Mina Rəşid. Topçu Vüsal
Uşaqlar, yaxşı baxın,
Unutmayın bu anı.
"Topçu Vüsal!" eşidib,
Ekrana baxdı hamı.
Oğul deyərəm ona,
Qəhrəman duruşuna.
Düşmənə od yağdıran
O qartal baxışına!
Qonşular xəbər verdi
Vüsalın anasına.
Ana göz yaşlarıyla
Baxdı nər balasına.
Ekranı qucaqladı
Həyəcandan az qala...
-Anan qurban boyuna,
İgid, qəhrəman bala!
Azad oldu Qarabağ,
Zəfər çaldı oğullar.
Topçu Vüsal, Zəfərdə
Sənin də öz payın var.