Fikrət Sadıq. Baba-nəvə nağılı
Qocalmışam, qəddim bükülüb, ayağım yorulub,
Gəzirəm yıxıla-yıxıla.
Heyfisilənmirəm yaşıma,
Təki, təki nəvələrim yığıla başıma.
Nəvə-nəvədir, istər qız ola, istər oğul ola,
Təki başıma yığıla.
Halay vurub qaynaşalar dövrəmdə,
Kənardan durub baxım mən də!
Quş olub uçum fərəhimdən qəddim düzələ,
ayağım yeriyə,
eynim açıla.
Əl ağacıma yox,
Nəvəmə dirsəklənib, dikəlim doğrula-doğrula.
Bax, elə möcüzəyə bənzəyir bu!
Bax, elə buymuş elə
"Baba-nəvə nağılı"
Dünya yaranandan indiyədək
Bundan doğma, bundan şirin,
Bir hekayət uydurmayıb insan ağlı.
16.12.2024