Mina Rəşid. Azad Kəlbəcər
Şəninə dastanlar qoşulan yurdum,
Ən şirin nəğmələr gülünə qurban.
Sinən söz meydanı bulaqtək çağlar
Şirin avazına, dilinə qurban.
Dağların elə bil sirrdi, sehrdi,
Qoynun gülüstandı, çiçəkdən dəniz…
Təpədən-dırnağa bir möcüzəsən,
Suyun can dərmanı, havan tərtəmiz.
Namərdlər köksünü yaraladılar,
Sən düşmən gözünə ox olub batdın.
Şükür bu gününə, yenə azadsan,
Biz yenə qayıtdıq, arzuna çatdın.
Burda hər daş-qaya bir əfsanədi,
Bulaqlar bəstəkar, çöllər ozandı.
İgid oğulların hərəsi bir dağ
Dağ-dağa söykəndi Zəfər qazandı.