“Qarınqulu ayı balası” Bryansk vilayətində
Rusiyanın Bryansk vilayətinin Mqlin şəhər 2 nömrəli orta məktəbində AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin qələmə aldığı “Qarınqulu ayı balası” pyesi əsasında eyniadlı tamaşa hazırlanıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tamaşa məktəbin nəzdində fəaliyyət göstərən “Kolobok” kukla teatrında səhnələşdirilib.
Tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri, texnologiya və təsviri incəsənət müəllimi Tatyana Koşelevadır. V və VI sinif şagirdlərinin kuklalarla hazırladığı tamaşaya əvvəlcə valideyn baxışı keçirilib. Valideynlər tərəfindən yüksək qiymətləndirilən əsər daha sonra məktəbin akt zalında aşağı sinif şagirdləri üçün nümayiş olunub.
Xatırladaq ki, “Qarınqulu ayı balası” pyesi bu il Ulyanovsk vilayətinin tanınmış “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında da səhnələşdirilərək uşaqlara təqdim olunub.
25.12.2024