Nağıllar, hekayələr

Meyxoş Abdullah. Daşlara həkk olunan xoşbəxtlik

- Bura haradır, baba?!


- Şəhidlər xiyabanıdır, oğul!..


- Bəs, bu şəkildəkilər kimlərdir?


- Vətən uğrunda şəhid olan  igid oğullarımızdır.


- Uğrunda nədir, baba?


- Yəni, Vətənə görə, sənə, mənə görə canlarından keçənlərdirlər.


- Niyə bizə görə?


- Ona görə ki,  biz rahat yaşayaq,  sən  rahat böyüyəsən, məktəbə gedib yaxşı dərs oxuyasan, xoşbəxt olasan?


- Mən xoşbəxtəm,  baba?


- Əlbəttə, bala, sən çox xoşbəxtsən.


- Bəs, xoşbəxtlik nədir?!..


-  Bax, Cavid, anan səhərlər  səni yuxudan oyadır,  atanla  salamlaşırsan, nənən üzündən öpür,  öz  isti ocağımızda  oturub  səhər  yeməyimizi yeyirik, - deyə baba, nəvəsini başa salmağa çalışdı. 


- Xoşbəxtlik beləmi olur, baba?


- Əlbəttə, yaxınlar, doğmalar bir yerdə olanda,  uşaqlar  sağlam  böyüyəndə, ölüm-itim olmayanda xoşbəxtlik olur.


- Bəs, buradakıların  balaları yoxdur?! – deyə nəvə başının  işarəsiylə mərmər daşlara həkk olunmuş şəkildəkiləri göstərdi.


- Baba bir qədər köks ötürüb:


- Əlbəttə, çoxlarının sənin boyda övladları, hətta,  nəvələri olanlar da  var.


- Onda, onların balaları, nəvələri xoşbəxt deyillər?!


- Niyə ki, onlar da xoşbəxtdirlər, dövlət onlara qayğı göstərir, himayə edir.


- Axı, onlar səhərlər yerindən duranda ata-analarıyla salamlaşmırlar, babalarıyla gəzməyə getmirlər?


- Onlar şəhid balalarıdırlar, onları hamı salamlayır. Səni evdə təkcə atan-anan, nənən- baban salamlayır, onları isə küçədə, bağcada, məktəbdə hər yerdə hamı salamlayır. Görürsən, onlar necə də xoşbəxtdirlər?


  Nəvə başını aşağı salıb susdu. Baba  hiss etdi ki, cavabı nəvəsini razı salmayıbdır. Odur ki:


- Nə oldu sənə, ağıllı balam, niyə susdun?!


- Baba, kaş, sənin də şəklin onların arasında olaydı. Mən də onların balaları kimi xoşbəxt olaydım...