona Afrikaya gedən yolu başa saldı. Mamont balası morja təşəkkür edib yola düzəldi.
Xeyli yol getdikdən sonra mamont balası Afrikaya çatdı. Burada bir meymuna rast gəldi.
– Sən kimsən? – deyə meymun heyrətlə soruşdu.
– Bilmirəm. Mən anamı axtarıram.
– Mən sənin ananı tanımıram. Gəl begemotun yanına gedək. O hamını tanıyır.
Onlar begemotun yanına getdilər. Begemot mamont balasına baxıb dedi:
– Sən fil balasına oxşayırsan. Filin yanına gedin. O bilər.
Fil mamont balasını görüb təəccübləndi:
– Sən mənə çox oxşayırsan. Amma tüklüsən.
– Mən şimaldan gəlmişəm. Səni çox axtarmışam.
Fil dedi:
- Qədim zamanlarda şimalda mamontlar yaşayıb. Mənə elə gəlir ki, sən mamont balasısan.
- Deməli, mən sənin balan deyiləm? - deyə mamont balası ağladı.
- Ağlama. Əslində, ikimiz də eyni nəsildənik.
Məncə, biz ana-bala ola bilərik.
Mamont balası sevincək qışqırdı:
- Axır ki, mən anama qovuşdum!
Mamont anasına sığındı. Fil də xortumu ilə onu qucaqladı.
Dina Nepomnyaşayanın “Mamont balası üçün ana” nağılı əsasında
06.11.2024