Şeirlər

Fikrət Sadıq. Bal dadan balış

Allı-güllü nağıldır,
Mənim ipək balışım.
Balışım bal dadır ki,
Yuxuma bal qarışıb.
Qu tüküdür yupyumşaq,

 

Yüngüldür suda batmaz-
Astarı tük keçirtməz,

Üzü sumağı atlas.
Ana-bala butalı
Balış üzünə bir bax!
Qırçın-qırçın kəməri
Qardan təmiz, süddən ağ.


Balışımı kəsibdir.
Kənddəki bibim mənim.


Sevincimdən uçuram,
Quş olub qəlbim mənim.


Gül—bibimin payıdır,
Mənim ipək balışım
İndi bildim ki, niyə
Yuxuma bal qarışıb.