Şeirlər

Esmira Günəş. Ata-ana sevgisi

Anamın laylası gözümdə çətir,
Atamın qoxusu ən gözəl ətir.
Mənə onsuzluğu yaşatma, Allah,
Onlarla birlikdə xoş günlər gətir.
 
Atam əzizləsin yenə hər zaman,
Anam qısqanaraq baxsın kənardan.
Sonra qucağına qaçım anamın,
Başqa nə istərəm axı həyatdan ?
 
Gecələr gözümə çöksün laylalar,
Gecələr gözümdən öpsün laylalar.
Anamın səsindən süzülüb bir-bir,
Yuxuma şirinlik töksün laylalar.
 
Gözümü açanda görüm atamı,
Həyata bağlayar hər bir adamı.
Alnından öpərək dillənib deyər:
“Gəl işə yola sal görüm atanı”.
 
Atası-anası insana qanad,
Atasız-anasız olmasın həyat.
Onların verdiyi bu məhəbbəti,
Yaşada bilməz ki, bizə heç bir yad.