Şeirlər

Cəvahir Tanrıverdi. Dovşanın ad günü

Bir gün dostlar yığıldı
Meşədə şam altına.
Dovşangilə gedərlər,
Dedilər, saat altıya.
Axı bu gün Bozqulaq
Dovşanın ad günüdür.
Gözəl günlərdən biri
Dovşanın şad günüdür.
Bəs hədiyyə nə olsun?
Düşündülər, durdular.
Sonra bunu meşənin
Kralına sordular.
Şir çox ağıllı idi,
Bilirdi o çox şeyi.
Söylədi ki, kök alın,
Dovşan sevməz hər şeyi.
Razı qalmasalar da,
Heyvanlar dinmədilər.
Ancaq Şirə nə cavab
Versinlər, bilmədilər.
Şir anladı onları,
Sakit qalsalar belə.
Bildi ki, sözü gedib
Elə havaya, yelə.
Dedi: - Özünüz bilin,
Məndən vermək məsləhət.
Kim nə istəyir, alsın,
Bitsin burada söhbət.

 

Heyvanlar yollandılar
Hədiyyələr seçməyə.
Səmadan Günəş alıb
Torpaqdan gül biçməyə.
Dələ böyük tort aldı,
Üzərində şamları.
Tülkü aldı çil-çıraq
Yandırsın axşamları.
Ayı bir papaq aldı,
Düşündü Dovşan sevər.
Zürafəsə don aldı,
Dovşan əyninə geyər.
Kirpi elə düşündü,
Bir qərara gəlmədi.
Ad gününə hədiyyə
Nə seçəcək, bilmədi.

 

Sevinclə hazırladı
Dovşan əvvəl süfrəni.
Bəzəməyə başladı
Evin hər tərəfini.
Dostları gəldi bir-bir,
Xoş sözlər söylədilər.
Danışdılar, güldülər
Və təbrik eylədilər.
Bircə Kirpi yox idi
Qonaqlar arasında.
Dovşanın gözü qaldı
Qapının arxasında.
Bəs Kirpi niyə yoxdur?
Niyə gəlmir sorağı?
Stullardan biri boş,
Gözləyir o, qonağı.

 

Nəhayət, vaxt yetişdi,
Hədiyyələr açıldı.
Sevincindən dostların
Üzünə nur saçıldı.
Bağlamanı açanda
Dovşan gözəl don gördü.
-Mən don geyə bilmirəm,-
Deyib Dovşan üzüldü:
-Dovşanların tükləri
Elə dondur onlara.
Papağı qoysam başa,
Maneədir qulağa.
Çil-çıraq lazım deyil,
Evim işıqlı olur.
Sizin gəlişinizlə
Qəlbim sevinclə dolur.
Bu an qapıda Kirpi
Belində kök gətirib.
Ən gözəl hədiyyəni
Elə Kirpi yetirib.
Dovşan götürdü kökü,
Kirpiyə - “sağ ol”,- dedi.
Gördü dostlar pərt olub,
Sanki ondan incidi.
Dedi: - Yeməsəm də tort,
Üfürərəm şamını.
Dostlarım, gəlişiniz
Bəzədi axşamımı.
Güldü dostların üzü,
Qaynayıb qarışdılar.
Nənələr nəvələrə
Nağılı danışdılar.