Şeirlər

Aytac Mübarizqızı. Vətən danışır

Bu mənim adımdır, deyirlər- "Vətən!"
Könlümdə həm qürur, həm də qəhər var.
Taleyim qələmdən süzülüb keçən,
Fərəhlərlə dolu həm də kədər var.


İllərin acısı düşür yadıma,
Düşmənlər gözünə oxtək batmışam.
Gözlərim hər gün sərhəddə qalıb,
Otuz il həsrətə ümid qatmışam.

 


İndi yaralarım daha ağrımır
Şəhidlərin qanı sağaltdı məni.
Düşməndən uzaqda nəfəs alıram,
Ölməz ümidlərim yaşatdı məni.


Zirvələrdə dalğalanır bayrağım!
Gücümə güc qatıb poladtək ordum.
Başımı ağrıdan o dumanları,
Çəkibdir, qoruyur qanadtək ordum.


Ey qəhrəman anam! Fədakar anam!
Göndərdiyin oğul çatdı dadıma.
Uğrumda canını qurban edənlər,
Əbədi layiqdir mənim adıma!

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistr tələbəsi